10 Yanvar 2018 17:48
6 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

1970-ci il noyabrın 3-də Şamaxıda doğulmuşdu. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladı idi. Şamaxı şəhərində orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi.

Aşıq Vüqar Mahmudoğlu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə indiyə qədər bir çox xarici ölkələrdə - Fransa, Almaniya, Xorvatiya, İsveç, Türkiyə, Rusiya, İran və s - konsert proqramı ilə çıxış etmişdi, festivalların iştirakçısı olmuşdu və Azərbaycan milli sənətinin təbliğində aktiv iştirak edirdi.

Azərbaycan aşıq sənəti YUNESKO-nun milli-mədəni irs siyahısına qəbul edildikdən sonra bu nüfuzlu təşkilatın seçdiyi səslərdən biri də Aşıq Vüqarın ifası olmuşdu. Azərbaycan aşıq sənətini dünyada təmsil edən istedadlı aşıqlarımızdan biri də Aşıq Vüqar Mahmudoğlu idi!

Vüqar Şirvanın böyük aşıqlarından biri olan Aşıq Mahmud Ələsgəroğlunun övladı idi. Şirin ləhcəsi, xoş avazı, ən əsası isə mühitin havacatlarını mükəmməl bilməsi və yaradıcılığı ilə yaddaşlara köçən Aşıq Mahmudun yarımçıq ömrünü Aşıq Vüqar davam etdirirdi. Vüqarın aşıq sənətinə ən böyük xidməti də uzun illər Aşıq Mahmudun sinəsində dillənən sazı susmağa qoymaması, onu yaşatması və böyütməsi idi.

Ustad oğlu şagird olmaz, deyiblər. Vüqar da gənc olmasına baxmayaraq, Şirvan aşıq mühitini mükəmməl bilən sənətkarlardan idi. Gənc enerjisi isə bu havacatların yüksək və şaqraq səslə ifasına yardımçı olurdu.

Maraqlı tərcümeyi-halı var Vüqarın: Şamaxı Musiqi kollecinin qarmon sinfini və Mirzağa Əliyev adına İncəsənət Universitetini fərqlənmə ilə bitirmişdi.

Bu, onun musiqi təhsili idi: Vüqar azsaylı aşıqlardandı ki, musiqi savadına malik idi. Ancaq aşıq olmaq üçün təkcə musiqi savadı kifayət etmir. Çünki hələ də Azərbaycanın musiqi ocaqlarında aşıq mühitlərinin tədrisi yox səviyyəsindədir. Aşıq sənəti Azərbaycanda ənənəyə uyğun olaraq ustadlardan şagirdlərə ötürülə-ötürülə yaşayır.

Aşıq Vüqarın uğurları da 12 yaşından etibarən qarmon ifaçısı kimi atası Aşıq Mahmudun yanında el şənliklərində iştirak etməsi ilə başlamışdı. Düz 20 il Vüqar Aşıq Mahmudla çiyin-çiyinə ellər-obalar dolaşıb, böyük-kiçik məclislər görüb və atasını müşayiət eləmişdi. Bu müşayiətlər onun aşıq sənətini mükəmməl bilməsini şərtləndirən başlıca şərt idi.

“9 yaşım olanda Bülbül adına Musiqi Kollecindən Şamaxıya istedadlar seçməyə gəlmişdilər. Atamın xəbəri olmadan mən də orda iştirak etdim və indi də şamaxılıların yaddaşında yaşayan “Sarı bülbül” xalq havasını çox zil kökdən ifa elədim. Münsiflər çox təkid etsələr də, atam Bakıda təhsil almağıma razı olmadı. Dedi, bu yaşda oxumazlar, keçid dövründə, 15-16 yaşında səsin bata bilər. Allah qismət eləsə, yeniyetməlikdən sonra oxuyarsan”.

Aşıq Vüqar bunları xatırlayaraq təsdiq edirdi ki, həqiqətən də o vaxt onların arasından seçilib Bülbül adına Musiqi Kollecinə oxumağa aparılan uşaqların böyük əksəriyyətinin səsi yeniyetməlik illərində batıb.

Aşıq Vüqarı sevdirən cəhətlərdən biri də aşıq sənətinin ənənələrini qoruması, havacatları klassik uslubda təqdim etməyi bacarması, bir çox aşıqların çətinliyindən qorxub ifa etmədiyi və ya unutduğu qədim havaları oxuya bilməsi idi. 12-16 qatar sözün dayanmadan ifa olunduğu “Köpək şikəstə”, 3 fərqli ritmdən istifadə olunmaqla 3 ladda oxunan “Qara qafiyə”, həmçinin “Qədim peşro”, “Qobustani” kimi havacatların ifası aşıqdan böyük nəfəs, peşəkarlıq, ustadlıq tələb edir. Aşıq Vüqarın ifasında bu qədim havacatların yüksək istedadla ifa olunub lent yazılarına həkk olunmasının özü Şirvan aşıq mühitinə böyük töhfədir.

Vüqar həmçinin digər aşıq mühitlərinin havacatlarını Şirvan üslubunda, Şirvan biçimində - ritmlə və dinamik - ifa etmək bacarığına malik azsaylı aşıqlarımızdan idi. Yeri gəlmişkən qeyd edək ki, bu keyfiyyəti də Aşıq
Vüqar genetik olaraq daşıyırdı: Aşıq Mahmudun hazırda fonatekanın qızıl fondunda saxlanılan “Misri”, “Orta Sarıtel”, “Şaqaydı Gəraylı” və s. Qərb aşıq mühitinə məxsus havacatları böyük ustalıqla ifa etməsi bütün sazsevərlərə bəllidir. Aşıq Vüqar da bu ənənəni peşəkarlıqla davam etdirirdi. Onun Qazax aşıq mühitinin təmsilçisi Zülfiyyə İbadova, Təbriz aşıq mühitinin yetirməsi Aşıq İsa, Borçalı aşıq mühitinin öncülləri Aşıq Tərmeyxan və Aşıq Cahangir, həmçinin Aşıq Qələndərlə mükəmməl duetləri musiqi mütəxəsislərini belə heyrətə gətirirdi. Klassik havacatların fərq qoyulmadan bu cür müştərək ifası həm də aşıq sənətinin qədim və böyük ənənəsinin əzəməti kimi olduqca maraqlı idi.

Onu da qeyd edək ki, Aşıq Vuqar həm də öz əxlaqı, tərbiyəsi ilə xalqın məhəbbətini qazanmışdı. O öz ustadlarından təkcə aşıq sənətinin sirlərini yox, aşıq sənətinin özəyini təşkil edən ədəb-ərkan öyrənmişdi.
Təsadüfü deyildi ki, atasıyla bağlı xatirələrindən danışarkən özündən böyük sənətkarların yanında oxumağa cəsarət edə bilmədiyini qeyd edirdi.

“Məclislərin birindən çıxıb, o birinə yollanardıq. Yol boyu ifamızla bağlı məsləhətlərini verirdi, səhvlərimizi deyirdi. Hərdən, ovqatının yaxşı vaxtında cəsarətlənib bir ağız oxuyurdum. Atam deyirdi ki, səndən çox gözəl aşıq olar. Çünki mən böyük çətinliklərlə, ayrı-ayrı ustadlardan oğurluq-doğurluq öyrənmişəm, sənə isə könüllü olaraq bütün bildiklərimi öyrədirəm. Səsini də Allah verib, - Vüqar müsahibələrindən birində demişdi. - Etiraz eləyirdim. “Sənin yanında oxumaq olar?” - deyirdim. Həmişə bu barədə söhbəti bircə sözlə yekunlaşdırırdı: “Məndən sonra oxuyarsan!”

Sanki Aşıq Mahmud Tanrı dərgahına erkən gedəcəyini bilirdi bu sözləri deyəndə. Dediyi kimi də oldu: 55 yaşının tamamından 12 gün sonra dünyasını dəyişdi…

Bu dəfə isə Vüqar Tanrının dərgahına, Aşıq Mamudun hüzuruna tələsdi. Bəs ondan sonra kim oxuyacaq? Ondan əvvəl oxuyanlar vardı, ondan sonra da oxuyanlar olacaq! Çünki bu sənəti gözəl ozanlarımız bir-birinə əmanət etmədən dünyadan getməyiblər. Onlar dünyadan gedir, yaratdıqları dünya isə əbədidir…

Onun yas mərasimindəki Yuğlama da tam bir sənət idi, Vüqarı dünyadan sazla-sözlə yola saldılar. İnsanı riqqətə gətirən, istedadlı ozana layiq görüntüləri təqdim edirik:


Müəllif: Elçin Murad, Xəzər Süleymanlı