15 May 2017 14:36
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayeva ünvanladığı məktubda Opera və Balet Teatrından şikayət edib. O verilişinə dəvət etdiyi Opera və Balet Teatrının aktyorlarının rəbhərlik tərəfindən qadağaya məruz qalmasını və hətta şantaj olunduğunu qeyd edib.

Teleqraf.com məsələ ilə bağlı teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva ilə əlaqə saxlayıb.

- Elnarə xanım nazirə ünvanladığı məktubda müəllifi olduğu “Xanımlar və cənablar” proqramına “Arşın mal alan” tamaşasının yaradıcı heyətini dəvət etməsi ilə sizdən icazə aldığını, amma sonra Tamara Eyvazovanın buna mane olduğunu iddia edib.

- Elnarə xanım şənbə günü mənimlə əlaqə saxlayıb, “Arşın mal alan” tamaşasının yaradıcı qrupunu verilişə dəvət etmək arzusunda olduğunu bildirdi. Mən ona aktyorların əlaqə nömrələrini təqdim etdim. İcazə vermək mənim səlahiyyətimdə deyil. O, arzusunu bildirəndən sonra mən işdə olmadığıma və şənbə günü olduğuna görə aktyorların özləri ilə danışmalarını dedim. İstirahət günü olduğuna görə mən bunu direktora bildirməmişdim. Düşündüm ki, etiraz etməyəcəklər. Bir şərtlə ki, hamı üçün münasib vaxt təyin olunsun.

Verilişin çəkiliş günü ikinci günə - yəni may ayının 16-sına təyin olunub. Toma (Tamara –red.) xanım isə həmin gün aktyorların başqa tamaşada orkestr məşqi olduğunu bildirib, məhz bu səbəbdən də aktyorların çəkilişdə iştirakını məqbul hesab etməyib.

Elnarə xanım əsaslandırırdı ki, aktyorlar çəkilişdən tez çıxıb məşqə çata bilərlər. Amma bu vokaldır. Birincisi, yubanma ola bilərdi, orkestr məşqində 80 nəfər orkestr, 50 nəfər xor artisti, eyni zamanda solistlər olur. Bir neçə nəfər solistin gəlməməsi kollektivin işinin pozulması deməkdir. Ona görə də biz Elnarə xanıma təklif etdik ki, çəkilişi başqa vaxta keçirtsin. O, bununla razılaşmayıb, çəkiliş vaxtını saat 13:00-dan 12:00-a müəyyənləşdirdi. Toma xanım bununla da razılaşa bilməzdi. Məsələ ondadır ki, vokalçının nəfəsi darala-darala məşqə gəlib, musiqi ifa etməsi çətindir. Toma xanım 50 ildir ki, teatrda işləyir. Və o bu proseslərin necə getdiyini çox yaxşı bilir.

- Amma həmin gün məşqi olmayan üç aktyorun da verilişdə iştirak etməsinə icazə verilməyib.

- Elnarə xanım, səkkiz nəfər iştirakçını verilişə dəvət edirdi. Tamaşanın əsas iştirakçıları İnarə Babayeva, Fərid Əliyev, Tural Ağasıyev, eyni zamanda rejissor Hafiz Quliyev “Sevil”in məşqinə görə verilişə gedə bilməyəcəkdi. Bir nəfər iştirak etmirsə, deməli, çəkiliş baş tutmur. Burda incikliyə, şikayətə səbəb olan heç nə yoxdur.

- Teatrın direktorunun verilişdə iştirak etməsi ilə bağlı qadağası olubmu?

- Teatr rəhbərliyinin məsələdən xəbəri belə yox idi. Mən Elnarə xanımı mədəni şəkildə başa salmağa çalışdım ki, teatr aktyorların əsas iş yeridir. “Sevil” operası ayın 17-də oynanılacaq deyə 16-sı məşq təyin olunub. Məşqi ləğv edib, televiziya çəkilişinə getmək olmaz.

- Elnarə xanım bildirir ki, mayın 14-də Opera və Balet Teatrının teatrının rəhbərliyi iclas edib və bütün aktyorların “Xanımlar və cənablar” proqramda iştirak etməyini qadağan edib. O deyib ki, əgər hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini yazıb işdən çıxsın. Bir sözlə, rəhbərlik aktyorları şantaj edib. Teatrda iclas olubmu?

- Teatrda heç bir iclas olmayıb. Şənbə-bazar günləri inzibati işçilər teatrda olmurlar. O ki qaldı yaradıcı işçilərə, həmin günlər sadəcə tamaşası, məşqi olanlar gəlirlər. Belə olan halda necə iclas keçirilə bilər? Heç bir qadağadan söhbət gedə bilməz. Bu, ağ yalan və həqiqətə uyğun olmayan məlumatdır.

Yenə deyirəm, Elnarə xanımla söhbətimiz isə şənbə günü olub. Akif müəllimin bu işdən xəbəri yox idi. Əgər məşq olmasaydı, mən həftənin birinci günü işə gəlib Akif müəllimə məlumat verəcəkdim. Ondan başqa bizim solistlərimiz ayrı–ayrı verilişlərdə teatrdan icazə almadan belə sərbəst şəkildə iştirak edirlər. Bunu direktorla razılaşdırmağa ehtiyac yoxdur. Sadəcə, burda söhbət bir tamaşanın demək olar ki, bütün iştirakçılarının dəvət olunmasından gedirdi. Təbii ki, rəhbərlik tərəfindən razılıq alınmalı idi. Amma yenə deyirəm, şənbə-bazar günü olduğundan bu barədə Akif müəllimə məlumat verilməyib.

O mənada teatr rəhbərliyini bu məsələyə qarışdırmağın heç bir mənası yoxdur.

Nərmin


Müəllif: