7 İyun 2017 18:09
2 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, xalq artisti Həmidə Ömərova Teleqraf.com-a müsahibə verib.

35-ci Beynəlxalq Fəcr Film Festivalında Münsiflər Heyətinin Azərbaycandan olan yeganə üzvü qismində İrana yola düşən Həmidə Ömərova bu cür önəmli hadisənin mediada işıqlandırılmamasına təəccübləndiyini vurğulayıb:

- İranın Beynəlxalq Film Festivalında münsiflər heyətinə üzv kimi dəvət almağım tək mənim yox, bütün Azərbaycanın uğurudur. Lakin təəssüf ki, 2 aydır medianın heç bir nümayəndəsi bu barədə bir kəlmə də danışmır. İndi medianı daha çox müğənnilərin, aktyor-aktrisaların şəxsi həyatı maraqlandırır.

- Həmidə xanım, bizə ürəyinizi boşalda bilərsiniz. Festivalda nələr oldu? Necə keçdi?

- 1982-ci ildən başlayaraq İran Mədəniyyət Nazirliyinin nəzarəti altında hər il yüksək səviyyədə keçirilən Beynəlxalq Fəcr Film Festivalının 35-ci ilində iştirak etdiyimə görə çox şadam. Dəyərli rejissorumuz Kənan Musayev də orda idi. Gecikdiyi üçün "Zaman adlı qatar" filmi festivala düşə bilməsə də, o, öz filmini İran bazarına çıxara bildi.

Festivalda Asiyadan, Avropadan, Afrikadan, Amerika və Avstraliyadan nümayəndələr iştirak edirdi. Ümumilikdə, 140 filmin iştirakı ilə baş tutan festivalda İran 35 filmlə təmsil olundu. Azərbaycandan ilk aktrisa idim ki, bu festivalda jüri qismində çıxış edirdim. Ən yaxşı qısametrajlı film nominasiyası üzrə qalib olan filmin "Kristal Simurq" mükafatını şəxsən təqdim etdim.

- Həmidə xanım, eşitdiyimizə görə, ad gününüzü də orda qeyd etmisiniz...

- Hə, festival aprelin 20-dən 28-nə qədər davam etdi. Aprelin 25-i həmkarlarımla, dəyərli kino ustaları ilə birgə unudulmaz ad günü keçirdim.

- Bu festival sizə nə verdi?

- 3 tərkibli münsiflər heyətində müxtəlif ölkələrin nümayəndələri təmsil olunurdu. "Asiya awards" olaraq münsiflərdən cəmi 5 nəfər idik. Məşhur Türkiyəli rejissor Zəki Dəmirkubuzla, Yəməndən, Qazaxıstandan olan digər rejissorlarla xeyli Şərq filmlərinə baxdıq, filmlər haqqında maraqlı polemikalarımız oldu. Bu hadisənin nə qədər maraqlı olduğunu yalnız kinonu içdən sevən biri başa düşə bilər...

Sonda festivala aid bir kitab da nəşr olundu və bütün iştirakçı filmlər və münsiflər haqqında, o cümlədən mənim barəmdə orda ingilis və fars dilində məlumat dərc edildi. Gözəl xatirələrim oldu. Özümü daha da dəyərli hiss etdim.


Müəllif: Könül Əlibəyli