25 Fevral 2018 21:12
15 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də Ümid Nəccarinin yeni şeirləri

Teleqraf.com təqdim edir:

***

Əqrəblərin quyruğu

Qapıları bağla gecələrin üzünə!

Gözlərimdə qaranlıq daşıyıram

və şamların qaranlıq tərəfindən

bax yoxsulluq ölkəsinə.

Gözyaşı gecələrə üsyandır…

Saatların əqrəbləri

əqrəblərin quyruğudur!

sancır sabahlarımızın kürəyini.

Ona görə,

mənə fərqi yoxdur, yox olam, yoxsa yuxu.

Təkcə lüğət dairəmdə

“necəsən” kəlməsi yoxdur.

Gəl sən də soruşma!

Gəl sən də bu gecə sənliyini at!

Sənsizliklə bərabər,

keç mənliyin bu dünyasına!

Düyün vur işıqları, açılmasın bir daha!

Bir daha da,

polislərə zəng etmə!

Özündəki fərarini qaytara bilməzsən.

Lap yuxarıdan birisi gəlsə də,

zindandan azadlığa çıxara bilməz qucağını!

Vətəndən bizə qalan,

Dibçəkdəki bir ovuc torpaq…

Yuxularda bir Ay qaldı, bir də ayna.

Salam qarnı ac qaralar…

Afrikanı gecə yarısı yaratdı tanrı

və bir əl boyda çörək oldu dünya…

Ayaqqabların altındakı dəliyi unut!

Və dəsmalını çıxar,

sil utanan günəşin alın tərini!

Hörmətli şairlər, sizinlə deyiləm,

qoşmalarınıza davam edin!

***

Bir gün paltarlarımı dəyişib,

Ağac şəklində

Kölgəmlə küləyə dönsəm...

Bir gün gözlərimi qaranlığa atıb, gecəyə çevrilsəm,

O zaman gözlərimə,

Gecəyə yaxşı bax!

Gecənin içində gizlənir otaqların işığı…

İşıqlardan boylanan sabahlara

Və balkonlarda asılan ağ köynəklərə yaxşı bax!

Sabahlara yaxşı bax!

Ümidlərimizi quşların qanadına bükürüksə gecələr…

Olsun!

Bir məktub gözləyirik göy üzündən

Ki olsa-olsa, bir səhər yuxudan duranda

Bizə tərəf bir əl uzansın.

Əllərdən bir ev tikilsin...

Əllərdən biri sən olasan,

Əllərdən biri mən olam.

O zaman məktublara yaxşı bax!

ikimizə yaxşı bax!


Müəllif: Teleqraf.com