1 Avqust 2017 10:55
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamıya gülüş bəxş eləyən komediya aktyorlarını həyatda da xoşbəxt hesab edənlər az deyil. Halbuki məsələ başqa cürdür... Əməkdar artist Naibə Allahverdiya ilə söhbətdən sonra buna bir daha əmin olduq.

Teleqraf.com əməkdar artistlə müsahibəni təqdim edir.

- Tiflisdə anadan olmusuz. Bakıya nə zaman gəldiniz?

- Tiflisdə anadan olsam da, bir müddət bibimlə Yevlaxda yaşamışam. Amma Bakıya tez-tez gələrdik, ona görə uşaqlıq illərimin çox hissəsi Bakıda keçib. Uşaq vaxtı yelləncəkləri çox xoşlayırdım. Bibimdən xahiş edirdim ki, məni karuselə mindirsin. Yelləncəklərdə yellənəndə elə bilirdim ki, əlim göylərə, ulduzlara çatacaq. Həmişə elə fikirləşirdim...

- Müstəqillik günündə doğulmağınız sizi digərlərindən daha vətənpərvər edirmi?

- Düzdür, mayın 28-də anadan olmuşam. Bu tarix təkcə mənim üçün yox, bütün xalqımız üçün önəmlidir. Vətənpərvərəm, özü də çox... Bəlkə bir az da milliyətçiyəm. Öz vətənimi, millətimi çox dəyərləndirirəm. Respublikada baş verən hər bir hadisə mənim üçün önəmlidir. İstər yaxşı olsun, istər pis. Ümumiyyətlə, cəmiyyətdə baş verən hadisələrə həmişə münasibət bildirməyə çalışıram.

Mənim atalığım Cahid bəy sovet dönəmində bizim bayrağımızı ilk dəfə Qız Qalasına qaldırmışdı. Buna görə o, sürgün olunmuşdu. (Cahid bəy – Cahid Hilaloğlu - rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız Qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilib. – red.) Bəlkə də bu vətənpərvərlik hissini məndə o yaratdı. “Azərbaycan”, “azadlıq” sözləri heç vaxt onun dilindən düşmürdü. Allah ona qəni-qəni rəhmət eləsin. Mənə vətənpərvərlik hissini o aşılayıb. Onu sonralar Ağdamda öldürdülər. Belə demək olar ki, o da şəhid idi.

- Rolunuzu oynayarkən başınıza gələn komik hadisələrlə real həyatda da qarşılaşırsızmı?

- Həyatımda komik hadisələr o qədər də baş verməyib. Dramatik hadisələr daha çox olub.

- Komediyanı daha çox sevirsiz, ya faciəni?

- Bəziləri məni komediya aktrisası kimi tanıyır. Halbuki komediya janrını sevmirəm. Əsasən, psixoloji və faciə janrında filmlərə baxıram. Komediyaya heç həvəsim yoxdur. Qorxulu filmlər isə mənə pis təsir edir.

- Səhnədəki ən incəbel ulduzumuz sizsiz?

- Gözəl sualdı. (Gülür). Bəli, deyilənə görə, ən incəbel aktrisa mənəm.

- Efirlərdə, səhnədə çox pozitiv görünürsüz. Həyatda da pozitivsizmi?

- Həyatda çox acılar yaşamış, çox əziyyətlər çəkmiş bir insanam. Öz ayaqlarımın üstə duran bir adam olmuşam həmişə. Heç kimin köməyi olmadan... Həm səhnədə, həm həyatda. Uşaq vaxtı çox şən idim. Hər şeyi mavi rəngdə görürdüm. Amma get-gedə həyat məni dəyişdi. Mavi rəng bozarmağa başladı.

Amma bu qədər çətinliyin və əzabların içində mən yaşaya və insanları sevə bilirəmsə, onlara qarşı münasibətim yaxşıdırsa, sevgim varsa, deməli, içimdə pozitiv nəsə qalır. Allah eləməsin ki, onu mənim əlimdən alsınlar. Tükənmişlik sindromu olur ha insanda... Sanki onu yaşayıram. Amma yenə də çalışıram, həyatda mübarizəni davam etdirim, pozitiv əhvalımı qoruyub saxlayım. Bunu da hər zaman bacarmıram. Mən elə bir insanam ki, məni adi bir şeylə sevindirmək, adi bir şeylə də həyatdan küsdürmək olar.

- Hansı həmkarınızla işləməkdən zövq alırsız?

- İstedadlı insanlarla işləməyi xoşlayıram. Şəxsiyyət kimi sevmədiyim biri olsa belə, istedadlı tərəf-müqabilidirsə, onunla işləməkdən zövq alıram və ona hörmət edirəm.

- Təsəvvür edin ki, bir gün teatrlar ləğv olunur, kino çəkmək yasaqlanır. Nə edərsiz?

- Allah eləməsin... Teatr bağlansa, deməli, mədəniyyətin özəli məhv olur. Bir cəmiyyətdə teatr, kino yoxdursa, o cəmiyyət yaşamır.

- Gənc aktrisalar nəyi səhv edir?

- Həqiqətən bu sənəti sevən, bu sənətə dəyər verən, gözəl, gənc aktrisalarımız var. Amma bizim kimi deyillər... Daha açıqdılar. Biz belə deyildik. Biz bir az çəkingən idik. Böyüklərin yanında bir az özümüzü yığışdırırdıq. Bəlkə də onlar düz edirlər. Bilmirəm...

- Nəyin bahasına səhnədən gedərsiz?

- Mən öz sənətimi çox sevirəm. Yalnız bir şərtlə səhnədən gedərəm. Hiss eləsəm ki, tamaşaçının mənə sevgi azalıb... Aktyoru-aktrisanı ilhamlandıran, gözəl-gözəl obrazlar yaratmağa sövq edən tamaşaçıların bizə verdiyi dəyər və sevgidir. Bu olmayanda aktyorlar həvəsdən düşür, pessimist olur, səhnəni tərk edirlər. Mən də eynən o cür... Özümə qarşı laqeydlik, biganəlik görsəm, sənətdən gedərəm.

- Bu sənət sizə arzuladığınız gəliri qazandıra bilirmi?

- Təəssüf ki, yox... Başqa ölkələrdə aktyorlar adi serialdan nə qədər pul qazanırlar. Amma bizim teatrlarda maaş o qədər də yüksək deyil. Düzdür, mən Prezident təqaüdünə layiq görülmüşəm. Buna görə hər zaman minnətdaram ki, adım bu siyahıya salınıb. Amma hamımız yaxşı bilirik ki, bəzən ədalətsizliklər də olur. Pis çıxmasın, işlədirlər, pulumuzu vermirlər. Ya da elə məbləğdə qonorar təklif edirlər ki, çəkilmək istəmirsən.

Hərdən fikirləşirsən ki, yox, tamaşaçı səni gözləyir. Küçədə insanlar məni görüb yaxınlaşır və deyirlər ki, Naibə xanım, sizin üçün, oynadığınız rollar üçün darıxmışıq.

Əgər həqiqətən mən bilsəm ki, seriala çəkiləcəm, bu, tamaşaçıya böyük zövq verəcək, heç qonorara da baxmaram. Amma ucuz, heç bir dramaturji yükü olmayan seriala çəkilməkdənsə, çəkilməmək yaxşıdır.

- Şəxsi həyatınızdan razısızmı?

- Ailəm haqqında danışmaq istəmirəm. Çünki hər şey öz içimdədir... Şəxsi həyatım barədə danışmayaq...

- Heç olmasa deyin, həyatınızda sevgi var?

- Sevgisiz həyat olmur. Amma mən belə görürəm ki, sevmək ancaq qadınların bacaracağı işdir.

- Deyəsən, kişilərdən şikayətçisiz. Bəs başqa nədən, kimdən narazısız?

- İnsanlar arasında laqeydlikdən, soyuqqanlılıqdan narazıyam. İnsanların biri-birinə olan münasibətindən narahatam. Azərbaycan mentalitetində, ailələrdə qanun-qaydaların itməsindən narazıyam. Qadına olan münasibətdən narazıyam. Əvvəllər belə deyildi. Kiməsə dərdini danışırdın, kimsə sənə dərdini danışırdı. Yəni insanlar bir-birinin dərdinə şərik olurdu. İnsanlar bir-birini bu qədər aldatmırdı. İndi ailənin içində ər-arvad bir-birini aldadır. Oğul ananı aldadır, ana oğula soyuq münasibət göstərir. Mənim üçün belə bir cəmiyyətdə yaşamaq çox çətindir.

- Sosial şəbəkələrdə aktivsiz?

- Əvvəllər Feysbukda çox aktiv idim. İndi bir az İnstaqramda aktivəm, o da vaxtım olandan-olana. Sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə edirəm. Ordan cəmiyyətdə baş verən hər bir hadisəni oxuyuram.

- Cəmiyyəti idarə edənlərə nə sözünüz var?

- Onlara deyərdim ki, qərar qəbul edəndə bir anlıq özünüzü o insanların yerinə qoyun.

- Həyatınızda nəyə yer yoxdur?

- Həyatımda xəyanətə, yalana yer yoxdur. Bunları heç sevmirəm, amma nədənsə bunlar həmişə gəlib məni tapır. Elə olur, mən də qazanın içinə düşürəm. Deyir, sən saydığını say, gör fələk nə sayır. Bax o məsələ... Heç nə istədiyimiz kimi olmur. Həyat sürprizlərlə doludur. Bəzən bu sürprizləri qəbul etməyə məcbur olursan. Onda da işlər fəna olur.

- İstədiyiniz vaxt, istədiyiniz qədər tort yeyə bilərsiz?

- Ümumiyyətlə, şirniyyatı sevən deyiləm. Əvvəllər dieta saxlayırdım. Xəstələnəndən sonra çox gərgin depressiya keçirdim, xəstəxanada yatdım və 12 kiloqram arıqladım.

- Olurmu bir paltarı 5 dəfə geyinəsiz?

- Elə paltar olur ki, mənə yaraşmasa da, onu bir neçə dəfə geyinə bilirəm. Elə paltar da var, bahalı və çox qiymətlidir, amma mən onu geyinmirəm. Baxıram, alıram, amma qalır qarderobda. Mənim paltara münasibətim də sevgiylədir.

- Nədən bezmisiz?

- Hərdən başımı götürüb qaçmaq istəyirəm. Amma hara gedim? Bunu özüm də bilmirəm...

- Nə olmasa, kim olmasa yaşamazsız?

- Övladım olmasa yaşamaram.

- Xəyalpərəstsiz?

- Əvvəllər çox xəyalpərəst idim. İndi o qədər də yox.

- Hansı səhvinizi indiyə kimi özünüzə bağışlamırsız?

- Həyatda səhvlərim çox olub. Bəzən bilmədən indi də səhvlərim olur. Səhvlər bilirsiz nədən irəli gəlir? İnsanlara inanmaqdan. İnsanları o qədər sevirəm, onlara o qədər inanıram ki, bir müddət sonra görürəm yanılmışam. Buna görə heç vaxt özümü bağışlamıram. İnsanlara çox tez dəyər verirəm, onları özümə yaxın buraxıram. Yenə tora düşürəm.

- Düşmənlərinizə nə arzu edirsiz?

- Mənim düşmənim torpaqlarımızı işğal edənlərdir. Mən öz xalqımın nümayəndəsini düşmən saya bilmərəm. Çünki bizim qanımız, canımız birdir. Onların arasında sadəcə məni sevməyən insanlar da var...


Müəllif: Könül Əlibəyli