4 İyun 2017 09:45
6 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də İstanbulda Sakıp Sabancı muzeyində “Səlim Turan, ailəsi və çevrəsi” adlı konfransa qatıldım.

Konfransın çıxışçıları Türkiyənin tanınmış alimi professor İlbər Ortaylı və İstanbuldakı Alman Şərqşünaslıq İnstitutunun əməkdaşı azərbaycanlı şərqşünas alim Zaur Qasımov idi.

Konfransın birinci hissəsi mayın 30-da baş tutdu, azərbaycanlı professor, rəssam, siyasətçi, həkim Əli bəy Hüseynzadənin oğlu rəssam Səlim Turanın yaradıcılığı ilə bağlı idi. "Səlim Turan.Tezis–Antitezis–Sintez" adı ilə baş tutan konfransda Səlim Turanın yaradıcılığının istiqamətlərindən bəhs edildi, əsərləri sərgiləndi. Bu tədbirdə təşkilatçılardan Nəcmi Sönməz "Səlim Turana atası Əli bəy Hüseynzadənin təsiri olubmu?" sualıma cavab verərkən konfransın ikinci hissəsində Səlim bəyin çevrəsi ilə bağlı ayrıca tədbir olacağını, bizi də dəvət etdiyini söylədi.

Beləliklə, iyunun 1-i həm Türkiyənin əfsanəvi tarixçisi İlbər Ortaylının Azərbaycan və Əli bəy Hüseynzadə ilə bağlı çıxışını dinləmək, həm də mühacir professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru Nazan Ölçər xanımı bir daha görmək üçün oraya yollandıq.

Səlim Turan kimdir?

Əli bəy Hüseynzadənin oğlu Səlim Turan (1915-1994) Türkiyənin dünyada tanınan rəssamlarından olub. Məşhur Qalatasaray liseyindən və Memar Sinan Universitetindən məzun olub. 1947-ci ildə Fransaya gedib, Pablo Pikasso daxil olmaqla Avropanın önəmli sənətkarlarıyla yaxın əlaqələr qurub. Səlim Turan kubizm cərəyanında əsərlər yaradan ilk türk rəssamı kimi tanınır.

1994-cü ildə Parisdə vəfat edən Səlim Turan əsərlərinin önəmli qismini İstanbul Universitetinə bağışlayıb. İstanbulda Qaracaəhməd qəbiristanlığında atasının məzarında dəfn edilib.

***

Konfransın başlamağına az qalmış professor İbrahim Yıldırım bəyi gördüm. İbrahim bəy Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkillinin bacısı oğludur, İstanbulda yaşayan mühacirlərin nəsillərini bir-biri ilə əlaqələndirən, zəngin bilgiyə və arxivə sahib bir şəxsdir. İstanbulda daha öncə onunla bir neçə dəfə görüşüb bilgilərindən faydalanmışdım. "Mühacirlərin dönüşü" kitabımı yazarkən də bəzi fotolardakı şəxslərin kimliyinin bilinməsinə yaxından dəstək olmuşdu.

İbrahim bəylə görüşdükdə müjdəni verdi. Dedi ki, tədbirə Əli bəyin qızı Feyzavər xanım da gələcək.

İstanbula gəldiyim ilk gündən mühacirlərin övladları, nəvələri ilə görüşməyə çalışıram. Aylardır ki, Feyzavər xanımı da görmək, onunla bir dəqiqə də olsa, söhbət eləmək şərəfinə nail olmaq istəyirdim. Nəhayət, 10 aydan sonra bu fürsət oldu...

Konfrans Zaur Qasımovun "Səlim Turan və ailəsi. Örnək bir ata olaraq Hüseynzadə Əli bəy" adlı mühazirəsi ilə başladı. Z.Qasımov Əli bəyin həyatı, çevrəsi, yaradıcılığı haqqında geniş bilgi verdi, fotolarla dönəmin xarakterik xüsusiyyətlərini izah elədi.

İlbər Ortaylı: "Səməd Vurğun "türk qızları" yazıb"

Daha sonra professor İlbər Ortaylı "Rusiya imperatorluğunda türk modernləşməsi" adlı mühazirəsi ilə çıxış etdi.

İ.Ortaylı çıxışına "azəri" sözünün izahı ilə başladı, konfransda işlədilən bu sözün doğru olmadığını dedi:

"1930-cu illərin əvvəlinə qədər Azərbaycanda istər burjua-millətçi damğası qazanan yazıçılar, şairlər, istərsə də kommunistlər olsun, heç vaxt özlərinə "azəri" deməyiblər. Yəni Cəfər Cabbarlı, Səməd Vurğun olsun, fərq etməz, özlərinə türk deyiblər. Səməd Vurğun şeirlərində "Bakının türk qızları" yazırdı. Yəni "azəri" sözü işlətməyiblər. Azəri adında Xəzərin sahilində bir qövm var, bizim Qara dəniz sahilində yaşayan lazlar nə qədərdirlərsə, onlar da o qədərdirlər. Sasanilərin pəhləvicəsi ilə danışırlar. Farsca deyil, arxaik bir dillə danışırlar. Onları dinləmək çox əyləncəlidir. Bu gün Azərbaycanda və İran Azərbaycanında yaşayan insanlar azəri deyillər. Mən uşaq vaxtı Krım tatarlarının lideri Cəfər Krıməri gördüm. Zamanında Krım Cümhuriyyətinin xarici işlər naziri olub. Bolşevizmlə, Rusiya tarixi ilə bağlı kitablar yazıb. Təmiz türkcə ilə yazıb. Mən baxdım ki, İstanbul şivəsi ilə danışır. Atamdan soruşdum, bu, axı digər tatarlar kimi danışmır... Yüksək zümrə həmişə İstanbul şivəsi ilə danışıb...".

"Rəsulzadəni gördüm"

İlbər bəy daha sonra Azərbaycanla bağlı maraqlı xatirələrindən danışdı:

"Mən Sara Aşurbəylini görmüşəm. Üç dil bilən çox kültürlü bir xanım idi. Uşaq ikən bir dəfə Rəsulzadəni də görmüşəm. Müsavat Partiyasının başqanı idi, türkcə danışırdı. İhtilali-kəbirə qədər insanlar osmanlıca yazırdılar. İnanılmaz bir şeydir. Axundzadə 1850-ci illərdə Osmanlıya latın əlifbası ilə gəldi. Paşaların, əslində, bu latın hərfləri çox xoşlarına gəlir. Çünki o biri hərflə yazıb-oxumaq olmurdu. Fəqət qəbul edilməsi mümkünsüz idi. Ona məcidiyyə nişanı verirlər... Füyuzat axını vardı. Onlar osmanlıca yazırdılar".

Tədbirin sonunda söz alan professor İbrahım Yıldırım da "azəri" məsələsinə toxundu:

"Firudin Köçərli kitabını "Azərbaycan Türk Ədəbiyyatı" adlandırmışdı. 1935-ci ilə qədər Azərbaycan şairləri osmanlı türkcəsi ilə yazırdılar. Səməd Vurğun da Türkiyə türkcəsi ilə yazırdı. Hüseyn Cavid ömür boyu elə yazıb".

Daha sonra İbrahim bəy Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağaoğlunun dostluqları haqqında danışdı.

Qeyd edək ki, tədbir başlayandan az sonra Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım konfransa qatıldı. Konfrans bitəndən sonra bütün iştirakçıların sevgi axınına məruz qaldı. Professor İlbər Ortaylı da onunla hal-əhval tutandan sonra tədbirdən ayrıldı. İlbər Ortaylı zamanının olmadığı, açıqlama verə bilmədiyini deyib sürətlə məkandan ayrıldı. Sadəcə bir xatirə fotosu çəkdirmək imkanı oldu.

Feyzavər Alpsar: "Atam ölmədi"

Nəhayət, Əli bəyin qızı ilə görüşmək imkanımız olur. İbrahim bəy bizi və digər azərbaycanlı gəncləri onunla tanış edir. Bu zaman Əli bəyin qızı sakit səslə bu cümləni deyir: "Mənim atam heç vaxt ölmədi..."

Azərbaycanlı olduğumu, mühacirət tariximizlə bağlı araşdırma apardığımı, şəxsi arxivimdə Hüseynzadəyə aid "Həyat" qəzeti dönəminə aid bir əlyazma məktubu olduğunu deyirəm. Buna çox sevinir, təşəkkür edir. Az öncə dediyi "mənim atam heç ölmədi" fikrini doğrulayıram, Azərbaycan yaşadıqca, Əli bəyin də düşüncələrinin, əsərlərinin yaşayacağını bildirirəm.

Qeyd edək ki, Feyzavər xanım atasının arxivini Ege Universitetinin Ədəbiyyat fakultəsinin Türk dili və ədəbiyyatı bölümünün arxivinə bağışlayıb. Eləcə də, atasından qalan bəzi əsərləri Azərbaycana hədiyyə edib.

Nazan Ölçer: "Mühacirlər ölənə qədər Azərbaycan həsrəti ilə yaşadılar"

Yaşına görə çox narahatlıq verməyib Feyzavər xanımla xatirə fotoları çəkdirib Əhməd Cəfəroğlunun qızı Nazan xanımla görüşürük.

Nazan Ölçər 1942-ci ildə İstanbulda doğulub. Orta təhsilini Sankt Georg Avstriya qızlar liseyində alıb. Münhendə Ludviq Maximilian universitetində ilk çağ tarixi, yaxın şərq tarixi və mədəniyyəti üzrə ali təhsil alıb. Münhen, Vyana, Berlin şəhərlərində muzeyçilik fəaliyyəti ilə məşğul olub. 1978-2003-cü illər arasında Türk və İslam əsərləri muzeyinin müdiri olub. Avropa Şurası tərəfindən işlədiyi bu muzey "İlin muzeyi" statusunu alıb. Bir çox beynəlxalq mükafatların sahibidir. Təqaüdə çıxdıqdan sonra fəaliyyətini Sabancı muzeyini müdiri olaraq davam etdirir.

Nazan xanıma "Fərqlilər" adlı kitabımda Əhməd Cəfəroğlu haqqında məqalə də olduğunu, atasının İstanbul Universitetində çalışmağa başladığı ilk dönəmə aid orijinal bir foto da yayımladığımı deyirəm. Daha sonra İstanbulda Azərbaycan mühacirəti ilə bağlı muzey açmağı istədiyimi bildirirəm, amma bunu müsbət qarşılamır:

"Mən özüm bəzi arxivləri Azərbaycana verdim. Mühacirlər ölənə qədər Azərbaycan həsrəti ilə yaşadılar. Ona görə də onların arxivlərinin yeri Azərbaycandır. Mənim atamın köhnə bir radiosu vardı. Orada həmişə Azərbaycan mahnılarını dinləyərdi. "Aman ovçu" mahnısını dinlədiyini xatırlayıram. Mühacirlər öləndə Azərbaycan bayrağı ilə dəfn edilirdilər".

Nazan xanımla sağollaşırıq, hər zaman muzeyə azərbaycanlı gənclərin gəlməsini arzuladığını deyir.

Qeyd edək ki, tədbirdə Türkiyənin bir çox tanınmış şəxsləri də vardı. Onlar arasında azərbaycanlı tələbələrlə maraqlanan professor, siyasətçi Əkmələddin İhsanoğlu öz səmimiliyi ilə xoş təsir bağışlayır. Onunla da xatirə fotosu çəkdiririk.

Beləliklə, İstanbulda mərhum Səlim Turanla bağlı sərgi çox maraqlı xatirə ilə yadda qaldı. Azərbaycan mühacirlərinin övladlarını bir araya gətirən bu mühüm konfrans üçün Sakıp Sabancı muzeyinə təşəkkür edirik.


Müəllif: Dilqəm Əhməd