23 İyun 2017 15:47
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Cavad xan”, “Qarabağnamə”, “Əzizim Fellini”, “Hoqqa” və başqa filmlərdən tanıdığımız rejissor Cavid Təvəkküllə müsahibəni təqdim edir.

- “Rejissor olmaq güclə deyil, atam balası...” Bu sözlərin müəllifi cavab versin görək, güclə rejissor olmağa çalışanlar çoxdumu?

- Çoxdur... Üstəlik, güclə rejissor ola bilməyəcəyini başa düşən azdır... Rejissorluq məcburiyyətdən əmələ gələn şey deyil. Bunun üçün istedad olmalıdır. Təhsil də vacibdir, professional olmaq üçün xırdalıqları bilmək əladır. Amma kadr estetikasından bixəbər birini apar qoy rejissorluq fakültəsini oxumağa... Kimə, nəyə yarayacaq?!...

İstedad almaz parçasıdır. Ələ keçəndə köntöy, əyri-üyrü olur. Gərək onu aşılayasan, emal edəsən ki, parlasın. Ortaya göz qamaşdırıcı əsər çıxara bilsin. Təhsil sanki istedadın küt hissəsini itiləyənidir.

- Elə bu məqamda gənc rejissorlara məsləhətiniz...

- Əvvəla çoxlu oxumalıdırlar, çoxlu kinolara baxmalıdırlar. Bir də görürsən, bir gənc rejissor əlini-qolunu çırmalayıb girib çəkiliş meydançasına. Soruşanda ki, triyer üslubunda çəkirsən? Ağzını açıb üzünə baxır. Gənclərin eqosu onları işləməyə qoymur. Onlar birləşməlidirlər, birgə diskussiyalar aparmalıdırlar ki, ortaya nəsə bir şey çıxsın. Bir də indiki rejissorlar ”nə çəkim” haqda yox, “necə çəkim” haqda daha çox fikirləşirlər. Vacibi “nə” çəkməkdir, “necə”si düzələn işdir. Mən məsləhət görərdim ki, imkan varsa, hətta xaricdə təhsil alsınlar.

- Niyə? Bizdə rejissor təhsili verən yoxdur?

- Yox, var. Mən ona görə demirəm, sadəcə istəyirəm ki, gənclərin mühiti dəyişsin. Təfəkkür tərzi, düşüncə forması dəyişsin. Mənasız əhvalatlardan çıxsınlar. Müasir sevgi hekayələrinə pis baxmasınlar.

- Son zamanlar çəkilən bəsit komediyaları kino sayırsınız?

- Kino sayıram. Rejissorda günah görmürəm. Günahı əylənmək istəyən xalqda tapıram mən... Kino elə bir sahədir ki, bu gün pis bir komediya çəkən, sabah yaxşı bir detektiv çəkə bilər. Bu məkan sürprizlərlə doludur.

- Kino əldən gedib?

- Kino mənim üçün həyatdır. Azərbaycanda həyat davam edir. Kinolar çəkilib, çəkilir, çəkiləcək də! Kino ümumilikdə yerindədi, amma deyəsən, mənimçün əldən gedib. Bu dəqiqə kino karyeramda taym-aut götürmüşəm. Fevraldan bəri gələn bir çox sifarişləri dəyərləndirməmiş onlardan imtina edirəm.

- Səbəb...

- Bilmirəm.. Özümü o layihələrdə görmürəm. Bəzilərinin ssenarisini oxuyub bəyənmirəm. Amma çoxu ilə oxumadan vidalaşıram. Çünki içindəkiləri təxmin etmişəm...

- Atanızın adını təxəllüs götürmüsüz. Filmlərinizin bir çoxuna atanız Təvəkkül Əhmədovu aktyor kimi çəkmisiz. Bu, sevgi bağıdır?

- Atam güclü aktyordur. O, məndə uşaqlığımdan kino sənətinə maraq yaradıb. “Sovqat” filmini atama ithaf etdim. Atamın fakturası bu obraza çox uyğun idi.

- Aktyor kimi atanızdan razı qaldınız?

- Əgər rejissor işindən razı qala bilmirsə, aktyorda günah axtarmamalıdır. Mən heç vaxt işimdən razı qalmamışam. Özünə tənqidi yanaşan aktyor əsl aktyor, öz səhvini görən rejissor əsl rejissordur. Mən ümumiyyətlə, aktyora azadlıq verən rejissorlardanam. Amma həddində...

- Şah əsərinizi çəkmisiz?

- Məncə, yox.

- Bir filminiz olub ki, 70 faiz çəkilişlərini bitirəndən sonra əlinizdən alınıb. Bu barədə danışın bizə...

- Söhbət İTV-də yayımlanan “Qarabağnamə” serialından gedir. Təsəvvür edin, mən o filmə baxmamışam... Amma hamı bilir ki, o filmi mən çəkmişəm. Deyilənə görə, pis çəkməmişəm.

- Filmlərinizi haçansa nüfuzlu beynəlxalq müsabiqəyə göndərmisinizmi?

- Heç vaxt festival kriteriyalarını özümə “planka” saymamışam. Mən filmi öz sözümü demək üçün çəkirəm. Yoxsa rəngi belə olsun, xronometrajı elə, forması belə... Nəticədə də “elə-belə” filmlər çəkib göndərirlər. Mənə heç kim bunları deyə bilməz. Nəyi necə istəyirəmsə, elə də çəkirəm.

- Rokla aranız, deyəsən, yaxşıdır. Bunu nə vaxtsa kinoya gətirmisiniz?

- Bu, mənim ən böyük arzumdur. Bir gün mən yaxşı bir müzikl çəkəcəyəm. Arzularım çoxdur, amma hamısı kompüterdəki “ssenarilər qovluğu”nun içində qalıb. Elə bilin, mənim ürəyimdə qalıb. Onu bilirəm ki, xəyal dünyamda çəkdiyim kinolarım çoxdur. Reallığa gələndə yoxa çıxırlar. Çünki sponsorum yoxdur.

- Özünüzü başqa hansı sahələrdə yoxlamısınız?

- Başqa sahələrdə həmişə çalışmışam. İndi də işləyirəm . Amma kino daim birinci plandadır. Hətta fasilə vaxtında da...

- Rejissor olduğunuza görə nə vaxtsa peşimanlayıb heyfslənmisinizmi?

- Bəzən olub ,tək qalmışam. Tənhalıqdan bezib kaş rejissor olmazdım demişəm. Amma bu, uzun çəkməyib. Kinoya olan sevgim tez qalib gəlib. Ən böyük sevgi elə kinonun özüdür axı...

- Kino biznesində istədiyiniz yeri tuta bilmisiniz?

- Mən istədiyim yerdə deyiləm. Amma layiq olduğum yerdə dayanıb-dayanmadığımı qoy mən yox, başqaları desin.

- Müasir filmlərdə klassik filmlərə aid nə çatışmır?

- Həyatın temperamenti, zamanın diktəsi, texnikanın inkişafı kinonu dəyişir. Kinonun zamanı yoxdur. Film konservləşdirilmiş zamandır. Kinonu janrlara, klassikə, müasirə bölmək olmaz. Kino biznesdir. Əsas odur ki, pul olsun. Onda çatışmayan cəhət də olmayacaq.


Müəllif: Könül Əlibəyli