21 Dekabr 2017 09:27
7 538

Bu günə qədər çox tikinti şirkətində çalışmışam. Bu sahənin nə qədər ağır olduğunu çox yaxşı bilirəm. Adətən tikinti deyəndə ağla birinci fəhləlik gəlir. Amma bu sahədə hər iş ağırdır, istər fəhlə ol, istər mühəndis, fərqi yoxdur. Hətta 1-2 ay işləyəndən sonra dözməyib mühəndislikdən də imtina edən adamlar görmüşəm. İndi sosial şəbəkələrdə yayılan videolarda görəndə ki, iki gənc xanım - Milliart interyer və eksteryer dizayn studiyasının yaradıcıları bu ağır işlərə həm nəzarət edir, həm də fəhlələrə, ustalara qoşulub sement qarışdırır, zibil daşıyır, çox təəccübləndim. Qərara gəldim ki, onlarla bu barədə söhbətləşim.

Teleqraf.com rəssam-dizaynerlər Sevinc Sultan Əhmədi və Arzu Rzayeva ilə müsahibəni təqdim edir.

- Ev tikmək asandır, ya yıxmaq?

- Düzünü desək, hələ ki, heç kəsin evini yıxmamışıq. Bizim üçün ev tikmək daha asandır. Şəri, böhtanı Allah bizdən uzaq etsin. Biz adicə ustaların, fəhlələrin də haqqına girmirik. Çox qorxuruq.

- Bir başa tikinti sahəsində iş idarə edən xanımlar çox azdır. Bəlkə də yoxdur. Kişilərlə necə yola gedirsiz?

- Ola bilər ki, biz zahirən qadın kimi incə, zərif görünürük. Amma hərdən bizə elə gəlir ki, bizdə kişi hormonları daha çoxdur. Məsələn, Arzu həm də peşəkar idmançı olub. Zədəyə görə idmandan uzaqlaşıb. Ona görə də elə də çətinlik çəkmirik.

- Rəssam-dizaynersiz və təbii ki, rənglərlə işləyirsiz. Bəs, kişiləri hansı rəngə bənzədərdiz?

- Qara rəngə...

- Əslində, haqlısınız. Ona görə ki, elə mən də bizim kişilərin bir çoxu kimi qara rəngə üstünlük verirəm. Ən sevdiyim rənglər qırmızı və qaradır. Niyə rəngbərəng geyimlərdən uzağıq?

- Bizə elə gəlir ki, bu, maddi imkanla əlaqəlidir.

- Axı elə insanlar var ki, onların kifayət qədər imkanı var, amma biz onları neçə illərdir eyni geyimdə, qara rəngdə görürük. Məsələn, Türkiyənin sevilən aktyoru Cem Yılmaz.

- Məsələ o deyil. Qara rəng də olar. Amma bu da zövqlə seçilməlidir. Bizdə insanlar ucuz və keyfiyyətsiz geyimlərə daha çox pul verirlər. 5 dənə ucuz, keyfiyyətsiz geyimin əvəzinə, 2 dənə alsınlar, amma zövqlə geyinsinlər.

- Sizi əldə etmək istəyən kişi necə olmalıdır? Əvvəlcə Sevinc xanım cavablandırsın, sonra Arzu xanım...

- Mən ailəmin ciddi nəzarətində böyümüşəm. Nə demişəmsə olub, nə istəmişəmsə ediblər. Ona görə də, məni əldə etmək istəyən kişi əvvəlcə ailəmin qayğısını mənə göstərə bilməlidir. Yəni ki, ancaq və ancaq sevgi, qayğı ilə məni əldə edə bilər.

- Məncə, bir az da səmimi cavab verək. Bəs, siz nə deyirsiz, Arzu xanım?

- Bizə sahiblənməyi bacarmalıdır.

- Deyək ki, elə biri çıxdı, sizə sahiblənməyi bacardı. Və dedi ki, işləyib məni saxla...

- Alfons saxlamırıq ki, biz...

- Onda bir az da səmimi olaq. Məncə, reallıqlar başqadır. Arzu xanım, bəs sizcə?

- Reallıq bunları tələb edir, deməli, ən azı mənim qədər pul qazanmalıdır, yaraşığı da vacibdir, boyu da məndən hündür olmalıdır. Ona görə ki, mənim boyum hündürdür, kişi boyca məndən balaca olsa, elə bilərəm ki, məndən zəifdir.

- Ola bilər ki, sizin işçiniz olan fəhlələrə aşiq olasız?

- Ola bilər. Həyatda hər şey mümkündür. Amma bizim yaşda olanlar bunu etməzlər. Belə eşq-məhəbəti 18-19 yaşda olanlar yaşaya bilərlər. Biz burdakı işçilərə sadəcə, işçi kimi baxırıq.

- Sosial şəbəkələrdə fəhlələrlə birlikdə işlədiyiniz görüntülər var. Bunu həqiqətən edirsiz, yoxsa, sadəcə, belə görünmək üçün?

- Yox, qətiyyən elə görünmək üçün etmirik. Bəzən olur ki, hansısa fəhlə gəlmir, o zaman onun yerinə özümüz kömək edirik. Keçən dəfə fəhlənin əli kəsilmişdi, onu Arzu xanım əvəz etdi.

- Arzu xanım, deməli, həm də peşəkar idmançı olmusuz. Heç kişi döymüsüz?

- Olub. Bir dəfə parkda gördüm ki, bir nəfər bacımı narahat edir. Bacımı evə yola salıb, qayıtdım onun yanına. Əlimdən gücnən aldılar. Sonra mən parkda gəzəndə oğlanlar görən kimi deyirdilər ki, o gəlir, gedək.

- Ən böyük məqsədiniz nədir?

- Mən Rəssamlıq Akademiyasında rektor olmaq istəyirəm. Və qarşıma məqsəd də qoymuşam ki, bu yolda irəliləyəcəm. Özümə inanıram. Arzu isə qoy özü desin.

- Mənim uşaqlıqdan bir arzum var, general olmaq. Hərbiçilərin geyimini çox sevirəm. Amma artıq bu mümkün deyil. Əvəzində deputat olmağa çalışacam.


Müəllif: Xəzər Süleymanlı, Elçin Murad