25 İyul 2017 13:57
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin Teleqraf.com-a verdiyi məlumata görə, yaşı 35-ə qədər olan bütün şəxslər ssenari müsabiqəsində iştirak edə bilər:

“Şərtlərə görə hər bir müəllif maksimum 3 ssenari təqdim edə bilər. Qalib ssenarilərə 1- ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat məbləğində pul və diplomlar təqdim olunacaq.

Ssenari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirməkdir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub”.

Əli Vəliyev qeyd edib ki, ssenarilər 31 oktyabr 2017-ci ilə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.


Müəllif: Könül