3 May 09:00

Oxucuları maraqlandıran suallardan biri də budur ki, görəsən, şair sevilən şeirini kimə həsr edib, yaxud onu necə və harada yazıb.

Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsinin budəfəki hekayәtçisi şair, jurnalist Elçin Mirzəbəylidir.

O, “Kabus qatar” şeiri haqqında danışır:

“Azərbaycan mətbuatının 135 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Kabus qatar” adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.
Beləliklə, “Kabus qatar” şeirim belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim”.

Nisgil var gecənin qaranlığında,

Sükuta bürünüb Bakı vağzalı…

Gözlərim yol çəkir yol ayrıcında…

İçim başdan-başa gözləmə zalı…

Uyuyur saçımda izi illərin -

Bir kövrək baxışa, sığala möhtac.

Dolaşıb kələfi xatirələrin -

Üfiqlər dolanbac, yollar dolanbac…

Dünənə aparan yollar uzaqda,

Qapısı bağlıdır hələ yolların…

Dayanıb sakitcə dayanacaqda

Yolunu pusuram ayrılıqların…

Sükuta bürünüb vağzal,

Sükuta…

Bir dil istəyirəm dindirə məni…

Bir əl istəyirəm əlimdən tuta

Ağdam qatarına mindirə məni…

…Saata baxıram:

«Hələ vaxta var…»,

Bələdçi perronda kölgə tək susur...

Gözümdə yol gəlir bir kabus-qatar

İçimdə yol gəlir həsrət kabusu…

«Bələdçi, bələdçi!

Niyə donmusan?

Danış!

Din!

Cavab ver!

Açılsın səsin!

De, «qatar Ağdama gedir…»

De, qardaş…

De, «yanlış yazılıb «Gəncə» lövhəsi».

…Bələdçi biletə baxır sakitcə,

…Bələdçi nə bilsin içimdə nə var?

Lövhədə «Gəncə»di,

biletdə «Gəncə»,

Gözümdə…

«Ağdama gedir bu qatar».

…Bu qatar Gəncəyə gedir…

Gəncəyə…

Bəlkə də Ağdama gedib nə vaxtsa.

Bəlkə bir iz tapdım, «təsəlli», - deyə

Dəhlizə boylansam, kupeyə baxsam…

...Kupe də bənzəyir həmin kupeyə,

Dəhliz də bənzəyir, pəncərələr də...

Elə bu qatarla, elə bu yolla...

Qaçmaq istəyərdim xatirələrdən.

Kupedə sükut var...

Bu dəli sükut

Bir yetim təsəlli yoğura bilmir...

Kirpiyim altında titrəyən bulud

Bir damla göz yaşı doğura bilmir.

Xatirə qoxuyur aldığım nəfəs...

Hayqırır geri dön, geri dön, Rəşad!

Mənə divan tutur içimdəki səs:

“Bu qatar Ağdama getmir, en, Rəşad!”.

...Siqaret tüstüsü dolur gözümə

Dumana bürünür xatirələrim.

Hardasan, ey mənim itkin qatarım?!

Hardasan, ey mənim qərib şəhərim?!

…Hər gecə Ağdama bir qatar gedir

Ayrılıq daşıyır…

Qayıtmır geri…

Hər gecə Ağdamdan bir qatar gəlir -

Didərgin ruhlardı sərnişinləri…

Didərgin ruhlardı sərnişinləri….


Müəllif: Xəzər Süleymanlı
Загрузка...