20 İyun 2017 13:27
4 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa və pedaqoq Zülfiyyə Eldarqızı ilə müsahibəni təqdim edir.

- Maraqlıdır, özünüzü oxuculara rejissor, aktrisa, kino tənqidçisi, qiraətçi, yoxsa pedaqoq kimi təqdim edərdiz?

- Mən birinci növbədə kinoşünasam, eyni zamanda bir insan kimi ədəbi-ictimai problemlərə heç vaxt biganə qalmamışam. Bir çox tamaşalara resenziyalar yazmışam. Şeirlər səsləndirib, qiraət dərsləri keçmişəm. Amma indi qəribə bir tendensiya yaranıb. 2 dəfə toyda aparıcılıq edən deyir ki, mən bədii qiraətçiyəm. Mən də onlara deyirəm ki, əgər siz bədii qiraətçisinizsə, o zaman Müxlis Cənizadə, Mikayıl Mirzə, Həsən Əbluc kimdir?

Yeri gəlmişkən, Könül xanım, sizdən bir ricam var. Xahiş edirəm məni təqdim edərkən bədii qiraət ustası yazmayın...

- Təvazökarlıq edirsiz...

- Mən onlar kimi ola bilmərəm... Hər şeir deyən özünü qiraət ustası saymamalıdır. Mən bu işi mükəmməl qavrasam da, özümə “usta” adı qoymağa risk eləmirəm. Mən sadəcə deyirəm: kim olursan ol, peşəkar ol!

Məsələn, səhnə danışığından dərs deyirsənsə, aktyorluğu bacarmalısan, onun sirlərini bilməlisən. Axı, sən aktyora dərs deyirsən... Bunu bilmədən necə etmək, edib də necə öyünmək olar?

- İşinizdən zövq alırsız, yoxsa?..

- Mənim ən çox zövq aldığım məkan auditoriyadır. Ömrümü sözə bağlamış adamam. Mən sözlə xoşbəxt oluram.

- 17 ilini pedaqogikaya həsr etmiş biri kimi bizimlə ən xoş və ən ağır xatirələrinizi bölüşün...

- Bəli, 17 il. Bir gənc insan ömrü... Mənim universitetlə bağlı o qədər xatirələrim var ki... Bu barədə danışanda hələ də pis oluram... (Gözləri dolur).Ümumiyyətlə, heç vaxt şans mələyim üzümə gülməyib. Getdiyim yerdə kimsə məni arxadan vurub. Nə yarama, nə də dönüb arxamdakı xainə baxmışam, yola düzəlib getmişəm. Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim illərdə mənim üçün ən unudulmaz anlar işıqlı insanların yanında olmağım idi. Aydın Dadaşov, Həmidə Ömərova, Aqşin Babayev kimi gözəl insanların əhatəsinə düşmək böyük xoşbəxtlik idi.

Düzdür, nəyinsə sonu nəyinsə başlanğıcıdır. Amma mən universitetdəki müəllimlik işimə son verməyimlə barışa bilmədim. Həyatım boyu cəmi bir iş yerim olub. Ona görə də universitetdən çıxanda depressiyaya düşdüm. Hətta aylarla müalicə aldım.

Həmin ərəfədə ortaq türk mədəniyyəti ilə bağlı simpoziuma qatılmaq üçün İtaliyaya getdim. Qayıtmağıma az qalmışdı ki, mənə mesaj gəldi: “Zulya, dərslərin ləğv olunub...” Təyyarədə 5 saat yol gəldim və o 5 saatın bir dəqiqəsini göz qırpmadan ağladım. Bilirsiniz, ürək qadın və kişi cinsinə bölünmür. Ürək mərd və namərd olur. Mən sadəcə namərdlərin fitvasına getdim.

- Sizi müəllim kimi xoşbəxt hiss etdirən unudulmaz tələbələriniz var?

- Bu yaxınlarda Ankarada Molla Pənah Vaqifin 300 illik yubileyilə bağlı tədbirdə iştirak edirdim. Elə ordaca pis bir xəbər aldım. Asiman adlı bir tələbəm dünyasını dəyişmişdi. Onun ölüm xəbərini alanda çox sarsıldım. Qan xərçəngindən əziyyət çəkdiyini bilirdim, amma onun bu qədər tez gedəcəyini ağlıma gətirməzdim.

Lakin çox keçmədi, mənə zəng gəldi. “Asimanın dəftərçəsindən 2 müəllimin adı və onlar haqqında yazdığı xoş sözləri çıxıb. O iki müəllimdən biri də sizsiniz” dedilər. Onda anladım ki, müəllim kimi xoşbəxtəm.

- Dərs keçdiyiniz gənc nəsillə bağlı fikriniz... Gələcəyimiz nə durumdadır?

- Əvvəllər mən 20 yanvarla, Xocalı ilə bağlı filmlərə baxanda bir də görürdüm ki, oğlum kanalı dəyişdi. Bu, məni çox narahat edirdi. “Gəncdir, bu hadisələrin məndən fərqli olaraq, canlı şahidi olmayıb” deyirdim. Bəlkə də bununla özümə təsəlli verirdim. Amma yetişdirdiyim gənc nəslə, ümumiyyətlə ölkəmizin gənclərinə qarşı pessimistik notlarla düşünürdüm.

Gənclərin keçmişimizə laqeyd yanaşmasını faciə kimi qiymətləndirirdim. Lakin bu yaxınlarda məktəblərin birində keçirilən tədbirdə gördüklərim mənim fikirlərimi alt-üst etdi. Orda məktəbli bir qız özünün yazdığı “Qarış-qarış itirmişəm torpağımı” adlı şeirini o qədər içdən, o qədər təlatümlə oxudu ki, mənim gənclərə inamım bərqərar oldu. Sanki o qızın əlinə bir bomba versəydim, gedib erməniləri qırıb gələrdi.

- Başqalarının yazdığı şeirləri oxuyursunuz. Nə vaxtsa özünüz şeir yazmısınızmı?

- Əslən Laçındanam Mənim nisgilim ağırdı. Şeirlərimdə həmişə bu həsrəti çatdırıram. Bu, məndən asılı deyil. Hərdən özüm də yazıram. Düzdür, mən heç vaxt öz şeirlərimi sosiallaşdırmamışam. Özümə heç vaxt “şairəm” demədim. Deyə bilmərəm. Nizaməddin Şəmsizadənin sözü olmasın, ədəbiyyatında Füzulisi olan xalqın şairiyəm demək o qədər məsuliyyət tələb edir ki... Bu məsuliyyətin altına girməyə hünər lazımdır.

- Amma nə çoxdur özünü “şair” adlandıran...

- Eybi yox, qoy özlərini lap dahi adlandırsınlar. Əsas odur ki, pislik etməsinlər.

- Bu gün ad gününüzdür. Sizin üçün ən böyük hədiyyə nə olardı?

- Dünən qızım Ayişənin ad günü idi, bu gün mənim... Ən böyük hədiyyəm qızımdır, övladlarımdır. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, əsl vətəndaşlar yetişdirmişəm.

Mən maddiyyata bağlı insan deyiləm. Mənə hədiyyə ancaq sözlə ola bilər. Hərdən dostlarım mənə deyir ki, sən göy adamısan, düş yerə! Mən də cavab verirəm ki, yer çirkabdır, düşə bilmərəm. Qoy elə göydə qalım!

- İncəsənətin hazırkı durumu, sizcə, nə yerdədir?

- Əvvəllər sənətə 40 il xidmət edənə dahi deyirdik, indi 40 dəqiqəlik seriala çəkilənlər özlərini dahi adlandırırlar. Bu, düzgün deyil. Rza Təhmasib deyirdi ki, kinoda göz, teatrda söz vacibdir. İndi isə aləm qarışıb bir-birinə... Amma az qalıb, yavaş-yavaş sistemə düşəcəyik. Mən bunu hiss edirəm.

- Hansını daha çox sevirsiniz: kino, teatr, serial?

- Kino... Baxmayaraq ki, hazırda teatrda faəliyyət göstərirəm, baxmayaraq ki, teatrda səhvi düzəltmək imkanı var. Amma mən yenə kinonu daha çox sevirəm. Sadəcə mənim dərdim peşəkarlarla işləməkdir. Elə oynadığım rol olub ki, çəkiliş zamanı hamı ağlayıb. Montajdan sonra isə az qalmışıq gülək. İndi qeyri-peşəkarlar çoxalıb. Düşünən başlar yox, danışan başlar artıb. Hamı özünü ekspert kimi hiss edir...

- Necə düşünürsünüz, layiq olduğunuz yerdəsiz?

- Xeyr, layiq olduğum yerdə deyiləm. Bu, iddia deyil. Bu, çəkdiyim əziyyətlərin məndə yaratdığı fikirdir. Gün gələcək, mən o yeri fəth edəcəyəm.

- Sənətdə ürəyinizdə qalan bir şey olub?

- Olub... Kaş 20 yaşımda gələrdim səhnəyə... Səhnəyə gecikmişəm. Düzdür, çətin idi, evdən mane olurdular. Amma özümdə də səhvlər olub. Bu sirri ilk dəfə sizə deyirəm. Xalq artistimiz Həmidə Ömərova məni ilk dəfə teatra aparanda geri addım atdım. Mühitə uyğunlaşa bilmədim və dedim yox, burda məni əzərlər. Bu mənim ən böyük səhvim oldu. Lakin bu gün mən özümdə bu gücü toplamışam. İrəvan teatrında çalışıram.

- Sənəti qoyaq kənara. Qadın kimi necə, özünüzü xoşbəxt hiss edirsinizmi?

- Məncə, heç bir qadın heç vaxt bütöv xoşbəxt ola bilməz. Xoşbəxtlik tam olmur, hissə-hissə, parça-parça olur. Düzdür, bu dəqiqə mənim taleyimdən şikayət etməyə ixtiyarım yoxdur. Amma içimdə qalan arzularım da az deyil. Bu gün mən 45 yaşdan baxıram dünyaya və görürəm ki, dünya çalxalanır. Baş verən fəlakətləri görüb şükür edirəm. Deyirəm: “İlahi, mən düz yoldayam!” Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini səhnələşdirdiyimiz zaman orda çıxış edəndə anladım bunu... Düşündüm ki, nə yaxşı mən Azərbaycanda yaşayıram.

- Son olaraq, demək istədiyiniz bir sözünüz varsa...

- Can sözdür, əgər bilirsə insan,

Sözdür ki, deyirlər özgədir can...

Sonda onu deyərdim ki, gəlin, bir-birimizə can deyib can eşidək. Ağır, aqressiv, lazımsız sözləri kənara qoyub ancaq xoş sözlər deyək və eşidək. Bəziləri mənə deyir ki, danışanda sanki söz oyunu qurursan. Mənsə demək istəyirəm ki, söz mənəm, söz mənim özümdür, söz həyat tərzimdir, söz müqəddəsdir...


Müəllif: Könül Əlibəyli