15 İyul 2017 02:14
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ah, bu Gənc Tamaşaçılar Teatrı... Səni ayda üç yol ziyarət etməsəm, daha ayaqlarım sözümə baxmır. Bu dəfə GƏNC dostum balıq təbəssümüylə "Mübariz, Mübariz" deyib səsləyirdi məni. Necə deyərlər, yaxşılığı elə, at dəryaya, balıq bilməsə də, xalıq biləcək. Ayaqlarımın xətrinə dəyməmək üçün yol aldım GƏNC-imizin yanına.

Yolda yazar Çinarə Ömrayın bir sözü yadıma düşdü: "Mübariz Örəni hardasa təqdim edəndə hələ də gənc yazar deyirl …” Məni gülmək tutdu.

Mübariz Örənin bu gün “Balıq gülüşü” kitabının təqdimatı idi.

Bu dəfə teatrın üzü astarına çevrilmişdi. Yəni kitab təqdimatına gələn adamlar, nəhayət, teatrın önünə yox, salonuna təşrif buyururdular. Girhagirdə tanış simalardan cəmi birini, yəni, elə səbəbkar Mübarizi görüb, sevindim. O da reklam lövhəsində - “Balıq gülüşü” kitabı və Mübariz Örən. Hələ ki zalda yazarın bəzi tanımadığım tanışları, yaxınları var idi. Yazar əhlindən kimsə gözə dəymirdi.

Mübarizi təbrikləyib, zalı bir də gözdən keçirib çölə çıxdım. Bir az keçdi. ATV-nin kameralı heyətiylə Səlim Babullaoğlu gəldi. Arada Səlim bəyi bu geyimdə, yəni, qara eynəkdə, kostyumda, qəribə yerişində ədəbiyyat cameəsinin avtoritetinə də bənzədirəm. Sonra üzündəki nuru görüb tövbə deyirəm.

Qonaqlar sürətlə gəlirlər. Aqil Abbas, Baba Vəziroğlu, Seyfəddin Hüseynli, Qəşəm Nəcəfzadə, Qan Turalı, Mirmehdi Ağaoğlu, Qismət Rüstəmov, Şəhriyar Del Gerani... Sayhasay, qurtarmır. Görünən odur ki, yazarın yaşı qədər saysam da bitməyəcək. Əlli yaş, əlli. Bədənimin kamerasını, başımı adamlara tuşlayıram. Qulağımın biri artıq məclisi açan Səlim Babullaoğlundadır.

- Əziz və hörmətli dostlar! Bu gün.... yığışmışıq...

Diqqətimi yazarın arxasında qoltuğaltı boyu düzülən meyvələr, şirniyyatlar, sərin şirələr çəkir.

- Sözü verirəm Fərid Hüseynə.

- Mübariz öz yaşı qədər yazan adamdır. Onun yazılarından yaşı....

Limonadın stəkanını 3 saniyəyə ötürən ağsaqqal qımışır, Fəridsə hələ danışır. Ağsaqqal: "Aya, bu nə qədən danışer, hamı da qulaq aser. Onnansa gəlin meyvə yeyin, şirə için dana" deyir. Fərid nitqini bitirir.

Gözlərimin ön planına Taleh Eminoğlu, İltimas Səmimi ilə Yetim Qacar düşür.

- Taleh, Səməd Vurğun mənim babamdı. Azarbaycan ədəbiyyatinda əvəzolunmaz şair odur. Dram yazmaq üçün gərək qüclü potensialın ola.

- İltimas, elə danışırsan, ordakı meyvələrdən əriyin dili olsa, bağıra-bağıra: "Hə, nolsun, mənim də potensialım var, al, bu mən, bu da tumum, ikimizi də yeyərsən" deyər. Gərək dahi olmaq üçün drammı yazasan?!

Yetimlə mən gülüşürük.

Başımı çevirəndə bu dəfə ön plana Çinarə Ömray, Kəramət Böyükçöl, Seyran İsmayılov çıxır. Çinarə içdən bir püfültüylə Mübarizin kitabını bir o yana yelləyir, bir bu yana. Kəramət dözmür.

- Çinarə, bəsdi o kişini yellədin. Hər dəfə çiynimə dəyəndə elə bilirəm Mübariz üstümə gəlir. Hələ buna bax, kitabın arxasındakı Mübarizə...

Çinarə - balıq gülüşüylə balıqqulağı qaşlarını qaldırır...

Çıxışda bir yaşlı, ucaboy kişidir. Adını bilmirdim, üzü tanış deyildi.

- Mən nə deyə bilərəm ki... Mübarizin özüylə birgə bir kitabı doğulub....

Kaspi qəzetinin buruqsaçlı xanımı Xanım kişinin kim olduğunu soruşur, "bilmirəm" deyirəm.

- Get, yaxınlaş, soruş gör kimdi, mənə də de.

- Bəy, adınız necə oldu?

- Rasim Asifoğlu. Yazıçıyam, kitabım çxıb...

Kimsə "bir az sakit olun, danışanlar eşidilmir" deyib arada gəzir. Həqiqətən də izdiham var. Görünür, Mübariz heç bir təqdimatdan ayağını kəsməyib. Xanıma bu şad xəbəri çatdırıb, "bilirəm, qəzetə xəbər hazırlayırsan, bu şad xəbərə bir çay düşür ha" deyib sərinləmək üçün qoltuğaltına yaxınlaşıram. Emin Piri dəyirman kimidir, maşaallah.

- Emin Piri, necəsən? Düşmüsən e cənnətə.

- Kitaba 5 manat pul vermişəm, necə olmalıdır? Pulu çıxartmalıyam, ya yox?

- Yaxşı, nə qədər çıxartmısan?

- 1 kilo çiyələk yemişəm, bir az da gilas yesəm işi həll edəcəm.

Fotoqraflar işıq saçır, Arzu Murad, Nofəl Ümid. Deyəsən, elə haranısa nişanlayan məqamda məni də işıqladılar. Bu arada Mübarizi də gözdən qoymuram, başı yaman qarışıb kitab imzalamağa. Özü kimi iri hərflərlə arzularını yazır, imzasını atır.

İçəridə böyük izdiham var, adamların 90 faizi yazardır. Elə indicə kimsə teatrın önündə ayaq saxladı.

- Dayan, ay qız, burda nəsə var, xeyli adam yığılıb, girək içəri.

Uzaqdan dördlük gəlir, Ayvazlar ailəsi - Ayxan, Gülbəs, Oğuz və Dəniz. Salamlaşırıq. Qəribədir, bəli, qəribə. Balıq gülüşü... Balıq da gülərmiş. Bu fikir beynimdə hərlənir. İltimas elə bil balıq tutmağa gəlib. Harda cavan, qəşəng qız gördü, söhbətə tutur, tilovu boşa çıxsa da inadından əl çəkmir. Arada balıq gülüşləri kəsilir.

"Balıq gülüşü, balıq gülüşü" deyib səbəbkara yaxınlaşıram.

- Mübariz bəy, bir söz soruşum, bilirəm, imza çəkə-çəkə çətindir, qısaca de görüm, bu balıq gülüşü nə nədir?

- Emin, indi yox, indi yox, sonra yazaram şəxsən sənə. Belə də ki, kitabı oxu, biləcəksən. "Balıq gülüşü” kitabını oxu.


Müəllif: Emin Akif