11 Avqust 2017 19:43
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

1935-ci il oktyabrın 9-da Böyük Britaniyada doğulan Don MakKallin XX əsrin məşhur savaş fotoqrafı kimi tarixə düşüb.

Londonda kasıb ailədə böyüyən Don MakKallinin uşaqlığı II Dünya müharibəsi illərinə təsadüf edib. Uşaqlıqdan vizual sənətə heyran kəsilən fotoqraf ilk vaxtlar rəssamlıqla məşğul olub. Gənclik illərində isə fotoqrafiyaya bağlanan MakKallin özünü bu sənətdə taparaq təsdiq edib.

Ömrünün 60 ilini münaqişə zonalarında olub müharibələri lentə alan MakKallin 1964-cü ildə fotoqrafiya sahəsində məşhur mükafatlardan birini alıb. O, Kipr müharibəsini işıqlandırdığı üçün “Vorld Press Foto”nun ilin fotoqrafiyası nominasiya üzrə mükafatına layiq görülüb.

İşinin vurğunu olan bu insan 2015-ci ilin oktyabrında 80 yaşını da İraqda “Harper’s Magazine” jurnalı üçün çəkilişlər edərək qeyd edib.

Don MakKallin demək olar ki, dünyanın əksər münaqişə zonalarında olub. Şərqi Nigeriya, Şimali İrlandiya, Livan, Vyetnam, Kamboca, Kipr, Salvador, Konqo, Suriya, İraq və s. Bu illər ərzində dəfələrlə ölümlə üz-üzə gələn fotoqraf 1968-ci ildə baş verən hadisəni heç vaxt unuda bilməyəcəyini söyləyib. Bir müsahibəsində dediyinə görə, onu hədəfə alan güllə əlindəki fotokameraya tuş gəldiyi üçün ölümdən xilas olub. Fotoqrafın silahdaşı və silahı olan fotokamerası o gün onun üçün həm də zirehə çevrilib.

Qeyd edək ki, canlı əfsanəyə çevrilən fotoqrafın bioqrafiyası əsasında film də çəkilmək üzrədir. Filmin ssenari müəllifi və rejissoru Qreqori Byork, baş rolun ifaçısı isə Tom Xardi olacaq.

Teleqraf.com D.MakKallinin ötən il Suriyadan gəldikdən sonra BBC-yə verdiyi müsahibəni və fotoqrafın tarixə düşən fotolarını təqdim edir.

BBC: - İnsanların bir-birlərinə edə biləcəyi, deyə biləcəyi ən pis şeyləri göstərən bu ekstremal situasiyalar sizin üçün nə ifadə edir? Hər şeyə rəğmən, siz orda olub onları görmək istəyirsiniz.

Don MakKallin: - Sadəcə olaraq evdə oturub qəzet oxuya bilmədiyim üçün müharibəyə gedirəm. Mən baş verənləri öz gözlərimlə görüb həkk etməliyəm. Təəssüflər olsun ki, Suriyaya axırıncı səfərim çox çətin oldu. İnsanlar mənə “yox” deyərək kameranın obyektivini əlləri ilə tuturdular.

BBC: - Palmirada nə gördünüz?

Don MakKallin: - Buna qədər mən Şamda hökumət nümayəndələri ilə bərabər çox vaxt keçirmişdim. Palmiraya isə məni bir ehtiras bağlayır: bir neçə il öncə Şimali Afrikada qədim Roma şhərləri haqqında kitab nəşr etmişdim.

Biləndə ki, Bella məbədi dağıdılıb, o zaman mən ora gedib hər şeyi öz gözlərimlə görməliydim.

Ancaq Rusiya hərbi birləşmələri faktiki olaraq bölgəni öz nəzarətinə götürmüşdü. Məbədə girməyə icazə vermədilər. Mən ancaq qapıları gördüm.

Arada fürsət tapıb gizlincə dağıdılmış məbədə girdim. Bir kadr çəkmək imkanım oldu. Sonra bir əsgər gəldi və mənə dedi ki, ordan rədd ol.

Onun əlindəki “Kalaşnikov”u görüb ingiliscə cavab vermək istəmədim. Sadəcə, tabe oldum.

Onlar deyirlər ki, Palmiranı yenidən bərpa edəcəklər. Amma mən heç cürə təsəvvür edə bilmirəm ki, bu dağıntıları hissə-hissə necə yığacaqlar. Palmira bir daha əvvəlki Palmira olmayacaq.

BBC: - Siz qazandığınız təcrübədən danışırsınız. Məlum məsələdir ki, getdiyiniz yerlərdə çox şeylərin şahidi ola bilərsiniz. Ancaq siz hazırda insanları fotojurnalistika ilə məşğul olmaqdan çəkindirirsiniz.

Don MakKallin: - Əgər siz qəzetləri açsanız, görəcəksiniz ki, fotojurnalistika daha əvvəlki yerini tutmur. Oxuculara indi varlı, məşhur insanlar, onların həyat tərzi, kinofestivallar, qala gecələri daha çox maraqlıdı. Bu isə xəbər deyil.

Mənsə xəbərin lazım olduğu dövrdə böyümüşəm. Bu həyəcanverici idi. 20 il “Sunday Times”-da işləmişəm. Geniş mövzuları əhatə eləmişəm. Bununla belə, fotoqrafiya mənə hadisələrin mərkəzində olmaqdan daha çox incəsənət kimi maraqlı olub.

Çəkdiyim insanların əzab-əziyyətləri məni həmişə qayğılandırıb.

BBC: - Sizin ən məşhur fotoqrafiyanıza baxıram. Vyetnamdan bir açıqca. Amerika əsgəri onu döyüş meydanına aparacaqları anı gözləyir. O, sarsıntı içərisində boş gözlərlə kameraya baxır. Zəhlətökən olmadan, başqasının həyatına müdaxilə etmədən nə zaman çəkməli olduğunuza necə qərar verirsiniz?

Don MakKallin: - Olduqca cəld qərar verirəm. Mənim gözlərim təbiətin mənə verdiyi ən gözəl bəxşişdir. O qədər də savadlı deyiləm, 15 yaşım olanda məktəbi atmışam.

O əsgərə gəldikdə isə... Bu mənim işimdir. Belə sürətli olmağım üçün çox işləmişəm. İnsanlar o şəkil haqqında mənə tez-tez sual verirlər.

Problem ondadır ki, bu şəkil artıq Mona Liza kimi kanonik xüsusiyyət daşıyır. Ancaq başqa bir mənada. Fotoqrafiya hadisənin, anın dondurulmuş halıdır. Buna baxmayaraq, çoxları sonradan həmin əsgəri tapmağa cəhd etməyimlə maraqlanırlar. Amma mən daima keçmiş anlara qayıda bilmərəm axı.

BBC: Belə çıxır ki, onun taleyi sizin üçün məlum deyil?

Don MakKallin: - Xeyr. Kimsə mənə demişdi ki, əgər o əsgər sağdırsa, çox güman ki, Amerikada treyler parkında yaşayır.


Müəllif: Elçin Murad