26 Aprel 2017 15:30
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gerçək aşıqdan söhbət gedirsə, onların poetikasında qadın, qız, xanım, zənən problemi, sorunu heç vaxt olmayıb.

Bu fikirləri Teleqraf.com-un başlatdığı “Aşıq ədəbiyyatı” polemikasına qoşulan şair Xanəmir Telmanoğlu ddilə gətirib.

“Biz qoşma, gəraylı, təcnisi ancaq texnik olaraq son yüz ildən artıqdır ki, aşıqların adına yazırıq. Gerçək aşıqdan söhbət gedirsə, onların poetikasında qadın, qız, xanım, zənən problemi, sorunu heç vaxt olmayıb. Bu saydığım anlayışlar insan ruhundan və batini aləmindən qurtulmuş, özünü dünyanın köləsi bilən, adı sadəcə aşıq çağırılan kəslərin tələbatı və ehtiyacına çevrilib”.

Şairin sözlərinə görə, aşıq ədəbiyyatındakı aşınmalara Sovet dövrü təkan verib:

“Sovet dövründə də bir çox şairlərimiz və eləcə də aşıqlar sürüsü eşq fəlsəfəsinə dayanan bu anlayışın sadəcə texnik tərəfindən sui-istifadə edərək qələmə sarılmış, hətta Lenini, partiyanı, şanlı Moskvanı, kolxoz quruculuğunu vəsf etməkdən özlərini heç cür saxlaya bilməyiblər”.

Amma gerçək aşıqlıq məsələsinə şairin mövqeyi bir qədər fərqli olub:

“Gerçək aşıqlar sufilər olublar. Onların lüğətində qadınla bağlı kəlmələr də simvolik məna daşıyıb. Yəni o kəlmələrdən vasitə kimi, başqa mənaları üzə çıxarmaq üçün bir “tranplin” olaraq istifadə ediblər. Nə zaman ki, o poetik energetikadan ayrılma, uzaqlaşma başladı, o zaman da aşığın özüylə mücadiləsi unudulub, gördüyünə sarmaş-dolaş sözlər qoşması çayır kimi ətrafı sarıb-sarmaladı. Bizdə ümumiyyətlə, aşıq şeiri, aşıq ədəbiyyatı yanlış izahalara, yozumlara və təbliğata əsaslandırıldı. Digər tərəfdən, Molla Pənah Vaqif, Qasım Bəy Zakir… və digərləri sayəsində başlanan aşıq ədəbiyyatından yanlış yerə yararlanan dönəmi ilə bir zamanlar simvol kimi işlənən bədii-poetik qatdakı elementlər, real zəminə və obyektə oturdularaq başqa bir macəraya doğru yönəldildi. Ozançılıqla başlayıb Aşıqlıqla orta əsrlərə qədər davam edən aşıq şeiri öz ritorikasında zamanla, tarixi gedişatla bağlı olaraq erotik burulğanla üzləşdi. Çünki təriqətlər tənəzzülə uğramağa başlamış, Rusiyanın böyük işğalçılıq cəhdləri ilkin olaraq bu təriqətləri dağıtmağa yönəlməklə, elə ədəbiyyatımıza da öz ağır pəncəsini basmalı oldu. Bizim müqəddəratımıza basılan bu pəncə and kimi deyil, əzmək kimi nəzərdə tutulmalıdır. Rusiyanın Azərbaycanı işğalı eşq fələsəfəmizi də bu anlamda erotik-dünyəvi istiqamətə köklədi. Sizin dediyiniz o qadın, xanım, azyaşlı qız qızdırması da freydist bir qaynaq deyil, arxetip olaraq əzilən bir millətin, toplumun işğalçı bir millət, güc tərəfindən (bir xalqın taleyinin azyaşlı qızlar şəklində) zorlanmasından başqa bir şey deyildi”.

Nərmin Muradova


Müəllif: