28 Sentyabr 2017 09:27
3 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un müsahibləri Azərbaycan tamaşaçısına “Tərkedilmiş”, “Qızqaçıran” filmlərindən yaxşı tanış olan rejissor Korhan Uğur, “Adını Fəriha qoydum” serialı ilə tanınan Məlih Səlçuk, “Əlif” serialı ilə sevilən aktrisa Cəmra Melis Çinardır.

Onları Azərbaycan kinoteatrlarında nümayiş olunan “Cənazə işləri” filmi bir araya gətirib. Üç yaradıcı şəxslə internet vasitəsilə söhbətimiz həm adı çəkilən film, həm də onların yaradıcılıq işləri və gələcək planlarına dair oldu.

“Azərbaycan tamaşaçısı əxlaqlı, anlayışlıdır”

- Korhan bəy, söhbətə sizinlə başlamaq istəyirəm. Azərbaycan tamaşaçılarına yeni filminiz təqdim olundu. Təbrik edirəm, bol uğur arzulayıram. Doğrusu, sizdən “Qızqaçıran” filminin davamını gözləyirdik, amma birdən-birə “Cənazə işləri” ilə qarşımıza çıxdınız...

- “Qızqaçıran 2”-nin ssenarisindən əvvəl “Cənazə işləri”nin ssenarisi artıq hazır idi. Arada “Cənazə işləri”ni çəkməyə imkan yarandı, biz də fürsəti əldən vermədik.

- “Tərkedilmişlər”, “Qızqaçıran” filmləriniz bizim kinoteatrlarında artıq nümayiş olunub. Azərbaycan tamaşaçılarını necə xarakterizə edərsiniz? Türk tamaşaçılarından nə ilə fərqlənirlər?

- Azərbaycan tamaşaçıları türk tamaşaçılarından fərqli olaraq daha az qərəzlidir. Filmi prodüser şirkətinə, aktyor və aktrisalara görə deyil, hekayəsinə, posterinə, treylerinə görə dəyərləndirib kinoteatrlara gedir. Böyük prodüser şirkətlərinə xüsusi maraqları olmadığına görə bu, bizim kimi müstəqil prodüser və rejissorlar üçün böyük şansdır. Bu səbəblərdən dolayı Azərbaycan tamaşaçılarını türk tamaşaçılarından daha çox əxlaqlı və anlayışlı hesab edirəm.

“Türk filmlərinə söyüş internetdən bulaşmış xəstəlikdir”

- “Qızqaçıran” da söyüşdən çox istifadə etmişdiniz. Bu, bəlkə də türk tamaşaçısının qəbul etdiyi bir taktikadır. Amma Azərbaycan tamaşaçısını bunu qəbul etmir. Bizdə də öncə türk filmlərinin söyüş havasına çəkilən bir neçə komediya filmi oldu, amma sonradan gerçəyi anladılar. Niyə türk filmlərində bu qədər söyüş var?

- Söyüş türk filmlərinə internet vasitəsilə bulaşmış bir xəstəlikdir. Bizim mədəniyyət kodlarımızda, o cümlədən köhnə türk filmlərində bu qədər söyüş yoxdur. Kamal Sunal filmlərinə baxın, bu qədər söyüş varmı? Yox. Fəqət hər dəfə izlənildiyində bizi əyləndirməyi, xoşbəxt etməyi bacarır. Deməli, filmlərdə söyüşə ehtiyac yoxdur. Ümid edirəm ki, filmlərimizə bulaşan söyüş xəstəliyindən qısa zamanda xilas olacağıq.

- Gələk, “Cənazə işləri”nə. Bir rejissordan quruluş verdiyi filmi soruşmaq istəyirəm. Necə filmdir, aktyorlarla işləmək maraqlı idimi?

- “Cənazə işləri” ailəliklə izlənə bilən keyfli, əyləncəli, köhnə türk filmləri dadında olan bir ekran əsəridir. Filmdə çəkilən aktyor və aktrisalar çox enerjili və istəkliydilər. Ona görə də çəkilişlərin necə keçdiyinə fikir vermədən işi başa çatdırdıq.

- “Qızqaçıran”dan fərqli olaraq “Cənazə işləri”ndə azərbaycanlı aktyorları görmədik.

- Mən də çox istəyirdim ki, filmdə azərbaycanlı aktyorlar yer alsın. Təəssüf ki, bunu gerçəkləşdirə bilmədik.

- Yadımdadır ki, “Qızqaçıran 2”nin ssenarisinin tamamilə Azərbaycana aid olacağını demişdiniz.

- Onun ssenarisi artıq hazırdır. Filmin hadisələri Türkiyə-Azərbaycan yollarında baş verir. Köhnə obrazlarla yanaşı filmdə yeni xarakterlər də görə biləcəksiniz. Amma bu layihəni nə vaxt gerçəkləşdirə biləcəyimizi deyə bilmərəm.

“İnsanlara ölümü xatırlatmaqdan xoşum gəlir”

- Korhan bəy, niyə filmlərinizdə tamaşaçıya ünvanladığınız mesajları ölüm üzərindən çatdırırsınız?

- Ölüm və həyat mənim düşüncəmə görə, biri-birindən ayrılmazdır. Ona görə, özlərini sonsuza qədər yaşayacaqmış kimi aparan və elə də yaşayan insanlara ölümü xatırlatmaqdan xoşum gəlir. Düşünürəm ki, ölüm motivini bu mövzudan bezənə, yorulana qədər filmlərimdə istifadə edəcəyəm.

- Məhmət Ərdəm filmə xüsusi musiqi yazıb. İşbirliyiniz təsadüfən alındı, yoxsa?..

- Filmin musiqisi ilə bağlı söhbət edərkən namizədləri müzakirə etdik. Birdən ağlımıza Məhmət Ərdəm gəldi. Elə həmin an onunla əlaqə yaratdıq, ssenarini ona yolladıq, qəbul etdi. Məncə, gözəl alınıb.

- Ssenarilərinizi hansı sürətlə yazırsınız? Eyni vaxtda neçə ssenari üzərində işləyirsiniz?

- Eyni vaxtda fərqli ssenarilər və hekayələr üzərində işləyə bilirəm. Bəzən bu qarışıqlıq yaratsa da müəyyən vaxtdan sonra hər şey yoluna düşür. Bir şərtlə ki, eyni vaxtda yazdığım ssenarilər bir janrda olsun. Əks təqdirdə iş getməz.

- Filmləri bizim kinoteatrlarda nümayiş etdirilən rejissor olaraq bizim özəl film sektorumuz haqda düşüncələrinizi bilmək istərdim. Filmlərimizi barədə məlumatınız varmı, onları izləmək imkanınız olurmu?

- Azərbaycan filmlərini internetdə izləyə bilirəm. Amma bu çox da izləyə bildiyim anlamına gəlməməlidir. Çünki vaxt buna imkan vermir. İzlədiyim film treylerləri isə olduqca xoşuma gəlib.

“Sevgim uğrunda hər şeyi sınayardım, amma...”

- Melis xanım və Məlih bəy birlikdə rol aldığınız filminiz ölkəmizdə nümayiş olunur. Nələr hiss edirsiniz? Azərbaycan tamaşaçılarına nələr demək istəyirsiniz?

Cəmra Melis Çinar: Hamımız çox həyəcanlıyıq. Amma deyəsən, mən hamıdan çox həyəcanlıyam. Həm sosial mediadan, həm də canlı görüşdüyüm insanlardan filmlə bağlı xoş fikirlər eşitdim. Hamıda bənzər duyğular yaratdığımıza görə məqsədimizə çatmış hesab oluna bilərik.

Ümid edirəm ki, filmimizi tamaşaçılar çox bəyənəcək və güləcəklər. Azərbaycanlı dostlarımıza xoş seyrlər diləyirəm.

Məlih Səlçuk: Tamaşaçılar televiziya vasitəsilə çəkildiyim serialları izləyiblər. Bildiyim qədər “Cənazə işləri” Azərbaycan kinoteatrlarında göstərilən ilk filmimdir. Əlbəttə, çəkildiyim filmin sizin kinoteatrlarda nümayiş olunması çox gözəl duyğudur.

Mən də ümid edirəm ki, filmi bəyənərlər və kinoteatrı gözəl duyğularla tərk edərlər.

- Filmdə canlandırdığınız obrazları necə təsvir edərsiniz? Sizə bənzəyən tərəfləri varmı?

Cəmra Melis Çinar: Serpil quraşdırma bir obraz deyil. Sənin kimi, mənim kimi bir qadındır. Sevgidirsə sevəcək, inaddırsa inad edəcək. Məncə, Serpildə hər kəs özündən nəsə tapacaq.

Məlih Səlçuk: Orxan namuslu biridir. Kimsənin işləmək istəmədiyini bir işə sahibdir. Kimsəsizlər qəbiristanlığının qəbirqazanıdır və bundan da çəkinmir. Hətta işindən razıdır da. Böyük xəyalları yoxdur. Tək məqsədi aşiq olduğu Serpillə ailə qurmaqdır. Amma bunun üçün də maddi durumu yetərincə deyil. Problemlər ortaya çıxanda başına iş açacaq bir halla üzə-üzə qalır.

- Məlih bəy, Orxan pul qarşılığında dostunun gətirdiyi cəsədi kimsəsizlər qəbiristanlığında basdırmağa razı olur. Çünki alacağı pul onu Serpilə qovuşdura bilər. Orxan kimi elə bir seçim anında olsanız nə edərdiniz?

- Mən başqa çarələr axtarmağa çalışardım. Əlbəttə, sevgimin uğrunda hər şeyi sınayardım, amma əlimdən gəldiyi qədər günaha batmazdım.

- Melis xanım, ilk dəfə filmdə oynamaq, özü də peşəkar insanlarla tərəf-müqabili olmaq sizi qorxutmadımı?

- Qorxmurdum, amma çox qəribə həyəcan keçirirdim. Bu hiss məndə həmişə olur: həm tamaşaya başlamazdan öncə, həm də kamera önündə oxşar duyğular yaşayıram ­– qəlbim çırpınır. Nə yaxşı ki, belə olur.

“Bakının baxımlı qadınlarına heyran qaldım”

- Haqqınızda bir az məlumat əldə etdim. Amma sizi oxuculara daha yaxından tanıtmaq istərdim. Özünüz haqda nələr deyə bilərsiniz? Melis xanım, sizdən başlayaq.

- Çox kiçik yaşlarımdan teatr tamaşalarında rol alıram. Eyni zamanda balet, modern rəqs və tanqo ilə çox yaxından maraqlanmışam. Radio, kino, televiziya üzrə təhsil alıb, hazırda sosiologiya təhsilimi davam etdirirəm. Qabaqcıl aktyorluq dərəcəsi almışam. 3 mövsüm “Əlif” serialında Arzu obrazını canlandırdıqdan sonra “Cənazə işləri”ndə Serpilə həyat verdim.

Mən aktrisalıqdan savayı bir çox hobbiləri olan bir adamam. Bacarmıram kəlməsini qəbul etmirəm. Tikiş tikirəm, boyayıram, taxta oyuram. Köhnə, işlətmədiyim geyimlərdən, əşyalardan yeni, praktik vasitələr yaratmağı çox sevirəm. Yotub kanalım həm düzəltdiyim əşyaları sərgilədiyim, həm də içimdən gələn mövzulardan bəhs etdiyim videoları çəkib yayımladığım bir paneldir. Maraqlı, çox əyləncəli macəradır.

- 45 kiloqram arıqladığınızı oxumuşdum. Hər insanın edə biləcəyi iş deyil. Maraqlıdır, bunu necə bacardınız?

- Mən bacardım. Sağlam olmaq insan üçün çox əhəmiyyətlidir. Mən mütamadi olaraq detoks və pilateslə məşğul oluram. Yemək yeməyi sevirəm, amma buna çox diqqət etmək lazımdır. Bununla bağlı daha dərin sirlərimi Yotub kanalımdan öyrənə bilərlər.

- Bildiyim qədər, Azərbaycanla da işbirliyiniz olub. Bakıya gəlmisinizmi?

- Doğrudur, Bakıda mobil operator şirkətlərindən biri ilə çalışmışam. Reklam çəkilişləri Bakıda gerçəkləşdi. Çox maraqlı çəkilişlər idi. Mən Bakıya, Xəzər dənizinə, mədəniyyətinə, baxımlı qadınlarına heyran qaldım. Yenidən oralara gəlməyi çox istəyirəm.

- “Əlif” serialında mənfi obrazı canlandırırdınız, amma buna baxmayaraq çox sevildiniz. Mənfi xarakterli birini oynayıb sevilmək necə duyğudu?

- Arzu mənim üçün çox çətin rol idi. Amma keyfli idi. Mənə elə gəlir ki, tamaşaçılarla da məhz bu aspektdə ortaq məxrəcə gəldik. Onlar məni təqdir etdikcə, mən daha yaxşı olmaq üçün əlimdən gələni etdim.

“Mükafat alandan sonra daha hörmətli olursunuz”

- Məlih bəy, “Yumurta, “Bal”, “Süd” filmləri ilə tanınan rejissor Səmih Kaplanoğlu ilə çalışmısınız. “Süd” çəkildiyiniz ilk film olub. O zaman aktyor da deyildiniz. Necə bir işin içində olduğunun fərqindəydinizmi?

- Bəli, o zaman aktyor deyildim, işin də fərqinə varmırdım. Ona görə də içimdə qəribə rahatlıq hiss edirdim. Çox sonralar necə böyük, önəmli bir layihədə yer aldığımı anladım.

- Aktyorluq təhsili aldınızmı?

- Bir çox Hollivud aktyorlarına dərs keçmiş Susan Batsonun kursuna getdim. Bundan savayı, bütün çəkilişlərimdən nələrsə öyrənməyə çalışıram.

- “Süd” filmi ilə mükafatlı aktyor statusu qazandınız. Amma populyarlığı “Adını Fəriha qoydum” serialı ilə əldə etdiniz. Bilmək istərdim, mükafat və populyarlıq ayrı-ayrılıqda həyatınızda nəyi dəyişdi?

- Mükafat istənilən yaradıcı adamda böyük ruh yüksəkliyinə səbəb olur. Prestijli aktyora çevrilirsən. “Adını Fəriha qoydum” serialı vasitəsi ilə tamaşaçılar arasında daha populyar oldum. Hər birinin özünə görə gözəl tərəfləri var. Mükafat əldə etdikdən sonra prodüser və rejissorlar sənə daha çox hörmət bəsləyirlər. Səni ciddi aktyor kimi qəbul edirlər. Bu, çox gözəl bir şeydir. Populyar olmaq isə serial sektorunda üzünə qapıları daha çox açır.

- Rol seçimində kriteriyalarınız varmı?

- Çox gözəl yazılmış bir obraz olmalıdır. Amma daha vacib məqam layihəyə, ssenariyə diqqət etməyimdir. Hekayə yaxşıdırsa, gözəl yazılıbsa, obrazı mənimsəyə bilirəmsə, demək, işə böyük məmnuniyyətlə razılaşıram.

“Hazal Kaya ilə sözləşdik”

- Film çəkəcəyinizi oxumuşdum. Hazal Kaya da o layihədə yer almalıdır. Daha kimləri layihədə görmək istəyərdiniz?

- Hazalla bununla bağlı sözləşmişik. Nə çəkməyimdən asılı olmayaraq filmimdə oynayacağını hələ bir neçə il öncə mənə demişdi. Hazalla çox yaxın dostuq. Hər rejissor tanıdığı, güvəndiyi insanlarla işləmək istəyir. Hazalla tərəf-müqabil də olmuşuq. Necə bir aktrisa olduğunu çox yaxşı bilirəm. Bu, çox böyük avantajdır.

Başqalarına gəlincə, bu mövzuda heç kimlə danışmadığıma görə hələ ad çəkə bilməyəcəyəm. Filmi iki ilə çəkməyi planlaşdırıram.


Müəllif: Nərmin Muradova