30 İyun 2017 15:47
2 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar kino və reklam sənətində baş verənləri tanınmış kinoprodüser Orxan Mərdanla müzakirə etdik. Orxan deyir ki:

Əslində bir az “aldım qoz, satdım qoz” var bu işdə...

- Azərbaycanda reklam sənətinin inkişafındakı problem nədədir?

- Açığı, elə o problemlərdən dolayı mən uzun zamandır ki, reklamdan uzaqlaşmışam. Amma ümumilikdə sezdiklərimə dayanaraq, deyə bilərəm ki, əsas problem ilk növbədə müştərilərin qeyri-müəyyənliyidir. Daha doğrusu, müştərilər nəyi və necə istədiklərini özləri də bilmirlər və ən əsası bu işi çox ucuz qiymətə gördürmək istəyirlər. Digər bir problem isə reklam agentliklərinin və sifarişçilərin gürcü, türk və ukrayna mütəxəssilərinə üz tutmaları, necə deyərlər, özümüzünküləri bəyənməmələridir. Bu da yerli reklam şirkətlərinin inkişafına hardasa mane olur. Amma mütləq qeyd etməliyəm ki, xaricilər nə qədər yaxşı reklam çəksələr də, bizim milli ruhumuzu bilmədikləri üçün onların çəkdikləri reklamlar çox vaxt izləyicilər tərəfindən qəbul olunmur. Əgər bizim izləyici türk reklamlarına baxıb, o duyğunu ala bilirsə, demək, eyni duyğunu biz də reklamlarımızda verə bilərik, camaat da bəyənər. Reklam da yaddaqalan olar, istehsalçısına da pul qazandırar...

- Sizin çəkdiyiniz reklamlar, filmlər digərlərindən üstündürmü? Əgər cavabınız “hə” olacaqsa, bu üstünlük nədədir?

- Düşünürəm ki, hər yeni işə həyacanla yanaşa bilmə bacarığım mənim fərqimdir.

- Sanki kino meydanında bir durğunluq vardı və “Xoxan” filmi aranı qarışdırdı...

- Əslində, mən buna durğunluq deməzdim. Kinomuza qarşı sanki bir etinasızlıq, etibarsızlıq var idi. Bu həm tamaşaçılarda, həm də “Xoxan”dan sonra kütləvi şəkildə film istehsal etməyə başlayan hər bir kəsdə var idi. Biz Zaur Mirzəzadə ilə bunu bacaracağımıza inananda və işə başlamaq istəyəndə, həmin o kəslər “ağıllı” məsləhətlər verərək, bizi yoldan caydırmağa çalışırdılar. Yəqin ki, qeydimizə qalırdılar... (Gülür)

“Xoxan” əslində bizimlə birlikdə bu işin uğuruna inananların kollektiv əməyi idi. “Xoxan”a başlayanda büdcə azlığından əziyyət çəkirdik. Çünki Azərbaycanda uğurlu və gəlir gətirəcək yerli filmin yaradılacağına inanan və bu filmə pul xərcləmək istəyən sponsor tapmaq çətin idi. Amma biz bunu bacardıq və sübut etdik ki, Azərbaycanda da film çəkmək və filmdən gəlir əldə etmək mümkündür.

- Prodüseri olduğunuz “Xoxan” filmi uğurlu oldu? Yoxsa “Naxox” “Xoxan”ı üstələdi?

- “Xoxan” uğurlu layihə idi. O qədər uğurlu idi ki, ondan sonra dayanmadan hər kəs kino çəkməyə başladı. Belə deyək də, “Xoxan” Azərbaycanın kino biznesini və kino sənayesini diriltdi. “Xoxan” kinoteatrlara girəndə alternativi yox idi. Lakin “Naxox“ çıxdığı dönəmdə isə kinoteatrlarda yerli film çoxluğu müşahidə olunurdu. Buna baxmayaraq, yenə də izləyici sayına görə “Naxox” yalnız “Stalinin başı” filmindən geri qalırdı.

- Son zamanlar çəkilən komediya filmlərinin bəsit və “bayağı”ya yaxın olmasına baxmayaraq, baxılmasının səbəbi nədir?

- Məncə komediya və zarafat anlayışı fərdə görə dəyişir. Hə, razıyam ki, böyük kütlə müəyyən mənada açıq və yüngül zarafatlara gülür. Bu da istehsalçıları onlara xitab etməyə məcbur edir. Amma biz çalışırıq ki, zarafatların həddini müəyyən mənada balanslaşdıraq ki, necə deyərlər, nə şiş yansın, nə kabab. Amma onu da unutmayaq ki, dünya artıq bayağı zarafatın maksimumundadır. Sadəcə, bizim tamaşaçılar başqalarından qəbul etdiyi sözləri, bizdən həzm edə bilmirlər.

- Niyə komediyadan başqa janrlarda çəkilən filmlər uğursuzluğa düçar olur?

- Əslində, mən bu fikirlə razı deyiləm. Komediyadan başqa bir neçə dəfə melodrama meyl edənlər olub. Amma bu zaman reklama yanaşma, filmin satış strategiyası və başqa məsələlər düzgün olmayıb deyə film baxılmayıb. Bunu təkrar-təkrar deməyi özümə borc bilirəm: Yaxşı çəkilmiş, hekayəsi düzgün və milli üslubda olan hər bir film seviləcək, baxılacaq, qazanacaq.

- Kinoteatrların bu məsələdə yol verdiyi hansısa səhv varmı?

- Bizim kinoteatrlar həmişə yanlışa yol verirlər. İlk dönəmlərdə Azərbaycan filmlərinin baxılacağına inanmırdılar. Hətta mən “Xoxan” dönəmində kinoteatr rəhbərlikləri ilə görüşmək istəyərkən, onlarda o dərəcədə laqeydlik görürdüm ki... Hətta bəziləri əziyyət çəkib mənasız yerə görüşmək də istəmirdilər. Uzun sürən mübarizədən sonra biz görüşə bildik. Tamaşaçıların kinoteatra axınını görəndə isə artıq kinoteatrlar özləri bizimlə maraqlanmağa başladılar.

Hələ ki, ortada böyük həcmdə nə maddi qazanc var, nə də geniş kütlə! Buna baxmayaraq, bəzi problemlərdən dolayı yenə yola getmirik. Bu problem də təbii ki, bizim işimizə mane olur. Ümid edirəm ki, yaxın zamanda ortaq məxrəc tapılar. Məsələ bilirsiniz nədədir? Biz Xoxanı yayıma çıxaranda 5 kinoteatrımız var idi, sonra kinoteatrların sayı 10 oldu, amma istehsalçılar filmlərini yenə də 5 kinoteatrda yayımlaya bilirlər.

- Kinoda əsas olan nədir? Pul, sponsor, ideya, ssenari, ulduz aktyor?

- Ssenari, ssenari, ssenari!

- Türkiyənin ATV telekanalında efirə gedən İran istehsalı “Həzrəti Məhəmməd-Allahın elçisi” bədii filmini yerli kinoteatrlara çıxarmağa cəhd etdiniz. Məqsəd nə idi?

- Bu film islam dünyası üçün önəmli layihə idi. Bütün islam ölkələrində də maraqla izlənmiş və müzakirəyə səbəb olmuşdu. Mən düşünürdüm ki, bizim insanlara bu filmi məhz kinoteatrda izləmək maraqlı olacaq. Ona görə də bir neçə dəfə cəhd göstərdim. İranlılar da sağolsunlar, filmin yayım haqqı üçün elə bir məbləğ istədilər ki, nəticədə filmi gətirmək mümkün olmadı. Hətta bu məsələ ilə bağlı yerli yayım şirkətləri ilə də danışıqlar apardıq. Onların da gücü çatmadı və mənim əziyyətim də özümə qaldı...

- Yeni işlərinizdən danışın...

- Bu il üçün 2 film istehsal etmək planım var idi. O filmlərdən biri rejissorluğunu Emil Quliyevə həvalə etdiyimiz “İkinci pərdə” filmidir. Bu film artıq yekunlaşmaq üzrədir. Film dram janrındadır. Baş rollarını Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər canlandırır. Düşünürəm ki, noyabr ayında kinoteatrlarda yayımlayacağıq. İkinci filmim isə komediya janrında olacaq. Hələ ki, ssenari dönəmindəyik.

- Gənc kino prodüserlərimizin əsas problemi və ya səhvi nədədir?

- Kino prodüserlərin əsas problemi kinoteatr sayının az olmasıdır. Biz filmlərin maksimal və minimal satış həddi üzərindən büdcə müəyyənləşdiririk. O da, əlbəttə, işin müəyyən mənada keyfiyyətinə də təsir edir. Ölkə üzrə satış potensialı genişləndikcə daha böyük büdcəli və daha keyfiyyətli işlər ərsəyə gələcəyinə ümid edirəm.

- Azərbaycan kinosunun nə vaxtsa “Oskar” alacağına inanırsınızmı?

- Əslində, neçə ildir ki, Azərbaycan kinosunu əlində saxlamağa çalışan “əmilər” şərait yaratsaydılar, indiyə “Kann” da almışdıq, “Oskar” da! Amma eybi yox... Məncə, ən böyük “Oskar” elə millətin filmlərimizə baxmağıdır.

- Bir az da kinonun üstüörtülü və kadrarxası problemlərindən danışaq...

- Kinonun əsas problemlərindən biri vergi məsələsidir. Kino kənardan çox böyük məbləğdə qazanc gətirən bir sahə kimi görünsə də, əslində, bir az “aldım qoz, satdım qoz” var bu işdə... Mən fürsətdən istifadə edib kinoda vergi ilə bağlı güzəştlərin tətbiq olunmasını istərdim.

- Bu işə yeni gələnlərə məsləhətiniz?

- Əslində, bu işin yenisi, köhnəsi olmur. Bu işin daha çox istəyəni və daha çox işləyəni olur. Məsləhətim budur ki, bu işi sevərək, görməyəcəklərsə, getsinlər, başqa işlə məşğul olsunlar!


Müəllif: Könül Əlibəyli