13 İyun 2017 15:46
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizə insan olmağa nə mane olur?”

(manenamədən...)

Bu naməni 1 gün öncə Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində ADTV-də yayımlanan "İnsan" telelayihəsinin rəhbəri və tanınmış rejissor Mahir Dərviş yazıb. Mahir Dərvişdə bizi cəzb edən təkcə onun namələri olmadı. O, Azərbaycan kinosunun gəncləri sözdə yox, əməldə dəstəkləyən nadir ağsaqqalıdır. "Səmimiyyət hər zaman qalibdir" deyən Dərvişlə Teleqraf.com-un səmimi söhbəti baş tutdu.

- Gəlin, lap başdan başlayaq. Bu kino ki var, qəliz məsələdir?

- Kino qəliz deyil, kinonu anlamayanlar onu qəlizləşdirməyə çalışırlar. Düzdür, çəkiliş prosesində qəliz situasiyalar olur, 1 dubla alınmayan səhnə 138-ci dublda alına bilər.

Lakin bu sənətin fədailəri var ki, onlar üçün kino qəliz deyil, həyat tərzidir. Təssüf ki, bu gün həmin fədailər sayca xeyli azalıblar. Ona görə də kinomuz qəliz vəziyyətə düşüb.

Əxlaqi cəhətdən zəif olan biri televiziya ekranlarından evlərimizə girib avtomatik bizə əxlaq dərsi keçir

- Kinoda da çəkilmisiniz, kino da çəkmisiniz, televiziyada da əməyiniz olub... Hansı daha maraqlıdır?

- Təbii ki, bunların arasında mənə ən doğma olanı kinodur. Çünki mən 14 yaşımdan kinostudiyada olmuşam, demək olar ki, burda böyümüşəm. Amma kinonu həm də ona görə sevirəm ki, kino qalıcıdır, televiziya isə yox. 1 filmə 10 dəfə də baxa bilərsən, bezməzsən! Əksinə filmdəki kəlmələri aforizmə çevirib əzbərləyərsən. Amma televiziya nankordu, günlərlə əlləş-vuruş, bir veriliş cəmi bir dəfə baxıldı, qurtardı getdi. Təkrarı heç kimə maraqlı deyil. Əslində, hər ikisi - kino da, televiziya da incəsənətə xidmət edir. Amma kimlər tərəfindən! Bax, bu bir az problemlidir. Televiziyanın da məsuliyyətli günləri olub. Bir zamanlar çox az işçi var idi ki, onun əsas məqsədi populyarlıq qazanmaq olsun. Lakin indi yerindən duran aparıcılıq edir. Əxlaqi cəhətdən zəif olan biri televiziya ekranlarından evlərimizə girib avtomatik bizə əxlaq dərsi keçir. Mən ümid edirəm ki, bunlar müvəqqətidir. Hər şey yaxşı olacaq!

- Özünüzü kino dəryasının mərkəzində görürsünüzmü?

- Bu dəqiqə mən bilmirəm ki, kinonun sahilindəyəm, ya dəryada... Amma onu bilirəm ki dəryada olan azdır, sahilə çıxmağa çalışan isə çoxdan da çoxdur. “Dərya”nı görməyənlər dəryanın dibindən dərya haqda mülahizələr aparırlar. Düşünmürlər ki, bunun üçün dəryaya baş vurmalıdırlar. Bilmirlər ki, dəryaya baş vursalar, boğularlar.

- Ağsaqqal sənətkarları dindirən kimi zəmanədən şikayətlənirlər. “O dövr elə idi, indi belədi. O vaxtlar belə idi, indi elə-belə”. O dövrlə bu dövr arasındakı fərq nədədir?

- Əslində, dövran elə həmin dövrandır, heç nə dəyişməyib. Dəyişən bizim təfəkkürümüz, bizim baxış tərzimizdir. Düzdür, o vaxtlar hər şey daha başqa, daha doğal idi. Amma onda da bu sənətə səhvən düşən “qurdlar” mövcud idi.

Tanrı bu boyda bəşəriyyəti yaradıb gözə görünmür. Bir filmi yaradan görünməsə nə olacaq ki?!.

- Rejissorun kadr arxasında qalması və tamaşaçının onu tanımaması haqsızlıq deyil?

- Rejissor yaratdığı əsərin allahıdır. Maraq da elə onun gözəgörünməzliyindədir. Tanrı bu boyda əsər - bəşəriyyəti yaradıb, amma biz onu görmürük. Bir filmi yaradan görünməsə, nə olacaq ki?!. Rejissorun qüdrəti onun kadr arxasında qalmasındadır. Amma məni bu siyahıya şamil etmək olmaz, çünki mən aktyor kimi daim üzdə olmuşam.

- Aktyor demişkən... Rejissor kimi yox, məhz aktyor kimi ən yadda qalan rolunuz?

- “Ölsəm bağışla” filmində belə bir səhnə var. Baş rol Yusif (Fəxrəddin Manafov) İçərişəhərdə dalanla irəliləyir. Biz - 3 nəfər gənc küncdə oturub baxırıq. Rasim Ocaqovun rejissor ssenarisinə görə, biz 3 nəfərin bir ümumi planı olmalı idi. Lakin o, bizim ümumi planımızdan əlavə, mənim iri planımı da əlavə olaraq, çəkdi. Lakin film hazır olanda mən o iri planı görmədim və bunun səbəbini rejissordan soruşdum. Rasim Ocaqov dedi ki, sənin o iri plandakı mimikan mənim baş rolumun mimikasını üstələdi və mən onu verə bilmədim.

Elə buna görə də, nə qədər kiçik olsa da, bu rol mənim üçün ən unudulmaz roldur.

İndikilərdə heç nə yoxdur, nə istedad, nə təhsil!

- Rejissor çoxdur, yoxsa özünə rejissor deyən?

- Rejissor olmaq üçün gərək rejissor savadın ola, ondan əvvəl isə fitri istedadın. Əsas istedaddır və o, daxildən gəlməlidir, təhsil isə ikinci plandadır, amma o da vacibdir. İndikilərin bədbəxtçiliyi ondadır ki, çoxunda bu iki şərtin heç biri yoxdur! Nə istedad, nə təhsil... Rejissor öz sənətinin aşiqi olmalıdır. Bu sənətdə qorxmaq olmaz, bu iş əzm və səbr tələb edir. Sən özünü rejissor adlandıra bilərsən! Tamaşaçı sənin əsl adını qoyana qədər...

- Son zamanlar çəkilən filmlərdən hansına baxmısınız və fikirləriniz?

- Müasir rejissorlardan istedadlı olanları var, amma mən hələ ki, görməmişəm. Dırnaqarası komediyalar bazarı ələ alıb. Amma bu bir dalğadır, keçib gedəcək. Əslində, gəncləri çox da qınamaq istəmirəm. Bilirəm ki, onları sənəti qoyub bayağı filmin dalınca getməyə məcbur edən maliyyədir. İnsan var ki, sənətini əqidədən də üstün tutar. İnsan da var ki, çalışsa da, bu onda alınmaz. Hər kəs fədai ola bilməz axı...

- Yeni işlərinizdən danışın bizə!

- Hələ ki, televiziyada müxtəlif maraqlı verilişlərlə başımı qatıram. Bu yaxınlarda ofisimizdə gənclər üçün ssenari yaradıcılığı, rejissor, operator və s. kursları açılacaq və biz gənclərə əlimizdən gələn köməkliyi etməyə çalışacağıq.

Kinoya gəldikdə isə... Bu yaxınlarda “40 arşın quyunun dibində” adlı çox maraqlı filmə çəkildim. Xəyyam Abdullanın rejissorluq etdiyi bu film festivala gedib və biz pozitiv xəbər gözləyirik.

İndikilərin çoxu sabun köpükləridir

- Deməli, gənc rejissorların çoxunu bəyənməsəniz də, onlarla işləyirsiniz. O zaman gənclərə məsləhətiniz?!.

- Hərdən heyfim gəlir o gənclərə... Ən əsası da gənc aktyorlara! Pula görə heç nəyə və heç kimə yox demirlər. Bu filmdən o filmə, o filmdən bu filmə qaçırlar və nəticədə öz istedadlarını ucuzlaşdırırlar. Rejissorlarda da qəribə təfəkkür var. Bir aktyor bir dəfə məsələn, komik bir rola çəkilibsə, sonra heç kim onu ciddi rola dəvət etmir. Əslində, onlar aktyoru qəlibə salırlar. Bu, düzgün deyil! Gənclərə şans vermək, onların istedadının üzə çıxması üçün bir cəhd göstərmək lazımdır.

Gənclərin xanəgaha ehtiyacı var. Gün gələcək müasir nəsil arasında baş qaldıran bu tozlu küləklər sakitləşəcək. Lakin indi o küləyin qabağında elə durmaq lazımdır ki, toza bulaşmayasan. Papaq altında yatan istedadlar var. Gün gələcək bizim kinomuz da Oskar alacaq, Kanna gedəcək... Çünki istedad bizim genimizdədir. Dönün, klassik ədəbiyyatımıza, musiqimizə baxın! Demək ki, bu xalq yetişdirə bilir. Rusların belə bir məsəli var: “mılniy opera” – “sabun operası”. Bizdə indikilərin çoxu “sabun operası”na xidmət edən sabun köpükləridir. Zaman keçdikcə bu köpüklər yatışacaq və əsl istedadlar üzə çıxacaq. Bugünkü filmlərdəki söyüşlərdən başqa da nə isə yadda qalacaq.

Rejissorlar ancaq “motor” deyir

- O zaman növbəti sualımı atlayıram. Soruşacaqdım ki, indiki aktyorlar improvizə edə bilirlərmi?

- Bu gün aktyor yoxdur onu eləsin. İndi rejissorun nə istədiyini aktyor başa düşmür. Buna görə də aktyor filmdə hadisələrə düzgün reaksiya verə bilmir. Əyilib büzülməklə, səsini yoğunlaşdırmaqla deyil! İndiki rejissorlar da ki, ancaq “motor” deyir. Aktyoru başa salmır, çünki nə istədiyini özü də bilmir. Həmçinin ssenarilərdə də problemlər var. Səmimi yox, rəsmi dialoqlara üstünlük verilir. Çəkməçiyə verilən mətnə bax: - Bilirsinizmi, mən sizin ayaqqabınızı yamamalıyam? Rejissor özü bu cümləyə inanırmı görəsən...

- Ən çox sevdiyiniz janr və mövzu...

- İndikilər məhəbbətin nə olduğunu bilmirlər. Ona görə də yaxın zamanda məhəbbət mövzusu üzərində işləmək istəyirəm. Məhəbbətdən uzaq düşən insanın başına fəlakətlər gəlir. Fəlakətdən qaçdığım üçün məhəbbət mövzusuna keçirəm.

Ən böyük din sevgidir

- Bəs ənənəvi Mahir Dərviş mövzusu - dini mövzu?

- Dini mövzu elə məhəbbətdir də! Din nədən yaranır? Allaha məhəbbətdən. Mən məhəbbət mövzusunu elə işləyəcəyəm ki, hamı ən böyük dinin sevgi olduğunu biləcək!

- Azərbaycanda sanki anons sənəti də özünü tapa bilmir...

- Çox vaxt treyleri rejissor özü yox, bu sənətin xüsusi professionalları hazırlayırdılar. İndi isə yalnız gözəl kadrları yanyana yığıb efirə verirlər. Anonsda kulminasiyanı necə təqdim edirlərsə, tamaşaçı kinoteatra gedəndə tamam başqa filmin tamaşaçısına çevrilir.

- Bir az da bu “namə”lərinizdən danışaq...

- Namələrimdən nə danışa bilərəm ki?! Harda, nə vaxt, necə gəldiyi bəlli deyil. Namələr mənim istirahətimdi.

- O zaman qəşəng bir Teleqrafnamə deyin bizim üçün!

- Sədd çəkmişdi könüllər arasına,

Sinəsi daş-qaya idi dağların...

Görmürdü könüllər öz könlünü,

Daşdan pərdə çəkmişdi dağlar gözə!

Könül ahu zar eyləyib, bir damla göz yaşı ilə,

Əritdi o pərdələri,

Səda gəldi o könüldən...

Dağlar çəkildi yolundan...


Müəllif: Könül Əlibəyli