24 Fevral 2018 09:00
10 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də gənc yazar Çinarə Böyükçölün dərc olunmamış “Ruslan” romanından bir hissə.

Doğulduğu andan yaşa dolduqca müxtəlif travmalar, zərbələr və ağrılar yaşayan bir insan heç vaxt xoşbəxt ola, xoşbəxt yaşaya və rahat həyat qura bilməz. O, gec ya da tez daha böyük sarsıntılara məhkum olub məhv olacaq.

Roman iki hissədən ibarətdir. Birinci hissə genetikadan, eyni zamanda psixi pozuntulardan gələn bir ruhi xəstəliyin intiharla nəticələndiyindən, intihara sövq edən səbəblərdən, eyni zamanda yaradıcı enerjinin buna bir başqa səbəb olduğundan bəhs edir. İkinci hissədə isə ölümdən sonrakı dünya təsəvvür olunur ki, bu da tamamən dini inanclardan, dindən uzaq düşüncənin məhsuludur. Yəni, dünya bu qədər bəsit deyil ki, ölüm ilə tamamlansın, onun mütləq bir məntiqi davamı olmalıdır. Romanda intihar edən şəxsin digər dünyada necə yaşayacağından və dünya ilə, eyni zamanda o dünyanın şəxsin yuxuları ilə necə əlaqəli olduğundan bəhs olunur. İntihar edən şəxsin lənətlənməyi və bir daha yenidən doğulmamasından bəhs olunur. Eyni zamanda, bu dünyanı çətin yaşayan birisi heç digər dünyada da rahat və azad ola bilmir...

Teleqraf.com romandan parçanı oxucuların müzakirəsinə verir:

RUSLAN

I fəsil

***

– Hər vaxtın xeyir, dostu.

– Aqibətin xeyir.

– Əmim evdədi?

– Yox. Nolub ki?

– Dostu, mənə bir Məmməd pul verə bilərsən?

– Bir Məmmədi neynirsən, ay Ruslan?

– Dükan var e, məhlənin aşağısında, Qafar əminin dükanı. Orda çoxdandı bir şey satırlar. Tapança. Su tapançası. Güllə ilə olandan deyil, heç həqiqi də deyil e, dostu. Qafar əmi onu çoxdandı elə bir Məmmədə satır...

– Həə... Gözlə görüm.

Ruslanın baxışları heç gözləmədiyi anda üzünə qəfil örtülən taxta qapının paslı əlcəyinə ilişmişdi, gözləri yol çəkirdi. Anasının sözlərini xatırlamışdı. Anası demişdi ki, get əmin arvadından al, ona yumurta satmışam, üç Məmməd verəsidi. Sonra da bərk-bərk tapşırmışdı ki, yumurtanın adını tutma ha! Ayıbdır, elə bilər, səni əmingilə puldan ötrü göndərmişəm. Sonra yarı yoldan çağırıb geri qaytarmışdı, təzədən bir də tapşırmışdı ki, bax ha, əmin evdə olmasın. Bizə acığı tutar.

Əmisinin evdə olmadığına əmin olmağı Ruslan özü də özlüyündə yəqin eləmişdi. Çünki xasiyyətinə bələd idi. O, həddən ziyadə simic, qaşqabaqlı, acıqlı və Ruslanın təbirincə düşmən adam idi. Ruslan elə bilirdi ki, əmisi kimi simic, qaşqabaqlı, adamayovuşmaz, acıdil olan bütün adamlar düşməndir, onlar dost ola bilməz, onlara söz demək olmaz, hətta yanlarından keçəndə “hər vaxtın xeyir” də demək təhlükəlidir. Adama elə baxar, bağrın çatlar. Nolsun ki, əmisidir. Elə əmisidir deyə daha çox qorxurdu, bu adamın niyə məhz onun əmisi olduğuna acığı tuturdu.

Bir dəfə evdə anasıgil dalaşanda Ruslan eşitmişdi ki, əmisinin dəlilik kağızı var, ona görə heç kim baş qoşmur. Kimisə vurub öldürsə, heç türməyə salan da olmayacaq, ölənin qanı gedəcək. Bunu Ruslanın anası atasının başına qaxınc eləmək üçün demişdi. Gecələr yatanda qarabasma kimi əmisinin qırışdan bürüşmüş qaranlıq üzü yuxusuna girirdi. Ən çox da qızdırma onu aparanda əmisinin qapı əlcəyinə bənzər paslı üzü gözlərinin önündə böyüyür, böyüyür, qəfil kiçilir, sonra yox olurdu.

Ruslan bu düşüncələr içərisində utandığından puçur-puçur tər tökmüşdü, uzun saçları tökülmüş peysəri suya batmışdı, kürəyinin tam ortasından üzüaşağı tər damcısı diyirlənirdi. Az yaşı yox idi ki, artıq ikinci sinifi bitirmək üzrəydi. Müəllimlərindən biri onun əlində su tapançasını görsə, nə deyərdi? Su tapanaçası ilə görmək bir yana dursun, onu bu örtülü qapı ağzında bir Məmməd gözlədiyi halda görsələr, acıqlarına gəlməzmi, onu danlamazlarmı? Sinif yoldaşları onu bir Məmməd üçün əmisi arvadına ağız açdığını görsələr, lağ eləməz, ələ salmazlarmı? Deməzlərmi ki, ay Ruslan, elə sənin cırıq dəftərlərinə, sınıq qələminə yaraşır? Ruslanın ürəyi sərçə qanadları kimi pırıldayır, evlərinə cummaq, atılmaq istəyirdi, eynilə tapança - həqiqi tapança gülləsi kimi. Amma qəfildən içəridən əmisinin pıçıltılı, buna baxmayaraq, olduqca kobud və vahiməli səsini eşidib dik atıldı, elə bil sinəsindən güllə yarası aldı. Bu səs sanki, əmisinin üzü, qırışları, zəhmi idi, gəlib düz Ruslanın gözünün qabağında dayanmışdı. Qolları, barmaqları, çənəsi, dişləri kilidlənmişdi. Tərləmiş bədəni soyuqdan buza dönmüş halda yarpaq kimi əsirdi.

Əmisi arvadının qorxudan yumşalmış və obrazlı, pıçıltılı yalvarışları eşidilirdi:

– Ay Xoşu, qurban olum, əyağının altda ölüm, əsəbiləşmə. Uşağa demişəm ki, əmin evdə yoxdu, bu saat eşidəcək. Yəqin, anası borca görə göndərib. Keçən dəfə yumurta almışdım axı, üç Məmmədlik. Yüz faiz onu bəhanə edir. Yoxsa, Ruslan hara, tapança hara, bilmirsən, oxuyan uşaqdı, onun nəyinə gərək? Sən balamın canı, Xoşu, hirslənmə. Ver üç Məmmədi, aparım verim gədəyə, sənin də canın qurtarsın, mənim də.

Ruslan qorxmaqdan başqa bir az da heyrətlənmiş, təəccüblənmişdi. Axı heç üç Məmmədin adını çəkməmişdi, heç eyham da vurmamışdı, əmisi arvadı bunu hardan uydurdu? Axı anası da üç Məmmədi nəzərdə tutub göndərməmişdi. Əmisinin evdə olmadığını dediyinə görə isə bu dəqiqədə Ruslan əmisi arvadına əmisindən daha çox nifrət edirdi. Ürəyində bu sözlər gurultuyla döyünürdü: yalançı, ikiüzlü! Anam heç vaxt sənin kimi eləməzdi. Qoy elə əmim səni öldürsün, buna görə də türmədə yatmasın. Amma yenidən eşitdiyi səs onun bütün bu heyrətdən donmuş beynindəki fikirləri darmadağın elədi:

– Apar ver, soxsun gözünə!

Ruslan gücü gəldikcə, var gücü ilə qaçırdı. Ayaqlarına heç vaxt hiss etmədiyi bir güc gəlmişdi. Daha qaçanda mədəsində duyduğu küt ağrını hiss eləmirdi, nəfəsi də təngimirdi. Daş-kəsəkli, əyri-üyrü yolu üzüaşağı qaçdıqca, ürəyində heç kimi yox, özünü danlayır, yamanlayırdı. Üstü açıq rezin ayaqqabıdan dolan toz ayaq barmaqlarını buladıqca, yerdən qopan xırdaca çınqıllar barmaqlarını əzdikcə Ruslan daha da sürətlənir, sanki, uçurdu. Özünü göydəki quzğun kimi hiss edirdi.

Ruslan ilk dəfə idi nəyəsə, kiməsə etiraz edirdi. İlk dəfə idi ki, doğru bildiyi hərəkəti edirdi, özbaşına və icazə almadan. Buna görə də bütün kədərinə, sarsıntısına və üzüntüsünə rəğmən, ürəyinin lap dərinliyində qəribə xoşbəxtlik, qələbə, böyümə işartısı, sevinci duyurdu. Dodaqları kədərdən aşağı çevrilmək istəyərkən, bu hiss onları yuxarı, gülümsəməyə doğru dartmağa çalışırdı...

(ardı var)


Müəllif: Çinarə Böyükçöl