20 May 14:32
1 357

"Hüseyn Dərya mənim ürəyimdə xal qoyub getdi. Mənə görə, istedadlı, zəhmətkeş insan idi. Onu çox istədiyimdən "Maşın şou"ya dəvət etmişdim, eyni səbəblə konsertini təşkil etmişdim".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Murad Dadaşov bu gün keçirilən mətbuat konfransında illər öncə Hüseyn Dərya ilə bağlı ünvanına səslənən ittihamlara aydınlıq gətirərkən deyib:

"Hüseyn Dərya ilə bağlı müxtəlif ittihamlar səsləndi. Mən Hüseyn Dəryanı həqiqətən çox istəyirdim və o verilişə də onu istədiyimdən dəvət etmişdim. Hətta dəvət edəndə çox adam bunun əleyhinə idi. Deyirdilər, keçmiş dustaqdı. Bu adam cinayətkar idisə, cəzasını çəkdi, çıxdı. Hüseyn mənim üçün istedadlı və zəhmətkeş insan idi.

ATV-də bir veriliş yayımlandı. Bilmirəm onu nə səbəbdən etmişdilər. Mənə indiyənə kimi qaranlıq qalıb. Orda dedilər ki, mən Hüseyn Dəryanın konsertini təşkil edub, pulunu verməmişəm. Hüseyn də bu fikirləri təsdiqlədi.

Fikirləşirdim ki, danışmasam da insanlar həqiqəti bilir. Amma başa düşdüm ki, bilmirlər. Bilmirlərsə bu haqda açıqlama verməyə məcburam. Hüseyn Dəryanın konsertini öz hesabıma və rekord bir müddət ərzində gerçəkləşdirdim. Səbəbi sadəcə bunu ürəkdən istəməyim idi. Bu hadisələrin canlı şahidi Kənan MM-dir.

Hətta xatırlayıram ki, konsertdə repertuar yığcam idi, ortada boş hissə qalırdı, Faiq Sücəddinov təklif etdi ki, orda cavan bir oğlan oxusun. O oğlan Eldar Qasımov idi.

Vaxt gəldi Hüseynlə aramızda soyuqluq yarandı. Biz onunla yeni layihələr düşünərkən xəbərlər gəlirdi ki, o, yenidən köhnə həyata qayıtmaq niyyətindədir, iradəsi zəifdir. Deməyim odur ki, onunla bağlı çox fərqli məlumatlar gəlirdi.

O andan aramızda soyuqluq yarandı. Onu deyildi ki, həyatını müəyyənləşdir, sonra işə başlayaq.

Allah rəhmət eləsin. Heyif ondan. O istedadlı idi, amma görünür, ətrafı və mühitinin onu qoruyub saxlamağa gücü çatmadı. Bu cür insanlarda özlərinə, doğmalarına qarşı məsuliyyətsizlik var".

Xatırladaq ki, reper Hüseyn ATV telekanalında yayımlanan "Düz üzünə" verilişində Murad Dadaşovun təşkilatçılığı ilə keçən konsertindən heç bir qonorar ala bilmədiyini demişdi:

"Mənə öncədən heç nə vəd edilməmişdi. Sadəcə deyilmişdi ki, narahat olma, hörmətin olunacaq. Ola bilsin, Murad Dadaşov da həmin konsertdən ziyanla çıxdı. Mən Muraddan soruşmadım ki, niyə pulumu vermirsən? Heç o da demədi ki, vermirəm. Sadəcə, bir müddət get sabah gələrsən söylədi. Axırda mən getmədim. Dostlarıma zəng etdim ki, konsert bitib, evə getməyə taksi pulum yoxdur. Mən həmin gün evimə 1 manatsız gəlmişəm".

Nərmin


Müəllif: Teleqraf.com