14 Noyabr 09:10
1 548

“Danışan fotolar”: Unudulmayanlar

Azərbaycan teatr truppası Tiflisə qastrola gedib, Şeyx Sənan dağını ziyarət edəndə Kazım Ziya yanındakı istedadlı gənc oğlana “Sən Tiflisli, bu da Şeyx Sənan dağı, bu gündən sən də ol Sənani” deyir. Cavan oğlan etiraz etmir...

Əsil soyadı Cəfərov olsa da, Azərbaycan xalqı onu Möhsün Sənani kimi tanıdı, sevdi. Bəlkə də onda Kazım Ziya bilmirdi ki, gün gələcək Sənani kiçikdən böyüyə hər bir azərbaycanlının qəlbində taxt quracaq.

“Danışan fotolar: Unudulmayanlar” silsiləsinin ilk yazısını qüdrətli sənətkar, xalqın sevimli aktyoru Möhsün Sənaniyə həsr edəcəyik.

Tiflisdən başlanan sənət yolunun zirvəsinə Bakıda çatan sənətkarı onun qızı, Bakı Dövlət Universiteti Təbiət fakültələri üzrə rus dili kafedrasının baş müəllimi Gülər Sənani ilə yad edəcəyik.

“Onu mərsiyəxan görmək istəyirdilər”

- Atam Tiflisdə beş uşaqlı kasıb ailədə dünyaya göz açıb, valideynlərini çox tez itirib, bacısıyla bərabər əvvəl nənəsinin, sonra xalasının himayəsində yaşayıb. Xalasının dolanışığı yaxşı olmadığına görə erkən yaşlarından işləməyə başlayıb, “Şeytan bazar”da fəhləlik edib. Qohumları onun da atası kimi mərsiyəxan olmasını istəyib. Çünki atam Möhsünün çox gözəl səsi vardı. Amma onu teatr, incəsənət daha çox cəlb edirdi. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır, teatr aktyorlarının oyununa, meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edirdi.

Sonra atam kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli səhnəciklərdə özünü sınağa başlayır. Bir gün Azdram Tiflisə qastrola gedəndə Mustafa Mərdanov atamı görüb bəyənir, ona Bakıya gəlsə, Azdrama işə düzəlməyə kömək edəcəyini deyir. Atam Mərdanovun məsləhətinə qulaq asıb Bakıya gəlir. Bakıda addım-addım, zəhməti, əziyyəti, alın təriylə zirvəyə doğru qalxır.

- Xalq artisti, aktyor Əli Qurbanovla qohum olduğunu bilirdim.

- Elədir, Əli Qurbanov onun xalası oğlu idi və atamdan daha əvvəl sənətə gəlmişdi.

“Qadınlar atama vurğun idilər”

- Bu fotoda anam Qüdrətlə atam Möhsün Sənanidir. Gözəl günlər yaşadığımız evimizdə çəkilib. Anam çox tanınmış nəsildəndi, Bakı milyonçusu Hacı Aslan Aşurovun nəvəsi və milyonçu Nəcəf Əmiraslanovun qızıydı.

Anamın gözəl səsi vardı. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışdı. “Durna” mahnısını o qədər gözəl ifa edirdi ki, hamı onu Durna deyə çağırardı.

Qadınlar atama vurğun idilər, onun telefonunu tapıb evinə zəng vurar, dəstəyi isə mahnı oxuması üçün gənc qıza - anama verərlərmiş. Anam kimin üçün oxuduğunu, atam da kimi dinlədiyini bilməzmiş...

Bir dəfə atam filarmoniyaya konsertə gedir. Anam səhnəyə çıxıb mahnı oxuyanda atam o səsin telefon dəstəyindən gələn səs olduğunu başa düşür. Atam o səsə heyranmış, konsert başa çatandan sonra anamla tanış olmaq üçün onu gözləyir.

O vaxt başqa zəmanə idi, böyük-kiçik, hörmət-izzət qorunub saxlanırdı. Ürəyin nə zaman istəsə sevdiyin adamla görüşə bilməzdin. Evdən də icazə verməzdilər. Anam rəfiqəsi ilə görüş bəhanəsi ilə evdən çıxıb atamla söhbətləşərmiş. Atam məhəllənin “cayıllarına” əvvəlcədən pul verərmiş ki, küçəni yarım saat boş saxlasınlar.

- Onda Möhsün Sənanin neçə yaşı vardı?

- Atam 38, anam 18 yaşındaymış. Atam birinci həyat yoldaşından ayrılandan bir il sonra anamla qarşılaşıb. Atamın qisməti anam, anamın qisməti atam oldu. Amma əvvəlcə anamın ailəsi onların izdivacına razı deyilmiş. Nənəm “mən artistə qız vermərəm” deyib iki dəfə elçiləri naümid qaytarmışdı. Üçüncü dəfə atam Sidqi Ruhulla, Mustafa Mərdanov, bir də başqa biri ilə elçiliyə gedib, nənəmi razılığa gətirməyə çalışıblar. Nənəm deyərmiş ki, aktyordan ailə saxlayan olmaz. Amma atam çox gözəl ailə başçısı, gözəl ər, gözəl ata, gözəl baba oldu.

“Evin açarlarını verdilər, atam əsəbiləşdi”

- Ata mülkünüz qalırmı?

- Təəssüf ki, yox. Qalsaydı, onu ev muzeyi edərdik. O evi atama dövlət vermişdi. Çox böyük və qəşəng ev idi. Uşaqlığım o evdə keçib. Həmişə də qonaq-qaralı idi.

Anamın qohumları bizdə illərlə qalardılar, atam heç vaxt bundan şikayətlənməzdi. Sonra kimisi ailə qurdu, evləndi, nənəm rəhmətə getdi, mən ailə qurub, o evdən ayrıldım, daha anama yardımçı lazım olmadı. O mülkdə atamla anam yaşadı.

O mülkü yığışdırmaq anama bir yaşdan sonra çox çətin oldu. Bizdən xəbərsiz atamın adından dövlətə məktub yazıb, evin daha kiçik həcmli evlə əvəz edilməsini xahiş edib. Bir həftədən sonra mülkü şəxslər orderlə bərabər evimizə gəlib, yeni evin açarlarını verdilər. Atam necə təəccüblənmişdi... Eyni zamanda çox əsəbiləşmişdi. Təzə ev heç ürəyinə yatmadı, cəmi üç il yaşadı orada.

- Siz atanıza çox oxşayırsınız...

- Doğrudur. Həmişə deyirəm, mən atamın qızıyam. Adımı da o qoyub. Sabit Rəhmanın “Xoşbəxtlər” pyesindəki Gülərin şərəfinə məni də elə adlandırıb. Amma adımla çağırmazdı, “atam-anam” deyə səsləyərdi.

Atamı çox istəyirdim, o hara getsəydi, mən də ona qoşulardım. Hətta ona yaxın olum deyə dərslərimi maşında öyrənərdim. Elə ki atam maşından düşürdü, tez sükanın arxasına keçərdim, açarı işə salıb çıxardım aradan. Bir-iki dövrə vurub, qayıdardım.

- Evimizdəki pianino... Atam da, anam da bu pianinoda çalmağı çox xoşlayardılar. Ailə qurandan sonra atam anama filarmoniyada işləməyə icazə vermədi. Evdə darıxmasın deyə, xora getməyinə etiraz etmirdi. Anam saat yarım işdə olub, sonra evə gəlirdi.

Evdə isə əsl konsert idi. Atam pianinonun arxasına keçəndə anam, yerlərini dəyişəndə atam oxuyardı. Mən də kresloda oturub onlara baxardım. Atam anamı heç vaxt incitməyib. Anam başının tacı idi. Mən o cür sevgi görməmişəm. Onlar bir-birilərinə kömək, arxa idilər. Evin bazarlığını atam edərdi, anam o işlərə qarışmazdı. Heç yadımdan çıxmaz, anam bir gün evimizin yanındakı dükandan evə çox məyus qayıtdı. Dedi ki, Gülər, indi başa düşdüm ki, atan yoxdur. Düyü almaq istəyirdim, dedilər, qurtarıb. Atan olsaydı, ona bunu deməzdilər, o əliboş qayıtmazdı.

- Atamın işi gecə saat 12-dən sonra başlayardı. Məşqlərini o vaxtlar eləyərdi çünki. Həmişə dolabının üstündə bloknot və qələm olardı. Maraqlı fikirlərini o bloknota qeyd edərdi. Bütün rollarına çox məsuliyyətlə yanaşardı. Adətiydi, hər zaman görüləcək işlərin siyahısını axşamdan tutardı.

“Fuad Poladovu çox bəyənirdi”

- Atam gənclərin arasından Fuad Poladovu çox bəyənirdi. Birlikdə “Darıxma, ana” tamaşasında oynayırdılar. Atamın teatrda oynadığı sonuncu tamaşa oldu. Atam səhnəni çox yaxşı tanıyırdı, hər hissəsini yaxşı bilirdi. “Darıxma, ana”da dekorasiyanı quranda hansısa əşyanı düz yerinə qoymamışdılar. Tamaşa oynanılanda atam yanlışlıqla həmin əşyaya toxundu, sona qədər tamaşanı davam etdirdi.

Amma evə gələndən sonra nə qədər üzgün olduğunu gördüm və dedi ki, mən burada səhnə fəaliyyətimə nöqtəni qoydum. “İstəmərəm ki, səhnədə büdrəməyimi tamaşaçı görsün”. Ərizəsini yazıb teatrdan çıxdı. Mənə də bir yaxşı məsləhət verdi, dedi, qızım, haradan gedirsənsə get, həmişə vaxtında, üzüsulu get.

- Gülər xanım, o zaman gözləri çox zəifləmişdi?

- Bəli. Bunu mənə özü etiraf etmişdi. Görürdüm, evdə çox oturur, uzanır, həmişə deyirdim, çıx gəz, hərəkət elə, bulvara get. Mənə qulaq asırdı, amma heç nə demirdi. Bir dəfə isə dözmədi, dedi, otur qarşımda. Oturdum, əlini mənə uzatdı. Dedi, əllərim sənə uzanır, yanımda olduğunu bilirəm, amma hansı tərəfdəsən, bax onu müəyyən edə bilmirəm, çünki görmürəm. Belə halda bulvara necə gedim? Yataqda uzanıram, həyat kitabımı vərəqləyirəm. Bir-bir cavanlığımı, püxtələşdiyimi, kiminləsə görüşdüyümü, kiminləsə vidalaşdığımı xatırlayıram.

Bilsəniz, o günlərdə biz nələr çəkirdik. Mən otağın qapısında dayanıb ona baxırdım. O bunu görmürdü, danışırdı, nəsə deyirdi. Özü-özü ilə danışırdı. İçəri keçə bilmirdim, elə qapının ağzında dayanıb, gözlərimdən yaş süzülə-süzülə ona baxırdım. Başa düşürdüm ki, atamın sonu yaxınlaşır. Onu elə görmək mənə, anama çox əziyyətli idi.

Bunu ilk dəfə sizə danışıram. 1981-ci ildə atam “Leçkomissiya”da yatırdı. Həmin vaxt orada Rəsul Rza, Nigar Rəfibəyli, Şövkət Ələkbərova, Tofiq Əhmədov da müalicə olunurdu. Atamın yanına gedəndə onları da orada görürdüm. Çox dəhşətli mənzərə idi, mən o insanları həmişə sağlam, gümrah, qəşəng geyimdə görmüşdüm.

Bir gün yenə palatada atamın yanındayam. Rəsul Rza ilə Nigar xanım əl-ələ içəri girdilər. İkisinə də stul verdim, əyləşdilər. Heç yadımdan çıxara bilmirəm o səhnəni. Rəsul Rza əlini atamın əlinin üstünə, Nigar xanım da Rəsul Rzanın əlinin üzərinə, ən sonda atam o biri əlini onun əlinin üzərinə qoyub beş dəqiqə susdular. Gözləri dolmuşdu. Biri də bir kəlmə danışa bilmədi. Qəhər boğazlarını tutmuşdu. Eləcə bir-birilərinə baxıb gözləri ilə vidalaşdılar. Səssiz-səmirsiz qalxıb qapıya tərəf getdilər. Mən də gözümün yaşını saxlaya bilmirdim. Otaqdan çıxandan sonra atam bir kəlmə söz dedi:

- Sağ olun!

Dörd ay xəstəxanada qaldı, iki dəfə ard-arda infarkt keçirdi. Yanından ayrılmırdım, ailəmi, uşaqlarımı belə unutmuşdum. Bir dəfə könlü xurma istədi. Bütün Bakını ələk-vələk elədim, Mərdəkanda qapı-qapı düşüb xurma axtardım. Axır bir yerdən tapdım. Xurmadan bir dilim ağzına qoyub: “Bildim ki, tapacaqsan. Sən mənim oğlumsan”, - dedi.

Bir gün həkim dedi ki, onun ürəyi parçalanıb. Bədənində qan dövran etmirdi, əlləri qaralmışdı. Həkimin məsləhəti ilə onu evə gətirdik, maşında məndən hara gedəcəyimizi soruşdu. Dedim, evə gedək, sonra yenə gələrik. Baxdı gözümün içinə asta səslə pıçıldadı: “Çox sağ ol”.

1981-ci il çox dəhşətli bir il oldu. Atamla bərabər elə gözəl insanları apardı ki özüylə... Allah hamısına rəhmət eləsin.

- Yaxın dostları kimlər idi?

- Teatrda ən yaxın dostu Mustafa Mərdanov idi. Qalanları ilə salam-əleyki vardı. Söz-söhbətləri, intriqaları sevməzdi, müdrikliklə onların üstündən keçərdi. Danışığını bilməyən, şit zarafat edən, məntiqsiz danışanları yaxına, xüsusilə evə buraxmazdı. İnsanları seçərdi, onlara qiymət verərdi. Anam danışardı ki, evə hansı qonağı gələrdisə, o adamın sevdiyi xörəyi bişirtdirərdi. Mustafa Mərdənov gələndə balıq, Ələsgər Ələkbərov gələndə aş bişirtdirərmiş anama.

“Qızını mənə verəcəksən”

- “O olmasın, bu olsun” filmində yaratdığı məşhur Qoçu Əsgər rolu... O filmin çəkilişindən maraqlı bir hadisə danışım sizə.

Bakı Univermağının yerləşdiyi ərazi əvvəllər kinofabrik olub. Deməli, filmin bazar səhnəsi çəkilirdi. Əsl bazar mənzərəsi yaratmışdılar. Dəvə də gətirmişdilər. Çəkiliş zamanı bir səhnə alınmadı, rejissor fasilə elan etdi. Mən də diqqətlə onlara baxıram, birdən arxamda kiminsə nəfəsini hiss etdim. Başımı döndərəndə yanımda dəvəni görüb, qışqırdım. O anda atam özünü necə yetirdi, hələ üstəlik dəvəni hədələdi də. Dedi, qızıma sataşsan, səni Qaraqumdan da sürgün edərəm.

- “Koroğlu” filmindən olan fotolardı. Filmi 1962-ci ildə Moskvada çəkirdilər. Atam çəkilişlərə məni də aparmışdı. Filmdə Keçəl Həmzə rolunu canlandırırdı. Rolda Həmzəni xanın hüzuruna gətirirlər, o, xanla şərt kəsir, deyir: “Koroğlunun atını qaçıracam, o da sənin hüzuruna gələcək, amma əvəzində sən qızını mənə verəcəksən”. Bu sözləri deyəndən sonra nökərlər Həmzənin qolundan yapışıb, yuxarı qaldırmalı və çölə atmalıydılar. Təsəvvür edin ki, nökərlər çox arıq, atam kök. Atamı heç cür yerindən qaldıra bilmədilər. Çəkilişi dayandırdılar. Axır, atam bütün pavilyonları gəzib, iki kök, hündür kişi tapıb gətirdi. Ondan sonra çəkilişi davam etdirdilər.

Atam çox sağlam adam idi. Filmlərdəki, tamaşalardakı bütün tryukları özü yerinə yetirirdi. “Qaçaq Nəbi” teatrda səhnəyə qoyulanda atamın qazamatdan qaçdığı bir səhnəsi var idi. Qazamatı dekorasiya ilə həll etdilər, atamın tullanması üçün bir pəncərə də hazırladılar. Yadımdadır, o pəncərə üçün tərtibatçıların təyin etdiyi hündürlüyü bəyənməmiş, məsafəni daha yüksək elətdirmişdi. Salyan kazarmasından ağ at gətirdilər. Atamın da atdan çox xoşu gəlirdi. Səhnə gərəyi atam o pəncərədən atın belinə tullanmalı idi. Elədi də.

Həmişə özünü formada saxlamağa çalışırdı. Səliqəni sevərdi, geyiminə çox fikir verər və az yeyərdi. Onun bozbaş yeməyini görəydiniz... Nimçəyə iki qaşıq su tökərdi, dörd parça çörəyi içinə atıb yeyərdi. Ayrıca qabda tikə ət, quyruq, noxud, kartof, bişmiş soğan qoyardı. Əti, quyruğu, noxudu əzib üstünə narın suyunu sıxardı. Kartofu dörd yerə bölüb duzla, istiotla yeyərdi. Soğanı axıra saxlayardı. Yeyəndən sonra mütləq iki dilim pendir yeyərdi. Göyərti, şoraba, ya ayran, ya şərbət süfrədən əksik olmazdı.

“SSRİ Ali Məhkəmənin sədri teatra gəldi və...”

- “Göz həkimi” tamaşası ilə bağlı iki maraqlı əhvalat danışım. Pyesin müəllifi İslam Səfərli bir gün atama zəng etdi ki, sənin üçün gözəl bir rol yazmışam. Şofer Həsənağa rolu... Atam ssenarini oxudu, sonra dedi, əgər bəzi sözləri ləğv edib özümküləri deməyə icazə versən, rolu oynamağa razıyam. Razı deyilsənsə, onda başqasına ver. İslam müəllim dedi, hansı əlavələr etmək istəyirsənsə elə, rol sənindi.

Mən atamın bütün tamaşalarına gedirdim, rollarını, rol gərəyi dediyi sözləri əzbər bilirdim. “Göz həkimi” tamaşası teatrda oynanılırdı. Mən zalda əyləşib atama baxırdım. Tamaşa boyu pyesdə olmayan o qədər əlavələr etdi ki... Bir əlavəsi də bu idi: “Güliçka, sonra bir mənə dəyərsən də...” Bu söz tamaşada yox idi. Mən başa düşdüm ki, atam bununla mənə işarə edir. Fasilədə atamın yanına getdim, nə görsəm yaxşıdı: otaqda dadlı kabablar var.

Azərbaycan SSRİ Ali Məhkəməsinin sədri Abdulla İbrahimov atamın xətrini çox istəyirdi, tez-tez onun teatrda ziyarətinə gəlirdi. Həmin gün atamın yanına gəlmiş, özü ilə kabab gətirmişdi. Atam da o kababları yemək üçün məni otağına çağırmışdı. Sözüm ondadır ki, onun bütün rollarını, dediyi sözləri belə əzbərdən bildiyim üçün harada əlavələr etsə, o dəqiqə başa düşürdüm.

- Özünün xüsusi ilə sevdiyi, seçdiyi rolu var idimi?

- Ən sevdiyi rolu “1905-ci il” tamaşasında Eyvaz rolu idi. Mənim üçün isə onun bütün rolları əvəzolunmazdı.

- 70 illik yubileyindən fotodur. Çox gözəl keçmişdi. Nə qədər adam gəlmişdi. Bəzi adamlara sənətinə, vəzifəsinə, mədəniyyətinə görə hörmət edirdilərsə, atamı bütün bunlarla yanaşı çox sevirdilər. Yəni ona həm hörmət edirdilər, həm də çox istəyirdilər. İnanın, hər adama bu xoşbəxtlik qismət olmur. Tamaşaları anşlaqla baş tuturdu.

Onu tək böyüklər deyil, uşaqlar da çox sevərdi. Ziyalı ilə ziyalı, cayıllarla cayıl, uşaqla uşaq idi. Atam çox yaxşılıqlar edib. Bəzilərini bilirdik, bəzilərini isə rəhmətə gedəndən sonra öyrəndik. Kimin institut, sənəd, “prava” problemi vardısa, atamın yanına gələrdi. Ümidlə qapımızı döyənləri kor-peşman geri qaytarmazdı. Heç yadımdan çıxmır, on yaşımı qeyd edirdik. Qapı döyüldü, bizim sinifdə oxuyan Gülya adlı qız içəri girdi. Riyaziyyat fənnindən “2” aldığına görə attestatını vermirdilər. O da atamdan xahiş etdi ki, direktorla danışıb məsələni həll etsin. Atam direktora zəng etdi, dedi, xahiş edirəm, bu qıza qiymət yazın, attestat verin. Direktor da nə desə yaxşıdı, Möhsün, müəllim evdə soyuducum yoxdur, kömək edərsiniz? İnanırsız, atam Keşləyə zəng edib direktor üçün soyuducu alıb göndərdi.

Atam səhər yeməyinə Sovetskidən Dağlı çörəyi alardı. Bir dəfə mən də onunla getdim. Maşınımız Sovetskinin küçələrindən keçəndə yolumuza qəflətən bir uşaq çıxdı, atam sükanı dayandıra bilmədi, uşağı vurdu. Mən çox qorxdum, atamın rəngi dəyişdi. 8-9 yaşlı bir oğlan bizə yaxınlaşdı, oradan getməli olduğumuzu dedi. Bir küçə uzaqlaşmışdıq ki, həmin oğlan şüşəni döyəclədi, “Sürün Möhsün əmi, gedin”, dedi. Rahat olmadıq, hadisə baş verən yerə qayıtdıq. Gördük, qəza ilə vurduğumuz oğlan sağ-salamatdır.

Atam uşaqların hamısı ilə görüşdü, onlara mağazadan şirniyyat aldı, söhbət elədi. Demə, atamı polisdən qorumaq üçün həmin oğlan palçıqla maşının nömrəsini örtməyə çalışıb, palçıq arxa nömrəyə yetməyəndə bədəni ilə onu gizlətməyə məcbur olub. O bunu necə fikirləşmişdi, bu, kimin ağlına gələrdi? Bunun ancaq bir açıqlaması var: atamı uşaqlar da çox sevirdilər.

Atam, adətən, rollarının mətnlərini eyvanda məşq edərdi. Həyət uşaqları da eyvanın altına toplaşıb, atamı gözləyərdilər. Elə ki eyvana çıxırdı, mütləq o uşaqlarla zarafatlaşardı. Bir dəfə uşaqların birindən nə soruşsa yaxşıdı: “Get gör həyətdə yağış yağır?” Uşaq bir az uzaqlaşıb, geri qayıdıb, Möhsün dayı, həyətdə yağış yağmır, dedi. Atam da zarafatından qalmayıb, “Ay çox sağ ol, paltarları asacam, ona görə soruşurdum”.

Atamı satıcı da tanıyırdı, Mərkəzi Komitənin işçiləri də. Həmişə deyirdi ki, hamı məni küçədə görəndə işimi, ailəmi soruşur, mən o adamları tanımıram, bilmirəm, onlardan nə soruşum.

Bir hadisəni heç unutmaram, atamın nəşini teatrdan götürəndə bir kişi mənə yaxınlaşdı. Üzü qıpqırmızı idi, elə bildim içib, ürəyimdə də deyinirəm ki, içmisənsə bura niyə gəlmisən. Bu, sözə başladı, dedi, bacı, qızdırmadan yanıram, yorğan-döşəkdən qalxıb gəlmişəm. Gəlməyə bilməzdim. Gəldim ki, Möhsün dayını son mənzilə yola salım. Çünki o, Biləcəridə mənim əlimdən tutub, qatardan endirib. Ailənin tək oğluydum, məni əsgərliyə aparırdılar, hərbi xidmətimi Bakıdan çox uzaqda çəkməli olacaqdım. Getsəydim, anam tək qalacaqdı. Dayım Möhsün Sənaniyə müraciət etdi, sağ olsun, məni qatarla aparan zaman özünü yetirdi, əlimdən tutdu. Yuxarılarla danışıb, Salyan kazarmasına yazdırdı. Beləcə, Bakıdan uzaqlaşmadım. Onun haqqını ödəyə bilmərəm.

Kişinin sözləri məni çox kövrəltdi.

- İki soyad daşıyıram. Gülər Sənani-Quliyeva. Əslində, soyadımı dəyişmək istəmirdim, nikahda yoldaşım soruşdu ki, hansı familiyanı götürəcəksən. Ürəyim yumşaldı. Gəldik evə, atam bunu biləndə tutdu əlimdən gətirdi məni Səadət sarayına. Dedi soyadını dəyişin, dedilər, mümkün deyil, ən sonda iki soyadla qeyd etdilər.

İki övladım var. Qızım Nevin Sənani həkim-pediatrdır, oğlum Tahir Quliyev rəssam-heykəltəraşdır.


Müəllif: Nərmin Muradova, Elçin Murad