27 Oktyabr 2017 18:11
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "Yarat" Müasir İncəsənət Mərkəzində C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının 136-cı mövsümünün açılışı baş tutub.

Teleqraf.com xəbər verir ki, anşlaqla keçən açılış mərasimində izdiham yaşanıb, gələn qonaqların çoxu yer olmadığına görə qayıtmaq məcburiyyətində qalıb.

Açılışa marağın səbəbi isə Elvin Mirzəyevin quruluşunda görkəmli əfqan yazıçı Xalid Hüseyninin dünya miqyaslı bestselleri “Min möhtəşəm Günəş” əsərinin səhnələşdirilməsidir. İkihissəli dram janrında olan tamaşa alqışlarla qarşılanıb.

Əsər Əfqanıstan müharibəsinin qurbanı olmuş iki qadının həyat hekayəsi fonunda mövcudluq uğrunda cəmiyyətlə, həyatla dramatik savaşıdır.

Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Səməndər, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova və başqaları ifa ediblər.

Teatrın direktoru İftixar Piriyev yeni mövsümdə tamaşaçıların qarşısına üç əsərlə çıxacaqlarını bildirib: “Artıq 136-cı mövsümə başladıq. Bu il üç yeni əsərlə izləyicilərin görüşünə gələcəyik. Bunlardan biri hazırda məşqləri davam edən Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsəridir. Quruluşçu rejissoru teatrımızın gənc rejissoru Nicat Qəribdir. İkinci əsərimiz qırğız əsəri olan “Uzaq yolun qatarı”dır. Bunu isə teatrımızın yeni baş rejissoru, əməkdar artist Sərvər Əliyev hazırlayacaq. Biri yenə də Hidayətin “İttiham” adlı əsəridir. Baş rolu özüm ifa edəcəm. Hər üç əsər dekabrın sonunda təhvil veriləcək”.

İftixar Piriyev son zamanlar bölgə teatrlarının media və televiziyada kiçildilmək istəməsindən də danışıb: “Bizim kredomuz, susmaq, danışmamaq, iftiralara qarşı faktla cavab verməkdir. Bizi kiçiltmək istəmələrinin qarşısında bu gün yaşadığımız anşlaq və izdiham özü bir cavabdır”.

O, mövsümün açılışının “Yarat”da keçirilməsinə də aydınlıq gətirib: “Bizim teatr təmirdə olduğu üçün dövlətimiz şərait yaratdı və “Yarat”da hər dəfə anşlaqla qarşılanan “Min möhtəşəm günəş” əsərini təqdim etdik”.

Tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı isə Məhsəti Eldarovadır.

Foto: Elnur Muxtar


Müəllif: Pərviz