29 İyun 17:02

“Danışan fotolar” layihəsində bu dəfə Kinematoqrafçılar və Rəssamlar ittifaqlarının üzvü, əməkdar artist Suğra Bağırzadə ilə həmsöhbət olduq.

“Azərbaycanfilm” kinostudiyasındakı balaca emalatxanasında görüşüb fotolarından boylanan xatirələrlə uzaqlara yol aldıq...

- Bu şəkil mən balaca olanda Çəmbərəkənddə (indiki Şəhidlər Xiyabanına yaxın ərazi - N.M.) çəkilib. Soldakı balaca qız mənəm, başdakı anamdır. Ailədə yeddi bacı, bir qardaş olmuşuq. Mən qızlar arasında ortancılam. Sağdan ikinci isə qardaşımdır. İki bacıdan sonra dünyaya gəlmişdi, amma çox tez rəhmətə getdi.

Şəkildə bir bacım yoxdu, çünki o vaxt Leninqradda oxuyurdu.

- Bacılarınız da sizin kimi mühəndis oldular?

- Məndən əvvəlki iki bacım mühəndis oldu, məndən sonrakılar isə xarici dillərə yiyələndilər. Böyük bacım Amaliya həkimdir.

- Çoxuşaqlı ailədə böyümək necə hisdi?

- Çox yaxşı və maraqlıdır. Böyükdən-kiçiyə hər kəs ailə qayda-qanunlarına riayət edirdi. Böyük bacılar mütləq kiçiklərə qulluq etməli idi. Məsələn, mən özümdən kiçik bacım Nazlının köynəyini yuyurdum, ütüləyirdim, saçını hörürdüm. Böyüyün dediyi də qanun idi. Bu, indi də belədir.

- Gözlərinizin rəngindən kimə oxşamısınız?

- Mənə atamın nənəsi - Məşədi Kərbəlayi molla Suğra xanımın adını qoyublar. Mən də ona oxşamışam. “Suğra”nın mənası ən kiçik canlı məxluq deməkdir.

Atamın dayısı məni həmişə “mamaşa” deyə çağırardı. Deyirdi, sənə anamın adını qoydum, sən isə səhnədə qısa tumanla, ayağın, əlin açıq oynayırsan, belə də iş olar?.. Deyirdim, eyib etməz, böyüyəndə adını doğruldaram. Bizim nəsildə Məkkəyə ilk mən getdim. İlk namazı da onun adına qıldım.

- Qızlarınızdan sizə oxşayan varmı?

- Balaca nəvəm Ameliya mənə oxşayır. Gözləri də yaşıl rəngdədir.

Bacımın təkidi ilə ikinci sinifdən Pionerlər Sarayının xor dərnəyinə yazılmışam. Çox gözəl illər idi. 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində Azərbaycan ongünlüyü çərçivəsində ilk dəfə “Cücələrim” mahnısını ifa etməyim həyatımda böyük dönüş yaratdı. O vaxt elə bir hökumət tədbiri yox idi ki, “Cücələrim”i oxumayaq.

1958-ci ildə Nazim Hikmət Azərbaycana gəlmişdi. Həmin illərdə o, Moskvada yaşayırdı. Hökumət tədbirində biz “Cücələrim” mahnısını oxuyub oynadıq. Məni konsert vaxtı görüb yadında saxlamışdı. Bir gün bizim Pionerlər Sarayına qonaq gəldi. Yenə biz səhnəyə çıxdıq, oxuyub-oynadıq. Konsert qurtarandan sonra məni yanına çağırıb qucaqladı, kimin qızı olduğumu, ailədə necə nəfər olduğumuzu, necə dolandığımızı soruşdu. Uşaq kimi ona hər şeyi danışdım.

Çox keçməmiş Nazim Hikmət müəllimimdən ev telefonuzumun nömrəsini alıb, atama zəng edir. Deyir, sənin çox qızın var, Suğranı mənə ver, aparım Moskvaya, mənimlə yaşasın. Övladım yoxdur, Suğra həm sənin, həm də mənim qızım olsun. Onu ağıllı, təhsilli böyüdəcəm.

Əlbəttə, atam icazə vermədi. Böyüyəndən sonra hər dəfə bu şəklə baxanda atama zarafatla deyirdim, gərək məni Nazim Hikmətə verərdin. İkinizin də qızı olardım.

- Gedərdiniz?

- Çox uşaq idim. Nə başa düşürdüm ki...Bəlkə də gedərdim, sonra da darıxıb başlayardım ağlamağa. Çünki biz bir-birimizə bağlı ailə olmuşuq.

Beşinci sinifdə oxuyurduq. Sinif yoldaşım mənim, mən isə onun paltosunu geyinmişdim. Şəkil çəkənə demişdik ki, elə çək o qız, mən isə oğlan kimi düşüm. Ayağımızı çəkməklə işi korlayıb... O oğlan artıq dünyasını dəyişib, Allah rəhmət eləsin.

- Məşhurluğunuz yaşıdlarınızın qısqanclığına səbəb olmurdu ki?

- Mən 7 nömrəli məktəbdə oxumuşam. İkinci sinifdən artıq tanınmağa başlayırdım. Amma bunu yaşıdlarıma hiss etdirməməyə çalışırdım. Əlbəttə, nə dərəcədə alınırdı, deyə bilmərəm.

Səkkizinci sinifdə oxuyanda “Yollar və küçələr” filmində baş rola, doqquzuncu sinifdə isə “Ulduz”da Yetər roluna çəkildim. Dərs zamanı Moskvadan gəlib şəklimi çəkirdilər, dublyaj üçün kinostudiyaya aparırdılar. Bütün bunlar bizə biologiya və coğrafiyadan dərs deyən bir müəllimin xoşuna gəlmirdi. Məktəbi bitirəndə həmin müəllim atama deyib, pul ver, qızına qızıl medal verim. Atam razılaşmamışdı. Ona görə attestatımda cəmi iki fəndən dördüm oldu.

- Dublyaj demişkən, kinostudiyada uşaq səslərini sizdən başqa kimlər səsləndirirdi?

- Ramiz Əzizbəyli, Fuad Poladov, Almaz Mustafayeva. Bir-birimizi elə uşaq yaşlarından tanıyırdıq. Dublyajda çox böyük sənətkarlarla çalışırdıq. Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Əli Zeynalov...

Ələsgər Ələkbərovun mənə olan qayğısını heç vaxt unutmaram. “Kor skripkaçı” filminin dublyajı zamanı Ələsgər müəllimin üç yaşlı oğlunu səsləndirməyi mənə həvalə etmişdilər. Onun həyat yoldaşını da Hökumə Qurbanova səsləndirirdi. Ələsgər müəllim kinostudiyaya gələndə məni gəlib məktəbdən götürürdülər. O da hər dəfə məni görcək, yanıma gəlib başımı sığallayar, alnımdan öpərdi. Sonra yemək yeyib-yemədiyimi soruşardı. Biləndə ki yeməmişəm, deyərdi, əvvəlcə bu uşağa çay, yemək verin, sonra işə başlayaq. Çox diqqətli insan idi...

Filmin dublyajı zamanı Ələsgər Ələkbərovla Hökumə Qurbanova ayrıldıqlarına görə küsülü idilər. Mən filmi öncə Ələsgər müəllimlə, sonra Hökumə xanımla yazırdım. İkisi də çox möhtəşəm və peşəkar aktyorlar idi.

Məktəbi bitirəndən sonra həm Pionerlər Sarayından, həm də dublyajdan ayrıldım. Halbuki kinostudiyada kifayət qədər aktyor “stavkam” var idi. O “stavka”ya görə “Ulduz” filmində çəkiləndə böyük sənətkarlarla eyni qonorar alırdım. Kinostudiyadan məni Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna göndərmək istəyirdilər, atam nə ora getməyə icazə verdi, nə də aktrisa olmağıma. Deyirdi, get instituta gir, bir peşə sahibi ol.

Beləcə Neft-Kimya İnstitutuna daxil oldum. Orda oxumaq çox çətin olsa da təhsilimi əla qiymətlərlə başa vurdum.

- Atanızdan fərqli, həyat yoldaşınız aktrisa kimi fəaliyyət göstərmənizə icazə verdi...

- Onunla başdan şərt kəsdim. Dedim, o şərtlə ailə qururam ki, mənim aktrisa olmağıma icazə verəcəksən. Çünki heç bir kişinin xoşuna gəlmir ki, xanımı gec saatlarında kino çəkilişində olsun. Neyləyəsən, kino çəkilişləri belədir. Ailə həyatı qurandan sonra filmlərə çəkilməyə başladım, o zaman atam dünyasını dəyişmişdi.

- Yoldaşınız hansı rolunuzu sevir?

- Yetəri. Biz evlənəndən sonra deyirdi, səni Yetər rolunda görüb, özümə söz vermişdim ki, Bakıya gələndə - o vaxtlar Naxçıvanda yaşayırdı - səninlə evlənəcəm. Elə də oldu. Ona deyirdim ki, bunu əvvəldən bilsəydim, sənə ərə gəlməzdim.

- Yoldaşınız, qızlarınızla olan şəkilləriniz gözümə dəymir.

- Onların yayılmasını istəmirəm.

- Bunlar məşhur filmin foto-sınaq çəkilişlərindəndir. Filmin baş qəhrəmanı kifir olmalı idi. Ona görə məni müxtəlif variantlarda sınaqdan keçirib, kifirləşdirmək istəyirdilər, amma alınmadı.

Başqa bir film də var idi. Başıma nə qədər oyun açsalar da kifirləşdirə bilmədilər. Sonra o filmə çox məşhur insan çəkildi. Bu görə filmin adını çəkmək düzgün olmaz.

- Çəkilmədiyinizə heyifsləndinizmi?

- Əlbəttə. Elə bilirsiniz ki, aktyor üçün həmişə yaxşı və gözəl adamları oynamaq maraqlıdır? Yox, aktyor müxtəlif səpkili rollarda özünü sınamalıdır. Hərdən həyasız bir qadının obrazını da yaratmaq istəyirsən.

Bunlar “Ulduz” filmindəndir. Kinoda ən maraqlısı çəkiliş prosesidir. Montaj olunub kino halına gələndə bir əsər, bir məhsul olur. Çəkiliş prosesi, məqşlər zamanı aktyorların bir-biriləri ilə zarafatı isə tamam başqa aləmdir. “Ulduz”un da çəkiliş prosesi çox maraqlı keçdi.

Amma indi filmi hər dəfə görəndə ürəyim ağrıyır. Çünki orda çəkilənlərin əksəriyyəti dünyasını dəyişib. Yalnız Hacı Murad və Məleykə xanım həyatdadırlar. Allah onların canını sağ eləsin.

Lütfəli Abdullayevi xatırlayıram... Lütfəli müəllim rayona gələndə onu rahat qoymazdılar. Hər gün qonaqlığa çağırırdılar. O da hara qonaq getsə məni nəzərdə tutub deyirdi ki, mehmanxanada bir qızım var, əvvəlcə onun payını göndərin, sonra mən gəlim. Sağ olsunlar, göndərirdilər. Özü də elə çox göndərirdilər ki, hamıya çatırdı.

Allah Siyavuş Aslana da rəhmət eləsin. Onunla yeganə tərəf-müqabili olduğum filmdir.

“Alma almaya bənzər” filminin reklam afişalarıdır. Eşidəndə ki, filmin çəkilişləri Qubada olacaq, çəkilməkdən imtina etdim. Həm qızım çox balaca idi, həm də kinostudiyada mühəndis işimlə əlaqədar Bakıdan kənara çıxa bilmirdim.

- Niyə ki? Axı film də kinostudiyanın istehsalı idi.

- 1974-cü ildən kinostudiyada mühəndis işləyirəm. Bir müddət aşkarlama sexində növbə rəisi, plyonka şöbəsinin müdiri oldum. Çox məsuliyyəti iş idi. Çəkilsəydim, burdakı işimi kim görəcəkdi? Özü də kinostudiyanın direktoru Cəmil Əlibəyli işi qoyub, çəkilişə getməyə icazə vermirdi.

Ona görə mən filmin yaradıcı heyətinə çəkilə bilməyəcəyimi dedim. Heç gözləmədiyim halda bir gün gəldilər ki, hazırlaş, səni filmə çəkirik. Quba səhnəsini kinostudiyanın pavilyonunda qurmuşdular. Özü də məndən xəbərsiz. Həmin gün işə şalvar geyinmişdim. Rejissor Arif Babayev məni elə o geyimdə çəkdi. Təsəvvür edin, o dövrdə şalvar hara, Quba hara...

Film hazır olandan sonra Moskva Dövlət Kino Komitəsinə göndərildi. Komitənin tərkibindəki Bədii Şura filmə baxdı. Arif Babayev Moskvadan qayıdanda şalvar məsələsi ilə bağlı problem olub-olmamasını soruşdum. O da gülüb, zarafatla dedi: “Moskvada dedilər, bu nədi, Qubanı lap Parisə döndərmisən”.

- Suğra xanım, niyə kinostudiyaya aktrisa kimi yox, mühəndis kimi qayıtdınız?

- Aktyor şöbəsindəkilərin işi ancaq filmlərə çəkilmək idi. Film yoxdursa, iş də yoxdur. Mənim hər halda mühəndis diplomum vardı. Ona görə gündəlik işimin olmasında maraqlı idim. Çəkilişləri Bakıda aparılan filmlərə çəkilirdim, eyni zamanda dublyajda film səsləndirirdim.

Onu da deyim ki, mən çəkildiyim filmlərdə heç vaxt özüm-özümü səsləndirməmişəm. Hamı mənə deyir ki, yaxşı, özün qocalmırsan, bəs səsin niyə qocalmır. Deyirəm getdikcə səsim böyüyür, normal səsə çevrilir, qoca qadının səsinə çatmağına isə hələ çox var.

- “Güllələnmə təxirə salınır” filmindən fotolar rastıma çıxmadı...

-Təəssüf, o fotolar burda yoxdu. O film Fuad Poladovla ilk işim idi. Amma heyif ki, ekran əsərini pis günə qoydular. Film sponsor hesabına çəkilmişdi, aşkarlanması üçün Ukraynaya göndərilmişdi. Pul verilmədiyindən filmi on il Ukraynada zirzəmidə saxladılar. Neqativə düşən göbəlik xəstəliyi çox kadrları yararsız hala gətirdi.

Mən filmdə Fuadın sevgilisini oynayırdım. Bu, lal sevgi idi. Kişi də, qadın da başa düşürdü ki, heç vaxt ailə qura bilməyəcəklər. Amma yenə bir-birilərini sevirdilər. Və bütün işlərini bir yerdə görürdülər. Birlikdə çəkilən nə qədər səhnələrimizi filmdə görməyəndə rejissor Ələkbər Muradovdan küsdüm. Mən uşaqlarıma, əsərlərimə cavabdehəmsə rejissor da öz məhsulundan cavabdehdir. O, gərək evini satmaq bahasına da olsa neqativi ordan götürərdi. Gərək işinə məsuliyyətlə yanaşardı, çünki filmdə böyük aktyorlar rol almışdı.

Sonra filmə kinostudiya sahib çıxdı, montaj olunub, ekranlarda nümayiş olundu.

- Suğra xanım, floristika ilə 90-ci illərdə məşğul olmağa başladınız?

- Ciddi şəkildə bəli. Ona qədər işim çox idi, həm çəkilirdim, həm mühəndis kimi işləyirdim, həm də dublyaj edirdim. 88-ci ildən sonra filmlər çox az çəkilməyə başladı. Onda mən rəsm əsərlərinə daha çox diqqət ayırdım. Yaradıcı insanın enerjisi çıxmasa dəli olar. Floristika məni xilas etdi.

Gördüyünüz bu əsərlərin hamısı güllərin avtoportreti, qadınların protipləridir. Hamısının da öz hekayəsi var. “Tikanlı məftillər” adlı əsərimdə tikanlı budaqların arasından boylanan gözəl gülləri işləmişəm. Demək istəyirdim ki, gözəlliyi tikan arxasında gizlətmək mümkün deyil. Qəribədir ki, illər sonra yaratdığım əsərlərə baxanda düşünürəm görəsən bunları hazırlayanda hansı əhval-ruhiyyədə olmuşam. O baxımdan hər əsərin öz vaxtı var.

- Bəs indiki əsərləriniz hansı əhvalın məhsulu olacaq?

- Hazırda məni daha çox dəniz mövzusu cəlb edir. Dünyanın ən böyük akvariumlarından biri San-Fransiskoda yerləşir. Ordan qeyri-adi karallar, balıqqulağı, Los-Ancelesdən isə qurumuş balıq gətirmişəm. Bir əsərin konsepsiyasını yığmışam, sadəcə gedib-gəlib bəzi dəyişiklik edirəm.

O birinin isə ideyası var. Balıq toruna ilişmiş güllərin, budaqların təsvirini hazırlamağa çalışacam.

- İşinizə biznes kimi yanaşırsınız?

- Bir əsəri minimum iki ilə hazırlaya bilirəm. Çətin ərsəyə gəlir və dəyəri ucuz deyil. Buna biznes kimi yanaşmıram. Bunlar əhval- ruhiyyəmin, bacarığımın, daxilimin təzahürüdür. Əgər ilk dəfə məni bütün dünyaya “Cücələrim” mahnısı tanıtdısa, indi də bu əsərlər tanıdır.

Gülşən Qurbanova, Muxtar Maniyev, Telman Adıgözəlov. Bunlar “Kino Klub”un zamanında çəkilib. Telman məndən iki sinif yuxarı oxuyurdu. Biz uşaqlıq dostu idik, xətrini çox istəyirdim. Sonra tale elə gətirdi ki, həm də sənət dostu olduq. Çox istedadlı, çox zarafatcıl, çox yaxşı insan idi. O, dünyasını dəyişəndən sonra “Kino Klub”un da ləzzəti qaçdı.

Muxtar Maniyevlə üç filmdə tərəf müqabili olmuşam və üçündə də onun həyat yoldaşını canlandırmışam.

80-cı illərdə Pyer Rişarın Bakıya gəlişmişdi. Səhv etmirəmsə, gəlişi festivalla bağlı idi. Şəkil də o zaman çəkilib.

- Fotolarınızın yarıdan çoxu səyahətlər zamanı çəkilib.

- Floristika ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə dəvət alıram, yaxud istirahət məqsədilə gedirəm. Dünyanın yarısını gəzmişəm. Avropanın əksər ölkələrində, Sinqapurda, Malaziyada, Yaponiyada, Yeni Zelandiyada və başqa yerlərdə olmuşam.

- Kiminlə səyahət etməyi sevirsiniz?

- Səyahətə bacılarımla, rəfiqələrimlə gedirəm. Baxın bu şəkillər Türkiyədə çəkilib. TRT mənim haqqımda silsilə verilişlər hazırlayırdı. Ona görə bir həftəlik Türkiyəyə qonaq dəvət etmişdilər. Demişdilər ki, özünüzlə bir müğənni də gətirin. Mən də çox sevdiyim Arzu Əliyevanı aparmışdım. Arzu Opera və Balet Teatrının solistidir, Leylinin gənc ifaçılarındandır.

- Hansı ölkədə yaşamaq istərdiniz?

- Azərbaycanda. İnsan bir yerdə özünü tapandan sonra başqa ölkədə yaşamaq onun üçün maraqsız olur. Hansı gedirəmsə gedim elə ki, aeroporta çatıb, biləndə ki, Azərbaycan təyyarəsinə minəcəm rahat oluram. Əminəm ki, heç bir problemim olmayacaq.


Müəllif: Nərmin Muradova, Elçin Murad