2 Avqust 2017 16:28
2 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. Azərbaycanın ilk filmləri fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş xronika tipli süjetlərdi. "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və "İlişdin" adlı kiçik kinosüjetlər Azərbaycan kino tarixinin əsasını qoydu.

Gələn il 120 illik yubileyini qeyd edəcək Azərbaycan kinosu bu günə qədər bir çox mərhələlərdən keçib.

18 dekabr 2000-ci il tarixli president sərəncamı ilə hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.

Teleqraf.com kino günü münasibətilə bu sahədə əməyi olan bütün kino adamlarını, rejissorları, aktyorları və digər kino xadimlərini təbrik edir.

Bəs görəsən, bugünkü kinomuzun mənzərəsi necədir? Hazırkı kino reallığında “bulanıq kadrlar” varmı? Yoxsa kinomuz şəffaf inkişafa doğru irəliləyir? Ümumiyyətlə, kinomuzu tərəqqiyə aparan perspektivlər hansı istiqamətdədir?

Bu sualların cavabını kino adamları ilə müzakirə etdik.

Bir çox yerli filmlərin müəllifi olan tanınmış kinorejissor Cavid Təvəkkül hər şeyin yaxşılığa doğru getdiyini deyir:

“Azərbaycan kinosunda həmişə perspektiv var, bundan sonra da olacaq. Amma düzü, perspektiv bu gün fotoaparatla kino çəkənlərdədir. Onlar indi nə gəldi çəkirlər, nə çəkdiklərini bilmirlər, amma bir azdan bunu anlayacaqlar. Az qalıb... Mən perspektivi azad Azərbaycan gəncliyində görürəm”.

Tanınmış kinoşünas, ssenari müəllifi və kino mütəxəssisi Kamran Qasımov XXI əsrdə dəyərlərin bir az dəyişdiyini və bunun kinodan da yan keçmədiyini bildirir:

“Mən həmişə kino ilə bağlı optimist danışmağa çalışıram. Kinomuzun bugünkü vəziyyətini müəyyən mənada inkişaf etmiş saymaq olar. Söhbət təkcə dövlət kinosundan getmir. Dövlət bu illər ərzində kinomuza kifayət qədər kömək edib.

Əslində, dövlət kinoya sadəcə yardım edə bilər, bir təsərrüfat subyekti kimi onu saxlaya bilməz. Dünyada bu gün “dövlət kinosu” anlayışı yoxdur.

Mən bu gün kinomuzun perspektivlərini iki qolda görürəm. Bu, imic və festival filmləri, eləcə də həm dövlət, həm də qeyri-dövlət vəsaiti hesabına çəkilən filmlər, bir də kommersiya filmləridir. Mən kommersiya filmlərini kinonun inkişaf perspektivi adlandırıram. Çünki bu filmlər Azərbaycan tamaşaçısına lazımdır.

Bu gün kinoteatrlarımız az deyil. Mədəniyyət klubları da sanballı kinoteatrlara çevrilməyə başlayıb. Bu, çox uğurlu haldır. Mən hesab edirəm ki, Azərbaycan kinosu bu gün dünyaya çıxa bilir. Sadəcə, kinomuz imicini qorumalıdır. Təbliğat düzgün şəkildə aparılmalıdır.

Mən özüm bu gün müəyyən istehsalçılara filmlərini festivallara çıxarmaqda yardımçı oluram. Deyirlər, kommersiya filmləri festival üçün deyil, amma mən düşünürəm ki, piar düzgün aparılsa, kommersiya filmləri də festivallarda uğur əldə edə bilər. Belə deyək, bugünkü kino mədəniyyətimizin vəziyyəti elə də acınacaqlı deyil. Vəziyyət ürəkaçandır”.

Kinoşünas-alim, əməkdar incəsənət xadimi Aydın Kazımzadə də milli kino ilə bağlı pozitiv düşüncədədir:

Əvvəla, mən bütün kinosevərləri, kinematoqrafçıları təbrik edirəm. Yaxın günlərdə kino xadimlərinə fəxri adlar verildi, prezident təqaüdü təqdim olundu. Bu onu göstərir ki, kino işçilərinə daim qayğı var. Gələn il isə kinomuzun yubileyidir, 120 yaşı tamam olur. Mənim üçün ikiqat bayramdır. Həm kino işçisi, həm də kino tarixçisi kimi.

Mən bir tarixçi kimi 1898-ci ilə aid kinolarımızı tapıb ortaya qoydum və dəlillərə əsasən Azərbaycan kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlandığını sübuta yetirdim. Ən başlıcası Heydər Əliyev mənim faktımı təsdiq elədi. Mənim üçün bundan gözəl şey ola bilməz. Azərbaycan kinosu yaşayır, yaşayacaq!”

Xalq artisti Ramiz Novruzu isə real kino mənzərəsi qane etmir:

“Əvvəllər kino istehsalı tam dövlət səlahiyyətində idi. Yəni hər filmdə dövlətin ideologiyası var idi. İndi çəkilən filmlərin 70 faizində müəlliflər ayrı-ayrı şəxslərdir, buna görə onların filmləri də qeyri-peşəkardır. Mənəvi dəyərlərimizdən bəhs edən böyük kinolar azalıb.

Mənə elə gəlir, bugünkü Azərbaycan kinosunun, teatrının, ədəbiyyatının baş mövzusu Qarabağ olmalıdır. Lakin bu mövzuya çox nadir hallarda müraciət edilir. “Fəryad”, “Dolu”, çəkilib göstərilməyən “Sarı gəlin” kimi filmlər azdır. Bilirsiniz, indi çəkilən filmlər ancaq azərbaycanlılar üçün maraqlıdır. Yəni bu filmləri sabah bir türkə, əcnəbiyə göstərsək, bu ona maraqlı gəlməyəcək və o, heç nə başa düşməyəcək. Çünki ordakı dialoqları onlar anlamır. Yəni bizdə bütün insanlara toxuna biləcək filmlər az çəkilir.

Ən əsası, bu gün peşəkar rejissorlar azdır. Çox az rejissor peşəkar təhsil alıb. Çoxusu pul tapıb rejissor olanlardır, rejissor olub pul axtaranlar isə azdır. Aktyorlar üçün vaxt gedir, yaş artır. Ümumiyyətlə, Azərbaycan kinosunu dünyada tanıdacaq filmlər çəkilmir.

Rejissor mütləq məktəb keçməli, peşəkar olmalıdır. Heç bir filmdə çəkilməyən birini aktyor edə, onu filmə çəkə bilərsən. Bu mənada heç bir rejissor “aktyor yoxdur” deyə deyinməsin. Hər şeyi rejissor həll edir. Film problemli alınırsa, səbəb rejissordadır. Elə roman var ki, oxuyub ağlayırsan, amma filminə baxıb tamam başqa təəssürat alırsan. Bu da qeyri-peşəkarların çoxluğundan irəli gəlir”.

Aktyor-rejissor Kamal Yaşar isə Azərbaycan kinosunun gələcəyinə böyük ümidlə baxır: “Bizim milli kino elə bizim milli çiyinlərimizin üzərində kök atacaq, inkişaf edəcək. Qara ləkələri biz də görürük, tanıyırıq. Bir gün, özü də çox gec olmadan hər şey öz axarını tapacaq”.

Tanınmış rejissor, teleaparıcı Mahir Dərviş sadəcə kino ənənələrinə dəyər vermək lazım olduğunu deyib:

“Hər məqama yaraşan bir atalar misalı var. Keçmişinə və ustadına xor baxanın gözlərinə qan damar. Bu gün kinonu özfəaliyyətə çevirib, onun-bunun filmlərinə baxıb kino çəkənlər Azərbaycanın klassik kino ənənələrinə ağız büzürlər. Amma heç nəyə nail ola bilmirlər. Gərəkdir ki, hər kəs öz dədə-babasına oxşasın ki, desinlər: Bu, filan nəsildəndir…

Kinomuzun nəslini kəsmək istəyənlər o kəslər ola bilər ki, onların zatında nöqsan var. Amma milli kinomuzun ruhu yaşayır və o özünü yenidən səhnəyə gətirmək üçün bizim aramızda öz varisini axtarır. Varisin zühurunu gözləyirik”.

Əməkdar artist, teatr və kino aktyoru Qurban İsmayılov da pozitiv düşüncədədir: “Bir onu deyə bilərəm ki, kinomuzun bugünkü vəziyyəti qənaətbəxşdir. Nə vaxtsa Azərbaycan kinosu da Hollivud arenasına çıxacaq!”

Rejissor Əli İsa Cabbar kino proqramının tələblərinin yerinə yetirilmədiyindən şikayətçidir:

“Bir neçə il öncə “2008-2018-ci illər ərzində kinonun inkişafına dair proqram” qəbul olundu. Bu, çox gözəl qərar idi. Proqramda addım-addım görüləcək işlər yazılmışdı. Lakin təəssüf ki, proqramın bitməsinə il yarım qalsa da, işlərin heç 60-70 faizi görülməyib.

Ümumiyyətlə, son 10 ildə dövlət kinomuza külli miqdarda pul ayırdı. Bu pulu daha ağıllı xərcləmək olardı. Bu pulu xərcləyərkən təəssüf ki, tenderlər keçirilmirdi. Ssenarilər tendersiz qəbul olunurdu. Ona görə də həmin filmləri görən tamaşaçılar məəttəl qalırdılar ki, bu ssenarini necə təsdiqləyib çəkiblər? Bütün bu problemləri aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir. Yaradıcı insanlara daha komfortlu şərait yaradılmalıdır. O ayrılmış vəsaiti göz bəbəyi kimi qorumaq, onu düzgün istifadə etmək lazımdır.

Gürcüstanda, Qırğızıstanda kinoya bizdəki qədər pul ayrılmır. Amma onlar beynəlxalq festivallarda bizdən çox iştirak edir, bizdən çox mükafat qazanırlar. Onlar elə metod işlədirlər ki, dövlət kinoya vəsaitin müəyyən hissəsini verir. Ssenari, rejissor yaxşıdırsa, xarici prodüserlər də onu dəstəkləyir. Ona görə də bir qayda olaraq, Gürcüstan, Qırğızıstan kimi ölkələrin filmləri Amerika, Fransa kimi ölkələrlə birgə istehsal sayılır.

Təəssüf ki, hələ nəinki Fransa və ya Amerika, heç Gürcüstan kimi qonşu dövlətlə belə birgə filmimiz yoxdur. Bu, çox önəmli məsələdir. Birgə istehsal olan filmlərin beynəlxalq festivallarda mükafat qazanmaq şansı daha çox olur. Çünki həmin filmləri bir yox, bir neçə ölkə dəsətəkləyir. Bu məsələlər təcili həll olunmalıdır. Vaxt daralır”.

Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov bayram günü kinomuz haqqında neqativ sözlər danışmağın düzgün olmadığını bildirib:

“Bu gün kino bayramıdır. Neqativ danışmaq olmaz. Ancaq yaxşı şeyləri qeyd eləməliyik. Bəyəm toy günü gəlinin burnunun yekəliyindən danışmaq olar? Bu, düzgün çıxmaz. Ona görə mən də deyirəm: Bizim kinomuz inkişaf edir və onun parlaq gələcəyi var…”


Müəllif: Könül Əlibəyli