11 May 20:10

“Stalinin başı” haqqı! - Kinofon

Uzun zamandır məni və kino ilə maraqlanan əksər insanları düşündürən bir mövzu var. Niyə bu gün Azərbaycanda çəkilən istənilən mövzulu komediyalar baxılır, lakin ciddi mövzulu filmlər uğursuzluğa düçar olur? Ən yaxşı halda isə komediyaların baxış sayının yarısı qədər baxış yığa bilir?!. Məsələn, keçən ay, zənnimcə, çox lazımsız zarafatları ilə yadda qalan “Hozu” filmi baxıldı. Lakin kinomuzun bəsit komediyaların içində çapaladığı bir zamanda dedektiv triller janrında çəkilən və əslində uğursuzluğa layiq olmayan “Sara” baxılmadı. Əgər problem filmin ciddi mövzuda çəkilməsi idisə, bəs niyə bu gün “Xənnas” və “Don Marleone” baxılır?!. Adını çəkdiyim bu iki film mənim növbəti hədəflərimdir, hələliksə, qayıdaq məsələnin, daha doğrusu, “Stalinin başına”...

Əslində, azdan-çoxdan “Bozbaş Pikçers”dən tanıdığım personajlardan ən çoxu televiziya səviyyəsində bir film gözləyirdim. Lakin bu komanda məni yanıltdı. Gözləntilərimin əksinə, son zamanlar baxdığım komediyaların içərisində “Bayram axşamı”ndan sonra ən yaxşı KİNO mənim üçün “Stalinin başı” oldu.

Biblioqrafiya

Həmişə olduğu kimi bu dəfə də filmin qısa məzmununa nəzər salaq. Deməli, hamımızın ATV telekanalının efirində yayımlanan “Bozbaş Pikçers” telelayihəsindən tanıdığımız 6 obraz - Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Ağsaqqal (Azər Baxşəliyev), Qılman (İlkin Misgərli), Şirin (Nicat Rəhimov) – hamı bir nəfər kimi həbsxanadadır. Orada onlar lağım ataraq, qaçmaq planı qururlar. Lakin onlar tunel qazarkən, torpağın altından Stalinin başı əks olunan köhnə qəlyan - onların dili ilə desək, “trubiçka” və bir məktub tapırlar. Məktubdan məlum olur ki, bu qəlyan, əslində, Gürcüstanın Qori şəhərində gizlədilən Stalinin xəzinəsinin açarıdır. Onlar həbsxanadan qaçıb bu açar vasitəsilə xəzinəni açıb varlanmaq istəyirlər.

Komik macəra janrında olan filmin rejissoru Emil Abdullayevdir. Filmin məzmunu baş rolunda Mister Bin kimi tanıdığımız Rovan Atkinsonun çəkildiyi “Siçovul qaçışı” filmini xatırladır. Bu filmdə də 6-7 nəfər min bir yolla bir-birinə maneələr törədə-törədə, komik situasiyalara düşə-düşə 2 milyon dollarlıq xəzinə əldə etmək üçün əllərində açarla Las-Veqasdan Nyu-Meksikoya yola düşürlər. Yolda başlarına gələn komik macəralar filmin süjet xəttini canlandırır.

“Stalinin başı” filmində gördüyümüz kimi, tunel qazaraq, həbsxanadan qaçanların azadlığa çıxar-çıxmaz əfv olunduqlarını öyrənmələri məsələsi isə mənə eynilə bu hadisənin təsvir olunduğu “Maskalı beşlik” filmini xatırladır. Amma bu xatırlatmaları normal qarşılayıram, gör-götür dünyasıdır.

Kompleks analiz

Film həbsxanada başqalarının alt paltarlarını yumaqla məşğul olan Şirinin ona paltar gətirən bir məhbusla “kişiyana” dialoqu ilə başlayır. Ümumiyyətlə, Nicatın istedadına ATV-nin efirindən bələdəm, lakin düşünürəm ki, film tam uyğun adamla - amalı ilə əməli düz gəlməyən Şirinlə yerində açılış edir.

Hadisələrin paralel inkişafı, ziddiyyətlərin dinamikası filmin önəmli xüsusiyyətlərindəndir. Bir-birindən gizli yollarla həbsxanadan qaçan 6 personajın hərəsinin fərqli bir məkana gəlib çıxması da kadrların rəngarəngliyini təmin edir. Məsələn, Şəmi və Şöşü Bakı Sirkinin kulisindən, Fəlakət hava limanından, Qılman rus qəbrindən çıxır.

Məqsədə çatana qədər personajların başına müxtəlif komik hadisələr gəlir. Məsələn, qəfildən gözünü xərəkdə, təcili yardım maşınında açan Şirin tibb bacısının onun damarına iynə vurduğunu görür. “Bu zibili güclə tərgitmişdim axı…” - deyə şikayət edən “Şirinvari” replikalar həqiqətən adamı güldürür.

Reklamlar

Rejissor, operator, aktyor və ümumilikdə kinonun ərsəyə gəlməsində zəhməti olanların təqdimatı da maraqlı idi. Qara fonda yazılan ağ hərfləri oxumağa hamının səbri çatmır. Amma “Rahat” marketdə alış-veriş edən yaradıcı heyətin həm özlərini, həm də sponsor kimi istifadə etdikləri marketi bu cür məqsədli şəkildə reklam etmələri ağlabatandır. Ümumiyyətlə, kinoda reklam hissələri ustalıqla işlənib. Səhv etmirəmsə, Toro restoranından ağsaqqal yemək sifarişi verir. Şirkətin loqosunun əks olunduğu motosikletdə yemək gətirən gənc ağsaqqalın sözünə aldanıb yeməyi evə qaldırmaq üçün nəqliyyat vasitəsini tərk edir. Bu zaman ağsaqqal motosikleti oğurlayaraq, Qoriyə yola düşür. Beləliklə, kadrda tez-tez loqosu görünən şirkət yaxşıca reklam olunur. Digər bir reklama yanaşma forması isə belədir. Məzar başında ağlaya-ağlaya ürək sözlərini dilə gətirən bir qadının monoloqunda bu sözlər eşidilir: “…Anatoli, bacılarından əvvəl Paşa həyat sığorta gəldi, sığorta pulunu ödədi…”

Nüanslar

Son zamanlar çəkilən filmlərə nəzər salsaq, mövzularda oxşarlıqlar taparıq. Bir-birini bəyənməyən “kino çəkənlər” əslində elə bir-birindən ilhamlanırlarmış. Məsələn, “Oğlan evi” və “Stalinin başı” filmlərinin əsasını - oğurluq, “My Name is İntiqam”, “Hozu” filmlərinin əsasını isə - kənddən şəhərə gələn şəxsin macəraları təşkil edir. Yeni mövzulara ehtiyac var.

Filmdə qəbr üstündə “Anatoli, dur…”- deyə ah-nalə edən qadının qəfildən qəbirdən birinin çıxmağa çalışdığını görməsi və qorxaraq, qaçması komediyaya lazım olan yaxşı tapıntılardan idi. Təbii ki, qəbirdən çıxan Anatoli yox, yolda Anatolinin çürümüş paltarlarını geyinən və meyitin qızıl dişlərini oğurlayan Qılman idi. Komediyaya belə komik nüanslar qatmaq vacibdir.

Yekun

Filmin xoşuma gələn cəhəti ssenarinin bayağı yox, 90% saf zarafatlar əsasında yazılması, yəni bu tip zarafatların “çirkli” zarafatlara nisbətən üstünlük təşkil etməsidir. Sonda 1 manat da olsa pul əldə edə bilməyən personajlardan Şirinin “Bizə nə qaldı” sualına, Şəminin acıqla “Stalinin başı!” – deyə cavab verməsi filmin adını doğruldur. Rejissor quruluşunda layk olunası məqamlardan biri lazımsız epizodların demək olar ki, olmaması və tamaşaçıda formalaşdırdığı hər suala cavab verməsidir.

Filmin ortalarında ümumi planda yolu gördüyümüz kadrda bir-bir personajların – “Hammer”də Fəlakətin, motosikletdə ağsaqqalın, sirkin maşınında Şəmi ilə Şöşünün, taksidə çemodanın içində Qılmanın və ən sonda onları izləyən polislərin sıra ilə keçidi yaxşı tapıntı idi.

Filmin guya “gözlənilməz sonluğu”nu isə az əvvəl qeyd etdiyim kimi, “Siçovul qaçışı” filmində gördüyüm üçün final mənə gözlənilməz olmadı. Eynilə orda da, filmin qəhrəmanları xəzinəyə çatıb varlandıqlarını düşündüyü an, tutulurlar, lakin pul əvəzinə sadəcə “quru” təşəkkür və lazımsız mükafatlar əldə edirlər.

Əslində, filmə baxmazdan öncə “Bozbaş Pikçers”dən aldığım təəssüratlara əsasən çox tənqidi bir yazı yazacağımı düşünürdüm. Lakin bayağı zarafatlardan, şit atmacalardan nisbətən uzaq, komik replikalarla çəkilmiş bir film idi, nə yalan deyim? Stalinin başı haqqı bəyəndim!..

Könül Əlibəyli


Müəllif: