29 Sentyabr 2017 08:55
3 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış kino və teatr aktyoru, yumor ustası Elşən Hacıbabayevlə müsahibəni təqdim edir.

- Elşən bəy, kino nəyə lazımdır?

- Kino bir məktəbdir. Biz köhnə filmlərimizə, aktyorlarımıza baxıb öyrənmişik, bir məktəb keçmişik. Biz də bu gün yaxşı filmlər çəkib gələcək nəsillərə ötürməliyik. Teatr canlı sənət olduğuna görə, əvvəllər teatrda oynanılanlar videolentə alınmayıb. Biz qocaman sənətkarlarımızın çoxunu filmlərə baxıb tanımışıq. Onlardan nəsə öyrənməyə çalışmışıq. Onlara baxıb bu sənətə gəlmişik. Demək ki, kino lazımlı bir sahədir. Kiminsə özünə peşə seçməsinə yardımçı olur… XXI əsrin ən aktual sahələrindən biri məhz kino sahəsidir.

- Niyə dünya səviyyəli filmlər çəkə bilmirik?

- Dünya səviyyəli film çəkmək bir az ağır məsələdir. Bunun üçün ssenari yazılarkən artıq dünyəvi problemlər nəzərə alınmalıdır. Bu gün həqiqətən də filmlərimizlə inkişafa doğru gedirik. Düzdür, çox adam kinomuzu bəyənmir. Amma başa düşmək lazımdır ki, uzun fasilədən sonra filmlərimiz yenidən doğulur. Bir az böyüməli və yetkin bir vaxta çatmalıdır. O zaman dünyəvi filmlər də çəkiləcək. Sadəcə, bu prosesə kömək etmək lazımdır. Hətta tamaşaçılar da bu işdə yardımçı olmalıdırlar.

- Kinomuzun problemlərini necə həll etmək olar?

- Mən sizə onu deyim ki, problemlər həmişə var. Problem olmalıdır ki, iş də olsun. O problemi sadəcə həll eləmək lazımdır. Biz hələ yeni-yeni inkişaf etməyə başlamışıq. Son 15-16 ildə filmlər çəkilməyə başlayıb. 2000-ci ildən bu yana filmlərin doğru inkişafı getməyə başlayıb. Qlobal problemlər olsaydı, Azərbaycanfilmin çəkdiyi filmlər dünyada, müxtəlif festivallarda iştirak edə bilməzdi. Azərbaycan kinosu bu gün Kann festivalına kimi gedib çıxa bilib. Qalan xırda problemlər isə həll olunan məsələlərdir. Sadəcə olaraq insanları filmlərə baxmağa cəlb etmək lazımdır.

- “Hamımız bu dünyada aktyoruq” ifadəsi ilə razısınız?

- Bu ifadə ilə həm razıyam, həm də yox. Hamımız bu dünyada aktyor ola bilərik. Amma professional aktyor tamam başqadır. Bu sahə elə bir sahədir ki, kənardan çox asan görünür. Amma daxildən çox çətinlikləri var. Aktyor olmaq peşədir. Bu da bir sənətdir. Həyatda çox aktyorluq edə bilərik. Amma hamı əsl aktyor ola bilməz. Bu incəsənətdir.

- Teatr, yoxsa kino?

- Teatr və kino! Hər ikisi! Biz İncəsənət Universitetinin Mədəni Maarif texnikumunda oxuyanda indiki kinostudiyanın direktoru Müşfiq Hətəmov mənim müəllimim idi. Universtitetdə müəlliməm xalq artisti Cənnət Səlimova, teatrda müəllimim isə Hüseynağa Atakişiyev olub. Aktyorluğun yaxşı tərəfi budur ki, həm filmdə işləyə bilirik, həm teatrda. Kino ilə teatrın bir arada olmağı daha yaxşıdır. Aktyor hər ikisini bacarmalıdır. Mənə elə gəlir ki, aktyor bunların arasında fərqin olduğunu bilməlidir. İki sahənin iksini də sevməlidir. Harda necə danışmağı, hislərini düzgün çatdırmağı bacarmalıdır. Çünki teatrda hisslər başqadır, kinoda isə başqa.

- Niyə o əjdahadan bizdə yoxdur?

- (Gülür) O əjdahalardan çoxdur. Yəqin ki, bizdə də var. Sadəcə, bir az arxeoloji qazıntılar aparmaq lazımdır. Gənc və potensiallı istedadları, həmin o əjdahaları tapıb üzə çıxarmaq lazımdır. O əjdahalardan bizdə həmişə olub, hər zaman olacaq da. Çünki bizim filmlərimiz artıq beynəlxalq arenalara çıxır. Xarici ölkələrə qastrol səfərləri edir. İnkişafa doğru gedirik. Sadəcə, bir az səbrli olmaq lazımdır. Lazımi şərait yaranacaq.

- Potensiallı gənclər kimlərdir?

- Çoxdur. Potensiallı aktyorlar, rejissorlar, operatorlar var. İşinin peşəkarları var. Serial və kinolarda artıq istedadlı gənclər görünür. Ad çəkmək istəmirəm. Çünki istəmirəm kimsə incisin.

- Siz gənc aktyorsunuz?

- Yox. Mən özümü artıq gənc hiss etmirəm. O dövrü keçmişəm. 37 yaşım var. Amma ruhən gəncəm. Özümü gümrah hiss edirəm. Yəni yaş etibarilə yox, mənən gəncəm.

- Aktyor ölkə gündəmini izləməlidirmi? Yoxsa o öz işiylə məşğul olmalıdır?

- Əgər ona gündəm maraqlıdırsa, əlbəttə ki, izləməlidir. Mütaliə və gündəm mütləqdir. Gündəmdə müxtəlif müşahidələr olur və o müşahidələrdən obrazlar doğur. Aktyor buna görə mütləq gündəmi izləməlidir. İzləməsə də, müşahidəetmə qabiliyyəti güclü olmalıdır. XXI əsrdir, aktyorun da hər şeydən məlumatı olmalıdır. Bu gün gündəmdə olan siyasi xadimləri, tanınmış insanları oynamaq olar. Yəni bu gün gündəm yeni real obrazlar yaratmaq üçün köməkçi vasitədir.

- Məsələn, Tramp... yaxşı obrazdır, deyilmi?

- Mən bir az siyasətdən uzaq insanam. Amma yenə də fikrimi deyirəm. Mən onu aktyor kimi də azdan-çoxdan tanıyıram. Onun bir səhnəsi var. Mən o səhnəni görəndə şokda idim. Hətta Trampı “Evdə tək” filmində də görmüşdüm. Trampın ən böyük səhvi onun prezident olması idi. Amma onun gələcəkdə də o qədər səhvləri ola bilər ki. İndiki əsas səhvi isə dediyim kimi prezident olmasıdır.

- Övladınız sizin oynadığınız filmlərə, rollara baxırmı, rəy bildirirmi?

- Hə, övladım filmlərə də baxır, seriallara da. Allah bütün balaları saxlasın və onlara xoşbəxtlik nəsib etsin. Mənim övladımın cəmi 8 yaşı var. Məktəbə gedir. Hələ ki, o qədər də rəy bildirə bilmir. Amma premyeralara, tamaşalara gəlib baxır. Tez-tez onu nəinki öz filmlərimə, uşaq tamaşalarına da baxmağa aparıram. Xoşu gələndə fikrini də deyir. Hansı obrazdan xoşu gəldiyini açıqlayır. Amma çox da rəy bildirən deyil. Hələ ki…

- Reaksiyası necə olur?

- Son vaxtlar normal reaksiya verir. Uşaq vaxtı insanlar mənə baxıb güləndə övladım bir az narahat olurdu. Mənə gülənlərdən xoşu gəlmirdi. Amma artıq böyüyüb. Buna normal baxır.

- Puldan vacib nələr var?

Puldan vacib can sağlığı var. Puldan vacib ailə var, övlad var, ata-ana var, vətən var. Amma pul da vacibdir…

Bütün bunlarla birgə pul da olanda onda hər şey daha yaxşı olur. Amma əsas can sağlığıdır. Bu olanda pul da gəlir. Mənə gəncliyimdə bu sualı versəydilər, bəlkə də pula üstünlük verərdim. Amma bu gün can sağlığı variantına üstünlük verirəm. İnsanın canı möhkəm olanda hər şey yaxşı olur. Amma insanın adicə başı ağrıyanda, o, pul barədə heç düşünmür də.

- Aktyor maaşı bəllidir. Bəs çax-çux olur?

- Çax-çux deyəndə ki, seriallardan, reklamlardan aldığımız qonorarlar olur. Filmlərdən qazancım olur. Şükür Allaha, bugünkü gün vəziyyətdən çıxa bilirəm.

- Özünüzü yaraşıqlı sayırsınız?

- Nə bilim vallah… Belə də... (Gülür) Amma yox, özümü yaraşıqlı saymıram. Çox qəliz sualdır. Yaraşıqlı olsam da, olmasam da, normal insanam. Əsas odur.

- Allah hansı xasiyyətinizi kəssin, deyirsiniz?

- O qədər elə xasiyyətim var ki… Məsələn, biri deyingənliyim... Biri hamını özüm kimi bilməyim… İnsanlara etibar etməyim, tez inanmağım var. İstəyərdim ki, Allah bu xasiyyətimi təmiz kəssin. Amma alınmır…

- Sizi tanıdan İsi oldu?

- İndiyə kimi təxmini 8-9 filmə çəkilmişəm. 60-a yaxın tamaşada oynamışam. Mənə elə gəlir ki, bütün rollarımı çox sevirəm. Amma məni üzə çıxardan və ən çox tanıdan İlham Qasımovun “Oğlan evi” filmi oldu. Çoxu məni həyatda da İsi kimi tanıyır. Bir dövr də vardı ki, məsələn, “İnterpapa” çəkiləndə də məni o filmdəki rolumla tanıyırdılar.

- İsi ilə Elşənin nə əlaqəsi var?

- İsi bir obrazdır. Rejissor tərəfindən yaradılmış maraqlı bir obraz. O bir təxəyyül, fantaziya məhsuludur. Mənimlə çox yaxınlığı yoxdur. Xasiyyətlərimiz tam fərqlidir. İsinin Elşənə heç bir qarışacağı yoxdur. İsi tam ayrı aləmin adamıdır. Amma azca yaxınlıq var. Məsələn, İsinin xeyirxahlığı Elşəndə də var.

- Xeyirxah demişkən… “Şaban”ı bəyənirdiniz?

- Əlbəttə! Türkiyənin çökən vaxtlarında Şaban filmlər çəkirdi və kinonu ölməyə qoymurdu. Ona görə də düşünürəm ki, bu gün Türkiyənin komediya ustaları Şabana minnətdar olmalıdırlar. Şabanın dövründən türk film və serialları haralara gəlib çıxdı. Çünki o bunu miras kimi yadigar qoydu. Çox gözəl filmlər çəkdi. O filmləri saxlaya-saxlaya Türkiyə bu günə gəlib çıxıb. Buna görə Şabanı çox bəyənirəm. O tarixi saxladı.

- Çəkiliş vaxtı rejissora tabe olursunuz?

- Bəli. Olmalıyam da. Bu mənim borcumdur. Hər bir aktyor çəkiliş zamanı rejissora tabe olmalıdır. Quruluşu rejissor verirsə, layihənin rəhbəri də artıq rejissordur. O bilir nə çəkir, montajda neyləyəcək. Tapşırığı verən də, çəkilişə cavabdeh olan da rejissordur. Aktyor da ona tabe olmalıdır. Bu mənada heç bir rejissorla münaqişəm olmayıb.

- İlk rollarınıza indi baxanda nə düşünürsünüz?

- İlk rollarıma baxanda düşünürəm ki, mən bunu bundan da yaxşı oynaya bilərdim. İlk ya son fərqi yoxdur. Həmişə nədənsə narazıyam. Düşünürəm ki, heyf ki, artıq çəkilib. Bir də ilklərə baxanda nostalji hisslər oyanır. Çəkiliş zamanı baş verənlər yada düşür. Çəkiliş bitəndə həmişə o vaxtlar üçün darıxırsan.

- Kiməsə mesaj göndərmək istərdinizmi?

- Elə bir mesajım yoxdur. Lazım olanlarla görüşüb sözümü deyirəm. Ya da Votsapda yazışıram.

- Ən son oxuduğunuz kitab?

- Sonuncu dəfə Edqar Allan Ponun “Qara pişik” hekayəsini oxumuşam. Yəni bu dəqiqə də buna davam edirəm. Maraqlı Amerika yazıçısıdır. Oxumağa dəyər.

- Gördüyünüz hər haqsızlığı dilə gətirə bilirsinizmi?

- Bunu səmimi boynuma alıram: Həmişə yox! Dillənə bilmirəm. Müəyyən səbəblər üzündən susuram. Elə haqsızlıqlar elə yerlərdə olur ki, insan dillənə bilmir. Həyatdı da, yaşayırıq.

- Başınıza gələn ən gülməli əhvalatı danışın.

- Bir dəfə İrana gedirdim. Çantamı, paltarlarımı yığdım. Yola düşdüm və Astara sərhədinə gəlib çatdım. İrana keçə bilmək üçün vəsiqəmi gömrük işçilərinə verəndə, onlar vəsiqəni açıb baxandan sonra gülməkdən öldülər. Mənə də maraqlı gəldi və sözün düzü, pərt oldum. Vəsiqəmi özümə qaytardılar və tez açıb baxdım. Bir də gördüm ki, yoldaşımın vəsiqəsini götürüb gəlmişəm. Sonra gözləmişəm, evdən vəsiqəmi mənə göndəriblər və ondan sonra İrana getmişəm. Hələ də iranlıların reaksiyası yadımdan çıxmır. (Gülür)

- Elşən bəy, nə vaxtsa rüşvət vermisiniz?

- Sussam daha yaxşı olar.

- İnsanı ayaqda tutan nədir?

- İnsanı ayaqda tutan ailəsi və dostlarıdır. O dostlar ki, onun irəli getməyinə yardımçı olurlar. Ən əsas amillərdən biri də can sağlığıdır. İnsana bu dünyadakı əsas əmanət canıdır.

- Son olaraq, bir sözünüz olar bəlkə…

- Hamıya sevgi və məhəbbət, gözəl həyat arzulayıram. Teatra və kinoya, muzeylərə, sərgilərə getməklərini, təbiət qoynunda çox olmağı arzulayıram. Heç vaxt kin-küdurət olmasın. İnsanı ürəkdə olan sevgi yaşadır. Allaha, sənətə, insanlara olan sevgi… Qucaq dolu sevgilərlə…


Müəllif: Könül Əlibəyli