17 May 2017 11:09
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonun ən mötəbər zallarından biri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filminin premyerası keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, 300 nəfərə yaxın ABŞ administrasiyası və Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər və yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimlərin iştirak etdiyi tədbir ziyafətlə başlayıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze giriş nitqi söyləyib.

Gürcüstan səfiri öz çıxışında əsas vurğunu Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə qoyub, hər iki ölkəni bir-birinə yaxın edən bağlardan danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqillik və suverenliyinə davamlı dəstəyin vacibliyinə toxunub. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərin hər iki xalqın birgə tarixinin vacib dönəmini göstərdiyini qeyd edib.

Azərbaycan səfiri də öz çıxışında ölkəmizlə Gürcüstan arasından dostluq və qardaşlıq əlaqələrinə toxunub. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb, azərbaycanlı və gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün sonsuz çalışdıqlarını, ölkəmizin müstəqilliyi naminə böyük qurbanlar veridiklərini və bunun da gənc nəsillər üçün bir örnək olduğunu qeyd edib. E.Suleymanov həmçinin bu əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib və bu xüsusda icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini qeyd edib.

Qeyd edək ki, iki ölkənin mədəniyyəti və tarixi barədə dolğun təsəvvürlər yaradan film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.

Səxavət


Müəllif: Teleqraf.com