27 İyun 2017 17:44
4 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni “Üçüncü günün adamı” filminin media baxışına Tural dəvət etmişdi. Dedi, əsl sənin filmindi. Mütləq baxmalısan. Məhz bu sözün əlindən tutub getmişdim. Görüşüb zala keçdik. Kimlər vardı, kimlər... Bütün dost-tanış hamısı buradaydı.

Birdən işıqlar söndü. Zal qaranlığa büründü. Bayaq bir dolu zal adamı qaranlıq uddu və silah, atəş səslərinə dik atıldım. Aramsız atəş səsləri. Tam canlı. Uşaqlğımda eşitdiyim və qulağıma həkk olunan səslərin eynisi. Qeyri-ixtiyari qulaqlarımı qapadım və getdim ot basmış yollarla ta qayıtmaq istəmədiyim uşaqlığıma. Səslər dəyişməmişdi…

Gecələr evimizin işığını söndürürdü nənəm. Ermənilər gülləni işığa atır, deyə. Güllələr qaranlıqda daha aydın, daha parlaq görünürdü. Bilirsiz, mən saymağı güllələrdən öyrənmişdim. Göydə uçan güllələri sayırdım:

- 1, 2, 3, 7, 9…

Anam:

- 3-dən sora 7 yox, 4,5,6, sora 7 gəlir.

- 7, 9, 11…

- Yeddi, sora 8, sora 9, sora 10, ondan sora 11…

Nənəm deyirdi ki, güllələri saymazlar, hərəsi bir can alır, adam meyit saymaz. Eee, meyit göydə uçmur axı… Dəhşətli güllə səsləri dayanmırdı. Mənə elə gəlirdi ki, başıma dəyir o güllələr və güllə boyda deşiklər açılır başımdan. O deşiklərdən uşaqlığım tökülür çölə. Bir anlıq elə bildim nənəm də babam da, itimiz Vazgen də zala çıxıblar başımdan. Güllə səsi dayanır və başqa səhnəyə keçid verilir. Səhnənin işığı zalı işıqlandırır bir anlıq. Ayılıram ki, iki əlimlə başımı tutub oturmuşam. Tez özümü düzəldib yerimdə rahatlanıram və özüm-özümə deyirəm: "Bu filmdi, özünü ələ al. Bax, filmdi, gerçək deyil".

Ekrana baxıram. Kamran Yunis qatarda oğlanla söhbət edir: “Mən də Əfqanstana getmişdim əsgərlərə vətənpərvərlik ruhunda tamaşalar görsədirdik”.

Yenə çaşıram. Kamran öz aktyorluğundan danışır. Yox, film deyil bu. Film olsa, rol oynayar da. Daha burda da aktyor olmaz ki.

Sonra hadisələr əlindən tutub səni aparır özüylə taa Kəlbəcərə qədər. Yenidən atəş səsləri, yenidən o həyəcan. Kəlbəcərə gedən iki dost. Dost da deyil, əslində, iki həsrətli adam. Biri 17 il türmədə yatandan sonra azadlığa çıxmış birisi. Digəri isə anasının vəsiyyətini yerinə yetirməyə çalışan, qəlbi vətən həsrətindən yanıb bir ovuc külə dönmüş cavan oğlan. Gizli yollarla gəlib çıxırlar kəndlərinə. Yarı dağılmış evlər zorlanmış qızlar kimi… Və həmən tükürpərdici göy nəriltilərinə mən də dodaqlarımı büzüb, Sadiq kimi için-için ağlayıram.

Film səni öz içinə alıb yaşadır. Onlarla bərabər hər addımında minaya düşəcək həyəcanı keçirirsən, onlarla bərabər bir zamanlar sevgi dolu, səs küylü kəndin xarabalığını izləmək acısını yaşayırsan. Və Yavərin atası. Bizim elə sadiq atalarımız da az deyil. Bir şeyə əminəm, o şansı olsaydı, çox elə babalarımız, nənələrimiz gedib o kəndlərdə xarabalıq olsa belə, gizlin olsa belə, yaşamağa hazır olardılar.

Film başlayandan nə üçünsə onların düşmənin əlinə keçəcəyi fikri beynimə yerləşmişdi. Adım kimi əmin idim ki, onlar əsir düşəcək. Çünki başqa yol yox idi.

Ordan çıxmaq üçün gərək ya hind filimlərinin fantastik qəhrəmanları ola, ya da Rembo. Amma bu, müəllifinmi deyim, ya rejisorunmu ustalığından irəli gəlmişdi ki, onları oradan xata-bəlasız elə gözəl çıxarda bildi ki, adamın ruhu da incimədi. Düzdü, sonunda Sadiq öz kəndində qalmağı seçdi. Bu onun öz seçimiydi ya da düşmən zabitin bircə sözünün nəticəsi: “Bu torpaqlar sizindirsə, daha hara qayıdırsınız?”

Rejissor həm də göstərmək istəyir ki, nə qədər təhlükəli də olsa, bu mümkündü. Yəni həyatda mümkün olmayan heç nə yoxdu. Yetər ki, cəsarətin olsun. Ən əlçatmaz yerimiz Qarabağdırsa, o da mümkündü. Və ən əlçatmazımızdan misal gətirərək tamaşaçıya ötürmək istəyir ki, yetər ki, istəyin. Bacaracaqsınız.

Və eyni zamanda da bu filmdə bir mesaj da uca səslə qışqırırdı: "Qadın böyük qüvvədir!". Onları ora aparan qüvvə də qadın olmuşdu. Birini anasının nəsihəti, digərini isə sevdiyi, amma taleyindən xəbərsiz olduğu qız və itkin düşən anası. Eyni zamanda onları gətirib düz yolu göstərən və azadlığa ötürən də meşəbəyinin nəvəsi, skripkaçı qız oldu. Yəni qadın həm təhlükəyə sürükləyər, həm də xilas edər. Skripkaçı qızın sözü hələ də beynimdən çıxmır: "O qayalıqdan sonra heç nəyə dəyilməyib. Hər şey öz yerindədi. Elə bil müharibə qayalığa qədər gedib, orda dayanıb. Qayalıqdan o tərəfə qədər çatmayıb”.

Və əsir götürdükləri komandiri öldürməyib ağaca bağlamaqları, məncə, onun da Əfqanıstan döyüşçüsü olmağından irəli gəlirdi. Ən azı nə zamansa döyüş yoldaşı olmuşdular. Məncə, rejissor burda demək istəyib ki, bəzən elə zaman gələr ki, düşmən olduğunu unudub, məhz, insani hisslərinlə qərar verməli olarsan.

Amma görəsən qarşı tərəf nə zamansa, eyni durumda, eyni hisslərlə qərar verə biləcəkmi? Çətin!

İlk dəfə idi bizim filmdə belə təbilik görürdüm. İlk dəfə idi bizim filmdə aktyor öz səsiylə danışırdı. Özüydü.

Filmdən çıxıb, uşaqlığımın əlindən tutub üzü “Sahil” metrosuna düşürdüm ki, birdən vıyıltıyla güllə keçdi böyrümdən. Özlüyümdə “Sadiqi vurdular", - dedim. Bir də ayıldım ki, nə Sadiq, Formula 1-in yanımdakı stendin o tayından şütüyən maşınlarıymış.


Müəllif: Çinarə Ömray