28 Aprel 2017 10:29
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi tənqidlərdən nəticə də çıxardıram. Amma bu, o demək deyil ki, tənqid edənlərin əksəriyyəti düz deyir. O da var ki, tərifləyənlərin də bəziləri tamaşanı, orada iştirak edənləri nəzərə alıb tərifləyir.

Bu sözləri Teleqraf.com-a Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Anar Heybətov Kefli İsgəndər rolunun birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

Tədbirlərin birində qarşımıza çıxan aktyorla necə deyərlər, “atüstü” söhbət etdik.

- Bu yaxınlarda əməkdar artist fəxri adına layiq görüldünüz. Nələr dəyişdi həyatınızda?

- Sevindirici haldır. Qəribə hiss yaşadım, məni bu ada layiq görən hər kəsə təşəkkür edirəm. Həyatımda xüsusi dəyişiklik olmadı. Amma məsuliyyətim daha da artdı.

- Təklif olunan rolları çoxmu çərk-çevir edirsiniz? Yoxsa nə təklif olunur oynayırsınız?

- Seçmirəm. Teatrda bu mümkün deyil. Tapşırılan rolu ifa etməlisən. Amma film və serialda sənə uyğun olmayan roldan imtina etmək lüksun var.
- Bəs rejissordan xahiş etmisinizmi ki, canlandırmaq istədiyiniz obrazı sizə həvalə etsin?

- Yox, heç vaxt. Rejissor aktyoru hansısa obrazda görüb, dəvət edir. Mən heç vaxt xahiş etməmişəm.

- Səhv etmirəmsə, teatrda son işiniz “Ölülər” tamaşasında Kefli İsgəndər rolu idi. Yeni mövsümdə sizi hansı obrazda görə biləcəyik?

- Bir tamaşa olmalıdır. Amma bu, hələ dəqiqləşmədiyinə görə bir söz deyə bilmərəm.

- Həm “Ölülər”, həm də sizin Kefli İsgəndəriniz birmənalı qarşılanmadı.

- Sizə deyim, “Ölülər” tamaşasındakı rolumun birmənalı qarşılanmaması məni sevindirdi. Tərifləyənlər də, tənqid edənlər də oldu. Mən tənqid edənlərə təşəkkürümü bildirirəm. Bəzi tənqidlərdən nəticə də çıxardıram. Amma bu o demək deyil ki, tənqid edənlərin əksəriyyəti düz deyir. Tərifləyənlərin də bəziləri tamaşanı, orada iştirak edənləri nəzərə alıb tərifləyir. Cəlil Məmmədquluzadənin yaradıcılığını dərindən bilən İsa Həbibbəyli bizim tamaşanın məsləhətçisi idi. Həm tamaşa, həm də orda ifa etdiyim rolla bağlı İsa müəllimlə ayrıca söhbətlərimiz olub. Düşünürəm ki, o bizdən razı qalıb, çünki bir neçə dəfə tamaşaya baxmağa gəlib, sonra da səhnə arxasına gələrək bizi təbrik edib, xoş sözlər deyib.
- Baş rolu aldığınız “Sən olmasaydın. Qisas” serialın bu mövsüm bitməsi ilə bağlı xəbərlər yayılıb. Nə dərəcədə doğrudur?

- Gələn mövsüm də serialın davam etməsi gözlənilirdi. Amma güman edirəm ki, bu mövsümün sonunda serial bitəcək.

- Seriallarda çəkilən bir aktyor kimi bu sahədə inkişafı görüb, hiss edə bilirsinizmi?
- Tam inkişaf edib deyə bilmərik, özümüzü aldatmış olarıq. Amma nə yaxşı ki, var, çəkilirik. Yaxın gələcəkdə bizim seriallar da qonşu ölkələrdəki serialların səviyyəsinə çatacaq. İndi səhvlərimizi görə-görə inkişaf etməyə çalışırıq.
- Öz serialınızdan başqa hansı seriala baxırsınız?

- Serialımızın çəkilişləri səhər saat 9-dan başlayıb, axşam 10-a kimi davam edir. İnanın, heç öz serialımıza baxa bilmirəm. Vaxt tapan kimi internet üzərindən baxıram ki, səhvlərimi görüm. Ondan başqa “Vicdan haqqı”, “Məryəm” seriallarının bir neçə seriyasına baxmışam.

- Kommersiya filmlərində çəkilmək istəyirsinizmi? Elə bir təklif varmı?

- Bir-iki təklif var. Reallaşsa, görəcəksiniz.

- Komediya yoxsa...

- Yoxsa... (gülür)

Nərmin

Foto: Nurlan


Müəllif: