6 Noyabr 00:10
2 274

Beş gün qaldı. Şənər Şəni yeddi il sonra yeni filmi "Yol ayrıcı"nda ("Yol ayrımı) izləyəcəyik. Onunla söhbətdən öncə yenidən əski filmlərinə baxdım. Öncə Badi Əkrəmə, Vəcihiyə doya-doya güldüm… Sonra başqalarına gəldi növbə…

Dibçəkdəki çiçəklərinə Safiyə Aylanı dinlətdirən Muhsin Bəyə…
Göy üzündə süzülüb quyruqlu ulduz olan Eşkıyaya…
Qızı Pirayəyə "Hamımız xəyallarımızın qurbanıyıq" deyən müəllim Nazimə...

İlk dəfə baxdığım kimi həyəcanlandım, kədərləndim. Amma bu dəfə qəmli fikirlər vardı içimdə. Gözümlə oxşaya-oxşaya izlədiyim bu obrazlara verdiyimiz sözləri tuta bilməmiş kimi hiss etdim özümü. Sanki hamımız əlbir olub onlara arxa çevirmişik…

Kamal Sunal, Şənər Şən, Münir Özkul, Tarık Akan, Adilə Naşid kimi ikonik oyunçuların, bir anlamda kinomuzun "itmiş cənnət"inin son təmsilçilərindən…

Böyük Ustayla Taksimdə bir rus kafesində görüşdük, həm güldük, həm dərdləşdik.

Qəddar Şənər...

- Bu filmdə varlı, qəddar bir obrazı canlandırırsınız. Halbuki bu cür tiplər zamanında sizin düşməniniz idi.
- Qəddar deməyək də, ruhsuz, sistemin əsiri olmuş bir adam... Uğur qazanmış, amma insani keyfiyyətlərini itirmiş, qazancdan və işdən başqa hər şeyə biganələşmiş... Bundan əvvəlkilər müəyyən bir xarakteri olan obrazlar idi. Məzhər isə dəyişikliyə uğramış biridir.

- Yeddi il filmə çəkilmədiz, yenə Yavuz Turqulu gözlədiniz. Nədən yalnız onunla işləyirsiniz?
- Belə bir şey var, mane də ola bilmirəm, ona görə də qarşıdurmaqdan əl çəkdim. Ancaq bir-birimiz üzərində basqı yaradan əlaqəmiz də yoxdur. Nə mən Yavuza, nə o mənə "Mənsiz film çəkmə" deyə bilərik. Keşkə 5-10 Yavuz olaydı, heç bu qədər ara verməyəydim. O gözəllikdə ssenarilər əlimə keçəydi, oynayaydım. Təəssüf ki, Yavuz qədər keyfiyyətli ssenari yazarı dünyada belə çox azdır.

- Münasibətiniz necədir? Dostluq, yoxsa yoldaşlıq?

- Dünyayla, həyatla bağlı fikirlərimiz üst-üstə düşdüyü üçün dostuq. Məni aktyorluq maraqlandırır. Yavuz kimi, yaradıcı anlamda bir şey ortaya qoymuram. Biz icraçıyıq. Yaxşı bir pianoçu nədirsə, bir aktyor da odur. Əsas iş bəstəkara aiddir. Filmdə isə əsas iş ssenaridir.

- Bəs o zaman bu əsərlərdə sizin payınız nə qədərdir?
- Haqqında danışmalı olduğumuz birinci şəxs Yavuzdur. O, bir dünya yaradır. Robert De Niro, Al Paçino, dünyanın ən ünlü aktyorlarını toplayın... yaxşı ssenari yoxdursa, heç nə alınmayacaq.

- Bir filmə necə başlayırsınız? Yavuz Turqul sizə "Mən bir ssenari yazıram, gəl bir danışaq" deyirmi?
- Xeyr, Yavuzun ağlına bir udeya gəldimi, birinci özü-öz qarşısında imtahan verəcək. Bu isə çox vaxt alır, ona görə də xeyli ara verməli olur.

- Çingiz Səmərçioğlu "Türkiyə Yavuz Turqul üzündən komediya ustasını itirdi. Qəhqəhələrlə güldüyümüz adamı bizdən aldılar", - deyə yazıb. Bəziləri düşünür ki, gülüş bacarığınızı itirmisiz.
- Doğru fikir deyil. Yavuz qətiyyən mənim işimə qarşımır. Ssenarisi bitəndə verir ki, bax, gör xoşuna gəlirmi? O qapı da açıq qalır. Bəyənməsəm, "yox" deyirəm. Belə bir qavrayış formalaşdı. Yaxşı bir ssenari ortaya çıxsaydı, belə olmazdı. Yaxşı bir ssenari gəlib çıxmadı ki, bu qavrayışı qırsın. Yeddi ildə 50-yə yaxın ssenari oxudum. Heç biri çəkiləsi ssenari deyildi. Nə menecerim, nə məsləhətləşdiyim biri var. Qərarlarımı özüm verirəm.

"Yol ayrıcı"nın çəkilişlərində rejissor Yavuz Turqulla. Bu, onların yeddinci filmi.

Daha sadəlövh, romantik məhəllə ilişkiləri

- Son bir neçə günü köhnə filmlərinizə baxaraq keçirmişəm. Keçmişdə bu filmlər bizə ümid verirdi. Bizə nəyinsə dəyişməkdə olduğunu, həyatımızın yaxşılığa gedəcəyini hiss etdirirdi. Bu filmlərlə böyüdük. Amma bu dəfə çox fərqli bir duyğuyla baxdım filmlərə. Mənə elə gəldi ki, canlandırdığınız obrazlara verdiyimiz sözü tutmamışıq, onlara xəyanət etmişik... Bu qədər təmiz insanları artıq filmlərdə belə görə bilməyəcəyimizi düşündüm. Bəs bu gün siz necə baxırsınız o filmlərə?
- Daha sadəlövh, romantik məhəllə ilişkilərinin, ailə bağlarının qüvvətli olduğu çağlardı. "Arzu Film"lə çəkdiyimiz bütün filmlər bunlardan bəhs edir. Amma dəyişikliklər də həyatın reallığıdır. Qlobal dünya, beynəlxalq şirkətlər, Çindəki adamla Hakkaridəki adamın eyni paltarı geyməsi, özünə aid heç bir şeyin qalmaması... Bu nəticə təbiidir. İndi başqa insanlar, başqa dəyərlər var. 20 il sonra da başqa bir dünyayla qarşılaşacağıq. "Ah-vay!" demirəm və bu zamanı anlamağa çalışıram.

- Bəli, zaman dəyişib, amma "Arzu Film"in filmləri Yutubda izlənmə rekordu qırır. TV-lər hələ də bir düzə "Hababam Sinfi"ni, ‘Süd qardaşları"nı göstərir. Nədir bu nostaljinin səbəbi?
- "Arzu Film"in əhvalatları, ailə, dostluq, hamımızın xiffətini çəkdiyimiz şeylər. "Keşkə elə olaydı yenə" deyirik. Daha saf, hissiyyatlı, bir-birinə arxa çıxan, qarşıdakına sayğı duyan insanların əhvalatları...

- O zamanlar insanlar daha yaxşıydımı?
- İnsanın bünövrəsi dəyişmir. Pis, saxtakar, tərs, başqalarının malında gözü olan, doymayanlar o zaman da vardı.

- Ancaq sanki indi daha çoxdurlar...
- Yeni dünyanın dəyərləri bizi getdikcə yaxşılıqdan uzaqlaşdırır. "Başını işlət, praqmatik yanaş, bir əlaqəyə xeyrin varsa gir, yoxsa girmə"... Bunlar o qədər güclü şəkildə təsir edir ki, içimizdəki yaxşılığı hiss etsək də, əməl edə bilmirik. O zaman da "Geri qalacağam, zərərə uğrayacağam, axmaq yerinə qoyulacağam" duyğusu hərəkətə keçir.

- Həyata çox maraqlı, amma çətin bir başlanğıcla start vermisiz...
- Zeytunburnunda böyüdük. Nə iş tapsaq görməyə, məhv olmamağa çalışdıq. Gecəqonduda "survivor" kimi bir şey idi.

- O həyat aktyorluğunuza xeyli təsir edib...
- 1962-də, 20-21 yaşında taksiçiliklə məşğul oldum. Toxuculuq fabrikinində işlədim. Zeytunburnu kosmopolit bir yerdi. Gecəqondularda hər mədəniyyətdən, hər yerdən olan, yaşamaq uğrunda mübarizə aparan yoxsul xalq bir yerdəydi.

- Hələ də elədir. Çox qarışıq bir rayondur.
- Bir yanımızda konyalı, bir yanımızda yunan, arxada qaradənizli qonşularımız vardı... Çox zəngin bir insan mənzərəsinin içində böyüdüm. Bəzi insanların müşahidə qabiliyyəti var. Özümdən asılı olmadan başqalarının görə bilmədiklərini də görə bilirdim.

- Məsələn?
- Detallar... İnsanlar, onların danışıq tərzləri yaddaşıma hopdu. Aktyor olmağa qərar verdiyim vaxt artıq başımda inanılmaz əhvalatlar toplanmışdı. Məsələn, "Çiçək Abbas"dakı pis xarakterli avtobus sürücüsü. O cür xeyli adam gördüyümə görə o tipləri oynayanda heç çətinlik çəkmirəm, tanıyıram çünki. Fırıldaqçıları çox gördüm. "Bankir Bilo"dakı adamları... İsveçrədə oxuyubsuz, çox yaxşı təhsil alıbsınız, amma xalqla əlaqəniz zəif olduğu üçün köy deyə təkcə Kadıköyü tanıyırsız. Müəllimlik də etmişəm, o da xeyli təcrübə qazandırdı mənə.

- Şərq tərəflərdə, eləmi?
- Muşun kəndlərində... Sevərək çalışırdım, amma idealım o deyildi. Kənddə təm-tək qaldığıma görə düşünmək üçün xeyli zamanım oldu. Qərarımı verdim, müəllimliyin daşını atdım.

Muşdakı müəllimlik illərindən

- Muşda yaşamaq hər halda çətin olub o zamanlar...

- Xeyr, əsas aktyorluq çətin oldu. Biz başqa cür yetişdik. Çətinliyin nə olduğunu öyrətməmişdilər bizə. "Bunu edə bilmərəm" deyə bir şey bilmirdik. "Bu edilməlidir!" deyilirdi, edirdik. Bu, kasıblığın və mübarizənin verdiyi bir şeydir.

Ana uşağı kimi böyümədiyimiz üçün... Evdə yemək varmı? Necə yaşayacağıq? Gəlib kənddə qala bilməyənlər də oldu, amma mənə doğmaydı. Məndən də pis vəziyyətdə olanlar vardı. Mənim qalmağa yerim var, maaşım vardı. Kifayətlənmək və əlində olanın qədrini bilmək ruhunda tərbiyə edildik biz. O dövrün insanları beləydi. Amma indi eyni Şənərəmmi? Təbii ki, deyiləm.

- Bu gün gedib Muşdakı o kənddə yaşa bilərsinizmi?

- Genlərimdən gəldiyi üçün mənimçün heç bir çətinliyi yoxdu. Buna görə də sənə "yox" deyə bilmirəm. "Hər il iki filmə çəkilə bilərəm, filan qədər serialda oynaya bilərəm" deyə hesab aparıb, "Vay! Bu pulu əldən çıxardım!" demirəm. Bunlar ağlıma belə gəlmir. Çünkü pul qazansam da, pis bir işdən xoşbəxt ola bilmərəm.

- "Hər şey Badi Əkrəmlə başladı" demisiz. Necə oldu o?
- Əvvəllər kinonu ciddiyə almırdım. Məqsədim teatrda nəyəsə nail olmaq idi. Şəhər teatrlarına girdim. Əlavə gəlir üçün kinoya getdim.

- Sizi Ərtəm Əyilməz kəşf edib. Dahi deyirsiniz ona.
- Hə, hardasa... Xarakter olaraq çox kəskin idi. Zəkasıyla o kəskinliyini balanslaşdırmağa çalışırdı. Türk xalqını bu qədər yaxşı oxuyan, yaxşı tanıyan başqa birini görməmişəm.

- Kamal Sunal, Münir Özkul, Adilə Naşid, Tarık Akan - bütün ulduzları toplamışdı. "Arzu Film"də necə bir mühit vardı?
- Ssenari qrupunun başı Yavuz Turqul, Sadiq Şəndil və digərləri... Hamısının da başı Ərtəm abi... Böyük coşqular, qovğalar... Təbii, sənət qovğalarıydı bunlar: "Bir insanın başına bu gələrsə elə etməz, belə edər" kimi. Ssenari necə yaradılır, nə qədər önəmlidir - bütün bildiklərimi orada öyrəndim. Ssenari deyib-durmağımın səbəbi də Ərtəm Əyilməz məktəbində yetişməyimdir.

- Ötənlərdə bir kanalda "Hababam sinfi"ni verirdilər, sonacan baxdım. Gözlərim yaşardı. Siz də arada baxırsınızmı o filmlərə?
- Əlbəttə-əlbəttə, kanallar keçmiş filmləri verəndə qarşıma çıxarsa, baxıram.

- Ən çox hansını izləməkdən zövq alırsınız?
- "Fərq qoya bilmirəm" demək şablon bir cavabdır, amma mənim deməyimdə həqiqət payı var. Çünki o rolların hamısını özüm seçərək oynamışam. Seçmədiyim heç bir layihədə yer almamışam.

- Ərtəm Əyilməzə "Namuslu"da rol almaq için yüngülcə dirənmisiz. "Gərəkirsə, bir daha baş rolda oynamaram, amma bunu çəkəcəyəm" deyibsiniz.
- Bəli. Ərtəmə belə şey demək olmaz. Çox dominant xarakterdir. "Arzu Film"in tək adamına belə şeyi söyləmək olmazdı.

- "Badi Əkrəm" kimi saf, gülməli obrazlardan uzaqlaşmaq istəyirdiniz?
- Mənim fikrim-zikrim akyor olmaqdı. Bəzilərinin "Bu dünyada gözəl yuva qurum" kimi fikri var. Məndə də vardı, amma bacarmadım. İki evliliyim var geridə! Mən aktyorluğu seçdim, qərarlarım da bununla bağlıydı.

- Ərtəm Əyilməzin toplumu çox yaxşı oxuduğunu dediniz. Bugünkü komediya bumuna necə baxırsınız? "Rəcəb İvedik"ə, bu həftə kinoteatrlara girən "OHA deyirəm" kimi filmlərə baxırsınızmı?
- Çox tənqidi və laqeyd yanaşmıram. Kino geniş bir sahədi. Porno da çəkilir, siyasi film də, eşq filmi də... Bunu qiymətləndirməmək, mühakimə etmək olmaz.

- Əvvəllər də "Bu qədər da şitini çıxarmayaq, ayıbdır" filan deyirdilərmi?
- İnsan xarakteri dəyişmir. Elə deyən də vardı, deməyən də.

- Filmlərinizdə dostluq, vəfa mövzusu daim yer alıb. Həyat sizin özünüzlə bu anlamda necə davranıb?

- Deyirlər e, "mən heç dəyişməmişəm"... Yalandı, dəyişir insan. Ad-san, şöhrət, pul... Onların dəyişdirməməsi mümkün deyil. Amma bunların altında əzilmək, məni idarə etməsini istəmirəm. İçimdəki uşağı qorumağa çalışıram. Çünki mənim yaradıcılığımı və aktyorluğumu o uşaq hərəkətə keçirir.

İstəsəm, çox lüks yerlərdə yaşaya bilərəm, hər gecə hardasa əylənə, gəzə bilərəm, medianın gözü önündə ola bilərəm, Manhettendə bina ala bilərəm. Bunlar məni zərrəcə maraqlandırmır. Amma hesab eləyirəm ki, bu cür həyat tərzi içimdəki saflığı, həyəcanı yox edə bilər. Çünki pozulmamaq mümkün deyil.

Atası usta oyunçu Əli Şən ilə

- Dostluqlarınızı qoruya bildinizmi?
- Təktərəfli dostluğa inanmıram. Sən onun üçün üzülürsənsə, o da səninçün üzülə bilməlidi. Belələrinin də sayı çox az. Əslində çox olmasının bir yararı da yoxdu. Bir neçə yaxın dostum var.

Kamal Sunal həqiqi ulduzdur

- Kamal Sunalla ilgili "O qədər məhşurdu ki, küçədə gəzə bilmirdi. Ona görə də üzünə maska taxaraq gəzirdi" demsiniz. Bəs siz bu ünlülüyün öhdəsindən necə gəldiniz?
- Kamalin işi məndən çətin idi. O, həqiqi ulduzdu. Yəni ssenariyə, süjetə baxılmadan, sırf adına görə filminə gedilən adamdı... Seyirçisini yanıltmadı da, ondan gözlənilənləri həmişə verdi. Yoxsul, əzik, lakin toplumun ortaq müdrikliyini, kələkbazlığını daşıyan tiplərdi. Süjetin sonunda qələbə onundu. Bu formulu bütün filmlərində istifadə elədi. Bu, üstünlük idi; tamaşaçı nə görəcəyini təxmin edə bilirdi, amma "İnək Şaban" kimi tiplər ona yapışdı. Xalq onu "Salako", "Şaban" deyə çağırırdı. Kamal isə o deyildi! Canlandırdığı obrazlardı bunlar. Təbii ki, narahat olurdu.

"Süd qardaşları". 1976

- Sizə bu olmadımı?
- Mən bunu qırdım. "Namuslu"dakı dönüşüm olmasaydı, mən də "Bilo", "Bankir Maho" kimi gəzəcəkdim aralıqda. O rollar üstümə yapışıb qalacaqdı. Çox böyük risk idi amma. Kimsə ulduzkən bu riskə getməz. Tamaşaçı qəbul etməyə bilərdi.

- Bu seçimi sırf küçədə rahat gəzə bilmək üçün etdinizmi?
- Aktyorluğumun başqa yönlərini də göstərmək istədim. Mənfi Badi Əkrəm, sonra fırıldaqçı Maho tipləri... Üstəlik aktyorluq ideallarım da bunlar deyildi ki. Mən "Eşkıya"nı oynamaq istəyirəm, Muhsin Bəyi də. Bu dəyişikliyi etməsəydim, alınmayacaqdı. Buna görə də, küçədə məni görən adamın ağlından bütün filmlər keçir, amma mənə nə deyəcəyini kəsdirə bilmir.

- Həqiqətən küçədə rahat-rahat gəzə blirsinizmi?
- Metroda belə gəzirəm.

- Kepkalı şəkillərinizi görürəm bəzən. İşə yarayırmı?
- Bəli, papaq qoyuram. Amma iş onda deyil. Bədən dilinizin xalqa aid olması lazımdır. Nə edirsiniz edin, tərkibində olduğunuz zümrədən qopa bilməzsiniz. Ulduzların yuxarıdan aşağı baxışı... Mən elə xalq içindən çıxdığım üçün Şənər Şən adı mənə elə də təsir göstərmir. Adi bir vətəndaş kimi gəzə bilirəm. Metroya mindiyim zaman çiyinlərim başqa insanlar kimi sallanır. Onlar kimi yorğun oluram. Buna görə də məni görən olmur. Özlərindən biri bilirlər. Səni seçə bilmələri üçün gərək ortalıqda avara-avara dolaşasan.

- Seriallara baxırsınızmı?
- Bəzən gözüm ilişir. Üç saat boyunca bir filmin gecəyə yayılması təbiiliyi və sənətkarlığı pozur. Hamısı zamanı doldurmağa çalışır. Buna baxmayaraq, xalqın bəyəndiyi, uğur qazanmış serialları alqışlayıram. O şərtlər altında ərsəyə iş gətirirlər, çətindi.

- Zövq aldığınız aktyorlar varmı?
- Mən özümü belə bəyənmirəm. Bu işin zirvəsi yoxdur. Hələ canlandırmadığım obrazlar, göstərmədiyim yanlarım var. Onların da ortaya çıxmasını təmin edəcək filmləri gözləyirəm.

Nuri Bilgə Ceylanın üslubunu sevmirəm, amma...

- Yavuz Turqul çox yaxşı rejissordur. Amma başqaları da var. Nuri Bilgə Ceylan, Zəki Dəmirkubuz və s. Onlarla işləmək istərdinizmi?
- Onlardan mənə təklif gəlməyib. Heç kimə fərq qoymuram mən.

- Elə isə bu rejissorların filmləri haqda nə deyə bilərsiniz?
- Məsələn, Nuri Bilgə Ceylan çox özünəməxsus rejissordur. Filmlərini də bütün dünyaya qəbul etdirib.. Bu bir üslubdur. Amma "Sən o üslubu sevirsənmi" desən, sevmirəm.

- Niyə? Statik hesab edirsinizmi?
- Onu tənqid etməyə mənim bilgim bəs etmir. Bir şey deyə bilmərəm, haqqım yoxdur. Mən öz kino anlayışıma görə, bir əhvalatın doğru-düzgün çatdırılmasının tərəfdarıyam. Bu, klassik yanaşmadır. Bu yanaşma qırıla da bilər. Elə bir süjet gələr ki, onu da oynaya bilərəm. İndiki bəyənmə şəklim – bəlkə bir ilə dəyişə bilər bu - Yavuzun əhvalatıdır. Məni bu hekayə çəkir indi... Ölçüm budur.

- "Atam və Oğlum"dakı Çətin Təkindorun rolu əvvəlcə sizə təklif olunub, ancaq istəməyibsiz. Bu doğrudurmu?
- O qədər çox təklif gəlib ki. Mən istəmədim deyə həyat durmayacaq ki. Bəli, o da gəlib, amma başqaları da gəldi. Burada kriteriya mənəm, özüməm. Bəzən bəyəndiyim bir ssenari olur, amma özümü o rolda görmürəm. Mənn nəyi bacarıb, nəyi bacarmayacağımı bilirəm.

Bu, heç yaxşı gedişat deyil

- Gələk günümüzün Türkiyəsinə... Keçən il Prezidentin "Kültür və Sənət Böyük Ödülü"nü aldınız. Nə hiss etdiniz?
- İsmət Paşadan bu yana hər dönəmi xatırlayıram. Bu mükafatı Dəmirəl dönəmində də almışam. O zaman "Dövlət sənətçiliyi" idi adı. Türkiyə çox qəribə bir nöqtəyə gəldi. Toplum o qədər parçalandı, düşmən halına gətirildi ki, ağla gələn ilk şey "Sən o tərəfdənsən, yoxsa bu tərəfdən?" olur. Bunda siyasətçilərin böyük payı var. Kimsənin kimsəni dinləməyə, görməyə dözümü yoxdur. Hər kəs istədiyi dünyagörüşündə ola bilər. Bunun mübarizəsinin də mədəni ölçüləri var. Düşmənçiliyi körükləyib ölkəni bu hala gətirmək olmaz.

- Çıxışınızı "Bu ödülü cəmiyyətimizin barışmasına bir xeyri olar ümidi ilə qəbul edirəm" deyə bitirdiniz. Yəni bir az məsafə qoydunuz. Yenə də ödülü qəbul etdiyiniz üçün "Şənər Şən mənim üçün öldü" deyənlər oldu.
- Ağla ilk gələn o biri tərəflə bir araya gəlməmək. O tərəf də səninlə bir araya gəlmək istəmir. Ölkə isə bir dənədir! Biz nə edəcəyik? Siyasilərin rəhbərliyi altında səviyyə o qədər düşürüldü ki! Müzakirə zəmini qaçdı, getdi, yox oldu. Yeraltı dünyasının diliylə danışılır artıq. Bunlar siyasət elminin terminologiyasında yoxdur, amma böyük bir tərəfdar kütləsi var. "Racon kəsmək" deyə bir şey var. Hamı buna çox diqqətlə yanaşır. Bu gedişat yaxşı bir gedişat deyil. Sağlam bir cəmiyyət quruluşu qalmayıb.

- Həmin mükafatı bu il Yavuz Turqul aldı. Yenə bir-birinizdən ayrılamadınız!
- Bunu verən qurum hər halda incələyib verir, zarafat olsun diyə etməyiblər. Yavuz buna haqqı çatan biridir.

- Aranızda heç zarafat etdinizmi bunula bağlı?
- Təbii, başqa yoldaşlarla da danışdıq, onları da həvəsləndirdik. "Siz də bizim kimi olun, siz də gələn il alın" dedik.

Keçmişə bağlanıb qalsanız, ölərsiniz...

- Köhnələrdən daha çox kiminçün darıxırsınız? Darıxdığınız günlər, ya bir dövr varmı?
- Dostlarımın hamısı üçün darıxıram, amma "ah, keşkə belə olmayaydı" kimi fikirləşən deyiləm. Hesab eləyirəm ki, belə duyğular məni geri atar. Keçmişə bağlanıb qalsanız, nə dünəni görə bilərsiniz, nə sabahı. Baxışlarıma zidd gəlsə belə, hansısa populyar bir xətti, hamının bəyəndiyi şeyi anlamağa çalışıram, rədd etmirəm. Başqa cür irəliləyə bilməzsiniz. "Bizim zamanımızda" deyə danışmağa başlasanız, çox sıxıcı əhvalatlar danışarsınız. Bu haqda danışdığınız yoldaşlarınız bir-bir ölər, tək siz qalarsınız. Siz də son anda elə danışa-danışa ölərsiniz.

1987. "Muhsin Bəy" filmindən.

76 yaşında...

- Eşq işləri necə gedir?
- Təbiət o qədər gözəl nizama salır ki, hər şeyi. 76 yaşına çatınca, əlini-ətəyini çəkdirir bəzi şeylərdən. Libido azalır və sairə. Amma eşq bitməz, cürbəcür məcralarda yaşanar yenə. İşimlə ilişkim də bir eşq ilişkisi. Bir rəssamın rəsm çəkməsi, müsiqiçinin mahnı bəstələməsi... Ancaq maqazin bucağından soruşursunuzsa, təbiət əl-ətəyi bir yerə yığır. O zaman bədən deyil, beyin çəkisi axtarırsınız. Danışacağınız, paylaşacağınız sahələrin çoxluğuyla bağlı bir ilişki aramağa başlayırsınız.

- Axtarırsınızmı?
- Dostlarım var, amma başqa elə biri də olarsa, niyə yox deyim ki!

1985. "Namuslu" Şənər Şən üçün dönüş nöqtəsi.

- Sizi sevən, həyatlarını sizin filmlərinizlə keçirmiş, gənci-yaşlısı milyonlarca insana son olaraq nə demək istərdiniz?

- Biz gördüyümüz işlərlə, onlar da mənə olan sevgiləriylə onsuz da nələrsə deyirik bir-birimizə. Hiss edilmədən bir bağ yaranır aramızda. Məni yeddi il gözlədən, hər qarşıya çıxan layihədə çəkilməmin qarşısını alan, xalqla aramda qurduğum bu görünməz bağ.

Onlara sayğısızlıq etməmək istəyirəm. "Görək indi nə edəcək" sualının cavabı boynuma böyük məsuliyyət qoyur. O anlamda əlaqəmiz heç də pis sayılmaz. Bu qədər vasvasılıqla davam etsəm, bundan sonra da pis getməyəcək...

Hazırladı: Alpər Cəbrayıl


Müəllif: Səbati Qaraqurd