27 İyun 2017 12:45
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.


Müəllif: Teleqraf.com