16 May 2017 18:38
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən aktyoram, sadəcə direktor rolunu oynayıram. Əgər aktyoramsa, hər bir rolun öhdəsindən layiqincə gəlməliyəm.

Bunu Teleqraf.com-a bu gün 23 yaşını qeyd edən Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.

- Elman bəy, teatrın yaranmasından 23 il ötür. Teatr olaraq bu günü necə qeyd edirsiniz?

- Pantomima Teatrı həmişə sadəliyi çox sevib, dəm-dəsgahdan uzaq qaçıb. Ona görə də bu əlamətdar günü dostlarla, tanışlarla, kollektivlə birgə teatra yığışıb, bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyik.

- Bu gün teatrın son illər əldə etdiyi hansı uğurlarından danışmaq istərsiniz?

- Hər yeni tamaşa Pantomima Teatrının uğurudur. Teatrımızın yaradıcısı, ustadımız Bəxtiyar Xanızadə xalq artisti adını qazandı, bu, böyük uğur idi. O, teatrının yaradıcısıdır və əslində bu ada çoxdan layiq idi. Kino günündə teatrımızın aktyoru Bəhruz Vaqifoğlu əməkdar artist fəxri adına layiq görüldü. Özüm əməkdar artistəm, amma xalq artisti adını almaq uğrunda çalışıram. Hazırda teatrının ən qocaman aktyoru hesab olunuram.

- Amma həm də direktorsunuz...

- Mən özümü daha çox aktyor kimi qeyd edirəm. Bu teatra gəlişim aktyorluqla başlayıb, indi də sənətimi davam etdirirəm. Direktor olmağıma baxmayaraq, tamaşalarda iştirak edirəm. Çünki əsas sənətim aktyorluqdur.

Son illər teatrımıza istedadlı gənclər gəlib. Onların maraqlı işlərini də uğur hesab etmək olar.

Ötən il teatrımız Beynəlxalq Pantomima Teatr Festivalında iştirak etdi. Tamaşamız qonaqları heyrətləndirdi və çox maraqla qarşılandı.

- Teatrın aktyoru, yoxsa direktoru olmaq çətindir?

- Qəribə bir söz deyəcəm: mən aktyoram, sadəcə direktor rolunu oynayıram. Əgər aktyoramsa, hər bir rolun öhdəsindən gəlməliyəm.

- Neçənçi ildən bu rolu oynayırsınız?

- Pantomima Teatrı 1994-cü ildə studiya şəklində yaradıldı. 2006-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət statusu verildi və Dövlət Pantomima Teatrı adlanmağa başladı. Həmin ildən mən teatrın direktor müavini vəzifəsini, 2009-cu ildən bu günə kimi direktor vəzifəsini həyata keçirirəm.

Bu müddətdə Pantomima Teatrının heç bir əyər-əskiyi olmayıb. Hər şeyi dəqiqliklə etməyə çalışıram. Bunu isə ustadım Bəxtiyar Xanızadədən öyrənmişəm.

- Teatrdan gələcəkdə hansı yenilikləri gözləyək?

- Pantomima Teatrı başqalarından fərqli olaraq gələcək planları barədə öncədən məlumat vermir. Onu deyə bilərəm ki, hazırda Pantomima Teatrında yeni tamaşalar hazırlanır. Teatrda rejissorun işi tamaşa hazırlamaq, aktyorun isə tamaşada oynamaqdır. İçi özümüz qarışıq bütün teatrlara bol tamaşaçı arzulayıram. Tamaşaçı olmayan yerdə aktyor ürəkdən oynaya bilmir.

Nərmin


Müəllif: Teleqraf.com