14 Avqust 2017 19:38
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

2005-ci ildə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında onun 120 illik yubileyinə həsr olunan “Məşədi İbad” adlı film çəkildi. Tanınmış müğənni və aktyorların çəkildiyi film birmənalı qarşılanmadı, bəziləri onu bəyənsə də, bu filmi klassik ekran əsərini korladığına görə qınayanlar da oldu.

Bu yaxınlarda isə məlum oldu ki, “Təhminə və Zaur” filminin bəzi məqamlarına “ilişən” “Təhmin və Zaur”, həmçinin “Bir qalanın sirri” ekran əsərinə toxunan “Bir xalanın sirri” filmi çəkilir.

Teleqraf.com klassik ekran əsərlərimizə komik notlarla toxunan bu yeni filmlərə bəzi yaşlı nəsil kino xadimlərinin münasibətini öyrənib.

Azərbaycanın xalq artisti, kinorejissor və ssenari müəllifi Oktay Mirqasımov:

Mənə elə gəlir, belə yüngül və qeyri-ciddi mövzularla klassik filmlərimizin adlarından istifadə etmək yaxşı tendensiya deyil. Mən bunu çox ucuz bir fəaliyyət sayıram. Hələ hazır olmadığı üçün bu filmlərə baxmamışam, amma artıq indidən təsəvvür edirəm ki, bu filmlər hansı səviyyədə olacaq. Bu səviyyə bizim kino sənətinə böyük zərbədir.

Ümumiyyətlə, son zamanlar qeyri-ciddi insanlar tərəfindən bu tip fəaliyyətə qoşulmağı mən dağıdıcı proses sayıram. Klassik əsərlərimizə “məzə” ilə yanaşmaq ürəkbulandırıcı və xoş olmayan məsələdir.

Xalq artisti Ramiz Novruz:

İndi kim nə gəldi çəkir. Meydan genişlənib və hamı özünü rejissor sayır. Amma onu deyim ki, bu klassik əsərlər o qədər böyük əsərlərdir, min rekviem çəkilsə də, onlar korlanmayacaq. Bəzi şedevrlərə mənfi təsir göstərmək mümkün deyil.

Ümumiyyətlə, dünya təcrübəsində belə bir şey var. Məsələn, dünya ekranlarını zəbt edən “Robin Qud” filminin də, “3 muşketyor”un da parodiya versiyasını çəkdilər. Həmçinin Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialının komediya versiyasını hazırladılar, uğurlu da alındı. Bu, mümkündür, belə bir janr var.

Amma elə etmək lazımdır ki, bu janrın özünün də bir orijinallığı olsun. Lakin istənilən halda bütün belə filmlər sadəcə müvəqqəti əyləncə xarakteri daşıyan kiçik filmlərdir. Yeni versiyalar “Təhminə və Zaur”un, “Bir qalanın sirri”nin təsirini azaldan deyil. Ola bilsin, bu filmləri çəkənlərin öz fantaziyası geniş deyil, ona görə də onlar klassik filmlərə toxunaraq, öz sözlərini demək, bundan istifadə edərək, yadda qalmaq istəyirlər. Aktyor olaraq mən belə bir filmə çəkilməyə risk etmərəm.

Kinoşünas-rejissor Ayaz Salayev:

Mən bu filmləri görməmişəm. Amma açığı, bu filmlər tam hazır olsa belə, ola bilər ki, mən onları heç vaxt görməyim. Marağım yoxdur, sözün düzü. Bu dəqiqə göydə uçan qaranquşa aid fikir bildirərəm, amma bu filmlərlə bağlı heç bir fikrim yoxdur.

Onlar kinonun bir qolu ola bilər, amma əsas qolu yox. Belə filmlərə tam biganəyəm...


Müəllif: Könül