31 Oktyabr 2017 09:15
2 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatrın önündə gəzişə-gəzişə içimdə özümlə danışıram:

“Emin, gör e, hardan hara gəldin çıxdın. Bir vaxtlar bu teatrın önündə təqdimatlara gəlirdin, yazırdın. Sonra teatrda tamaşalara ayaq açdın, aktyorlardan bir-ikisiylə dost oldun. İndi də teatrın “mətbəxi”nə girəcəksən. İki il əvvəl yatsan da yuxu görərdinmi ki, nə vaxtsa sayta reportaj hazırlayacaqsan və bura qədər gələcəksən?!”

Fotoqraf dostum da mənə qoşulub, “teatr mətbəxi”nin qoxusunu udmağa söz verdi. Fərid teatrın qarşısına gəlir, görüşüb xidməti qapıya üz tuturuq. İçəri girib informasiya xidmətində əyləşən qadına yaxınlaşırıq.

- Biz mətbuat katibi Lalə xanımla danışmışıq. Bu gün məşqlərdə iştirak edib reportaj hazırlamalıyıq.

Xanım zəng vurur, adımı soruşur və bizə içəri girməyə icazə verir.

- Qalxın ikinci mərtəbəyə, 19-cu otaqda truppa rəhbəri oturur. O sizi yönləndirəcək.

Təşəkkürümü bildirib Fəridlə yol alırıq o mübarək insanın yanına. Truppa rəhbəri Ələsgər Muradxanlı bizi qarşılayır, məmnunluqla zala doğru hərəkət edirik. Bizi tamaşanın rejissoru Elşad Rəhimzadə ilə tanış edib zalı tərk edir.

Tamaşanın adı "Qrinç"dir. Qısa məlumat verməliyəm. Teodor Syuz Qeyzelin "Yeni ili oğurlayan Qrinç" kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi "Qrinç" tamaşası hazırlanır.

Məşqdən əvvəl...

Rejissor Elşad bəy tapşırıqlarını verir. Aktyorlar səhnədə ora-bura qaçışırlar. Deyəsən, isinmə hərəkətləridir. Elşad bəy Ceyhunun belindəki belbağını görüb niyə bağladığını soruşur. Gənc aktyor, baş rol Qrinçin ifaçısı Ceyhun Məmmədov səhnədən zala, əvvəlcə rejissora "sərt hərəkətlər edəcəm, ona görə" deyib, sonra bizə səslənir.

- Bəy, məni elə çəkin ki, belbağım düşməsin, onsuz siz görürsünüz də, özümü necə fəda edirəm.

- Diqqət! Musiqiçilər hazır olun, hamınız yerinizə keçin! - deyir rejissor. Ardınca: - Pərdəni bağlayın! Başladıq...

Musiqi səslənir, cin ab-havasında kaman səsi gəlir, pərdə açılır.

Aktyorlar üzlərində uşaq təbəssümüylə rəqsə başlayırlar. Bir-iki, bir-iki-üç!

Rejissor:

- Sinxron rəqs edin, sinxron.

Bir az keçir, aktyorlar səhnəni tərk edir, zala yayılırlar. Bəllidir, yeni il tamaşası olacaq, zaldakı uşaqlarla oynamasan olmaz.

- Salam, uşaqlar, Milad bayramınız mübarək! – deyib, səhnəyə qayıdırlar.

Zalda işıqlar közərir.

Ceyhun Məmmədov, yəni Qrinç, qorxulu obrazdır, amma uşaqlar qorxmaqdan çox güləcəklər ona. Ceyhun bu qorxulu obrazı uşaqlara sevdirəcək.

Mirzağa Mirzəyev Artur obrazını oynayır. Qrinçin yanında nökərdir. Bu obrazın demək olar ki, tamaşa boyu səsi çıxmayacaq. Öhdəsinə mimikalar, emosiyaları ifa etmək düşür. Xırda obrazları oynamaq zarafat gəlməsin sizə. O qədər tamaşalar görmüşük ki, iki dəqiqəlik çıxışı olan obraz bütün tamaşaçıları ələ alıb, sevilib.

Səhnədə isə Artur Qrinçə yemək gətirir, yeməyi vəhşi kimi yeyən Qrinç sinini vurub yerə salır.

Rejissor səslənir:

- Qoy, sini yerə düşsün, sonra de sözünü... Bir az sonra. Ceyhun, bir dəqiqə dayan, şlyapa, plaş yaddan çıxdı. Artura de, gətirsin.

Əgər məşq prosesini başdan ayağa yazsam, tamaşanın da dadı-duzu qaçar, yazının da. Həmişə teatrda ilahilik hiss etmişəm. Qəribə qoxusu olur teatrın. Elə bu vaxt yuxarıdan səs gəlir. Kimsə tamaşanı nağıl kimi nəql eləyir. Əgər tamaşanın pərdəarxasına, mətbəxinə, yəni məşqlərinə hamı girə bilsəydi, tamaşanın marağı qaçardı.

Hərə öz paltarında, qrimsiz öz rolunu ifa edir. Səhnə dağınıqdır. Dekor tam hazır deyil.

Borxes də poeziyanı teatrla müqayisə edərdi. Ki, şairin yazdığı şeir uydurma da ola bilər. Əsas odur, şair öz uydurmasına inansın. Eynilə teatr tamaşası kimi. Tamaşaçını inandıran əsas məsələ aktyorların geyimi, qrimidir. Uşaqları inandırmaq da asan iş deyil. Bu mənada aktyorların işi bir az da çətinləşir.

Styu obrazını oynayan Nuranə Hüseynova da istedadlı aktrisadır. Bu qız həm dramatik, həm də komik obrazlara uyğundur. O səbəbdən tez-tez seriallara çəkilir. Qəribə uşaq şirinliyi var. Sol qolu sınıb, gipsdədir. Amma çevikliyini əldən vermir, hiss etdirmir.

Arabir sol tərəfimdə oturan digər aktyorlara fikir verirəm. Bəzən məni qəribə baxışlarla süzəni də gözümə dəyir. Yadam axı, qınamıram.

Ceyhun səhnədən zala, yəni bizə doğru gəlir.

- A bəy, şəkillərim yaxşı alınıb? Necə düşmüşəm? Özünə dəyər verməsən, alınmır e. Saymırlar adamı. Bax, belimin tərinə. Məşqdə bu qədər tər tökən aktyor görmüsən? Əlini köynəyimə vur.

Zalda əyləşən aktyor Natiq Rüstəmliyə səslənir.

- Hə, ay Natiq müəllim, düz demirəm? Adam gərək özünə dəyər verə.

Nəsə, deyəsən ikisinin arasında soyuqluq var. Sonra yenə mənə çevrilir:

- Hansı saytda oxuyacağıq reportajı?

Cavablayıram:

- Teleqraf.com saytında.

Ceyhun baş rol ifaçısı ədasıyla üzümə atəş açır:

- Gələcəkdə mənimlə fəxr edərsiz, avtoqraf istəsəniz, indidən verə bilərəm.

Rejissorla, aktyor heyətilə sağollaşıb, Fəridlə birgə bu ilahi məkanı tərk edirəm. Bilinmir, bəlkə nə vaxtsa mənim də cənazəm bu teatrın səhnəsindən çıxar. Bəlkə heç o vaxta...

Fotolar: Fərid Ağalarov


Müəllif: Eminquey Akif