30 Noyabr 2017 14:27
8 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ən reytinqli seriallarımızdan biri, “Barama”nın baş rol ifaçısı və ssenaristi Aqşin Fatehlə müsahibəni təqdim edir.

- Əvvəlcə meyxanaçı kimi yarışmada qalib oldunuz. Sonra musiqili meyxanalarla məşhurlaşdınız, daha sonra meyxanadan uzaqlaşdığınızı açıqlayıb, məddahlıq etdiniz. İndi isə, aktyor-ssenarist. Bundan sonra hansı sahədə özünüzü sınamaq istəyirsiniz?
- Yaradıcılıq elə bir şeydir ki, gərək ürəkdən gələ. Hazırda aktyorluq daha çox maraqlıdır mənə. Ona görə ki, bu sənət vizitka kimi bir şeydir. Hara gedirsən-get, bütün qapılar üzünə asanlıqla açılır. İndi insanlar tanınmış simaya daha çox önəm verirlər.

- Bəs, bu sadaladığım peşələrdən hansı sizə daha çox yaxındır? Yəni, bundan sonrakı karyeranızı sırf hansı istiqamətdə qurmaq istərdiniz.
- Onsuz da bu sahələr hamısı bir-birinə bağlıdır. Meyxanada da aktyorluq etməyi bacarmalısan, rejissor kimi səhnə qurmalısan. Kino sahəsində daha çox işlər görmək istəyirəm. Bu sahədə imkanlar geniş olduğuna görə, çox şey etmək mümkündür. Hətta kino şirkəti qurmaq planlarımız da var. Ola bilər ki, nə vaxtsa rejissor kimi də özümü sınadım.

- Meyxanadan islam dininin qadağalarına görəmi uzaqlaşdınız, ya ciddi sənət hesab etmədiyiniz üçünmü?
- Qadağalar deməzdim. Meyxanadan uzaqlaşmağıma səbəb özümə hörmət, Allaha sevgi ilə bağlıdır.

- Yəni, meyxananı artıq ciddi sənət kimi qəbul etmirsiniz?
- Bu sənət əslində yaxşı sənətdir, ciddi sənətdir. Amma hazırda meyxanaya qeyri-ciddi yanaşanlar, onu gözdən salanlar daha çoxdur. Pul qazanmaq üçün gərək kimlərləsə burun-buruna gələsən. Dəfələrlə olub ki, məclislərdə sözümüz düz gəlməyib. Söyüş və təhqirlə meyxana deyən adamlar var. Düzdür, o sənəti gözdən salanlara görə heç vaxt meyxanadan uzaqlaşmazdım, əksinə, mübarizə aparardım, amma baxdım ki, bu sənətə davam etsəm, ya mən kimisə vurub öldürəcəm, ya da kimsə məni.

- Bir zamanlar, dəqiq desək, 2000-ci illərin əvvəllərində kifayət qədər fanat ordunuz var idi. Sevilirdiz. Meyxanadan uzaqlaşandan sonra o şöhrəti itirdiniz sanki. Bəs indi necə, o sevgini hiss edirsinizmi?
- Əlbəttə hiss edirəm. İnsanlar gördü ki, mən bəziləri kimi atdığım addımları şou üçün atmıram. Çoxları elə bilirdi ki, mən meyxanadan uzaqlaşmaqla kütləni özümə cəlb etmək istəyirəm. Amma indi görürlər ki, elə xarakterə sahib biri deyiləm. Özümü daha da inkişaf etdirib geri qayıtdım. İndi onlara aktyor kimi də maraqlıyam.

- “Barama” serialı indi ən çox izlənilən yerli seriallarımızdandır. Hətta deyərdim ki, son zamanlar haqqında bu qədər danışılan seriallarımız az olub. Sizcə, bunun səbəbi nədir? Aktyor heyətimi, ssenarimi?
- Bu, tək adamın işi deyil. Burda bütün komandanın əziyyəti var. Təzə başlayanda yanlış adamlarla işlədik. Nəticədə hamısı dağıldı bir yana. İndi isə yumruğu bir yerə vura bilən komandamız var. Çətin günlərimiz də olur, pulsuz günlərimiz də. Amma buna baxmayaraq, davam edirik.

- Bəs, pulunu gecikdirdiyinizə görə, serialdan vaxtından tez ayrılan aktyorlar olubmu?
- Əlbəttə olur. Hamı istəyir ki, ailəsini dolandırsın. Biri kirayədə qalır, biri evinə çörək aparmaq istəyir. Sponsorlar isə oyun oynayırlar. Bir də görürsən ki, biri sponsorluq etmək istəyir, bir ay keçməmiş qaçıb gedir. Bilmirsən bu 30-40 nəfərin pulunu necə verəsən. Sonra bəzi aktyorlar da oldu ki, bizim serial çəkiləndə inanmadılar bu qədər davam edərik, uğurlu olarıq. Başqa seriallarla müqavilə imzaladılar. İndi çoxu peşman olub qayıtmaq istəyir. Amma artıq gecdir…

- Tamaşaçılar bir ara bütün yerli seriallara sərt reaksiya verirdilər. Aktyorları bəzən süniliyə görə, bəzən pafosa görə qınayırdılar. İndi isə tədricən izləyənlərin sayı çoxalır. Sizcə, tamaşaçı nə istəyir? Və tamaşaçının fikirləri ciddi qəbul edilməlidirmi?
- Tamaşaçını ciddi qəbul etmək lazımdır. Amma bir yerə qədər. Bizim tamaşaçılar bu dəqiqə özü də bilmir nə istəyir. Çaş-baş qalıblar. Bilmirlər bizi türklərə, Avropaya, ya köhnə filmlərimizə oxşatsınlar. Günahkar da özümüzük. Hamı deyir ki, pul yoxdur, pul olmasa, yaxşı film çəkmək də olmaz. Biz isə göstərdik ki, az büdcəylə də uğur qazanmaq olar. Türklərdən də geri qalmırıq. Onlarla rəqabət apara biləcək iş qoymuşuq ortaya. Nə olsun ki, biz bir seriyanı 10 minə çəkirik? Sənət qurban tələb edir. Köhnə sənətkarlarımızın hansı şəraitdə neçə-neçə filmlərə çəkildiyini xatırlayıb, ruhlanmalıyıq. Bəhanələrə ehtiyac yoxdur.

- Gələk Babəkə. Babək xalq qəhramanlarımızdandır. Və uzun illər ərəb xilafətinə qarşı mübarizə aparıb. Loru dildə desək, atəşpərəst kimi islamın onun torpaqlarında yayılmasına qarşı çıxıb. Aqşin Fateh isə Allaha bağlı, islamı sevən, peyğəmbərləri, imamları təbliğ edən biridir. Bəs niyə məhz Babək?
- Mən tarixi araşdırmışam. Ola bilər ki, bizdə bu, tam açıqlanmır. Babək islama qarşı yox, islamın adından istifadə edib, xalqa vergi yükləmək istəyənlərə, onların torpaqlarını, malını, mülkünü əlindən almaq istəyənlərə qarşı mübarizə aparırdı. Yəqin ki, eşitmisiz, Azərbaycanda imam Rzanın qızları, Rəhimə, Həkimə xanımın qəbirləri var. Əgər biz kafir millət idiksə, niyə peyğəmbər övladı öz ailəsini, öz namusunu gizli yolla bura göndərirdi? Babəki qəsdən kafir adlandırırdılar ki, onun ətrafında heç kəs birləşməsin, müttəfiq olmasın. Babəkin güclənməsi qonşu dövlətlərə sərf etmirdi.

- Serialda sizin qardaşınız rolunu meyxanaçı Vasif Əzimov oynayır. Başqa meyxanaçılara da rol vermək fikriniz varmı?
- Açığı, bizə seriala çəkilmək üçün müraciət edənlər də var. Amma biz iki meyxanaçını dəvət etmişik. Biri Elşən Xəzərdi, biri də Vuqar Əbdülov. Elşənin işləri çox olduğuna görə alınmadı. Bu serial işi də elədir ki, gərək başladınsa bütün işlərini atıb çəkilişlərdə olasan. Çoxları da bunu qəbul etmir.

- Aqşin Fateh adı gələndə həm də Elşən Xəzər yada düşür. Və əksinə. Neçə illərdir ki, yollarınız ayrılıb. Bu soyuqluq sadəcə, yaradıcılığınıza aiddir, ya ümumiyyətlə?
- Bir vaxt gəldi ki, mən artıq meyxanadan uzaqlaşası oldum. Elşən isə davam etdi. Ya mən onun tutduğu yolla getməli idim, ya da o mənim. Bu da mümkün olmadı. Münasibətlər isə yerindədi. O da çox istəyir bizim seriala çəkilsin. Bəlkə gələcəkdə mümkün oldu.

- İpəkçi kimdir?
- Obraz olaraq var. Amma hələ o rolu oynayacaq aktyoru seçməmişik. Ola bilər ki, yeni aktyor olsun. Ya da elə “Barama”nın üzdə olan adamlarından biri.

- Böyük aktyorlarımızdan seriala kimisə dəvət etmisiniz?
- Rasim Balayevi, Şamil Süleymanovu dəvət etmək istəyirik. Bu hələ “Barama”nın birinci qatıdır. Get-gedə başqa qatlar da açılacaq. Artıq yeni obrazlar olacaq. Yəqin ki, serialda gözəl aktyorlarımızdan da kimlərisə görə biləcəyik.

- “Barama” serialının ssenarisi ilə “Qurdlar vadisi” serialının ssenarisi arasında oxşarlıq var. Hər ikisində də cinayətkar aləmin üzvləri və onların içinə yerləşdirilmiş dövlət adamı var. Bu oxşarlıq təsadüfdür, ya məqsədli şəkildə etmisiniz?
- Oxşarlıq təsadüfən deyil. Məqsədli şəkildə etmişik. Amma bu tip ssenarilər “Qurdlar vadisi”ndən qabaq çox filmlərdə, seriallarda olub. Bir neçəsinin adını da çəkə bilərəm. Sadəcə, bizdə ən məşhuru “Qurdlar vadisi” olduğuna görə hər kəsin ağlına ilk o gəlir. “Barama” isə “Qurdlar vadisi”ndən də dərindir. Bunları göstərmək üçün imkanlar lazımdır. Gələcəkdə insanlar görəcək ki, bizdə tamam başqa məsələlər var.

- Bəs, Türkiyənin tanınmış aktyorlarından kimisə dəvət etmək fikriniz varmı?
- Əvvəl fikrimiz vardı. Fikir vermisizsə, “Barama” üzvlərinin arasında milli azlıq nümayəndələri də var. Bu onu göstərir ki, burda millətin, irqin, heç bir əhəmiyyəti yoxdur. Burda bir şey var, qardaşlıq. Növbəti bölümlərdə hamısı bir-bir açılacaq.


Müəllif: Xəzər Süleymanlı