17 Aprel 16:41
716

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi növbəti qastrol səfərinə hazırlaşır.

Belə ki, üç xarici teatr ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq aprelin 19-dan 30-dək sənət ocağının yaradıcı heyəti Tbilisi, Vladiqafqaz və Çeçenistanın Gənc Tamaşaçılar teatrlarında qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, səfər çərçivəsində gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim ediləcək.

Həmçinin qastrol çərçivəsində teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən mayın 5-7-də Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın “Сказка о золотом скакуне”, mayın 19-21-də isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı L.Titova və A.Starotorjskiyin “Королевская корова” tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindirəcək.

Aprelin 20-dən – 27-dək isə teatrın başqa bir yaradıcı qrupu daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə ölkəmiz təmsil olunacaq.

Məlumat üçün bildirək ki, teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb.


Müəllif: