17 Yanvar 2018 17:59
6 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi aktyorların həyat və yaradıcılığına diqqət edəndə görürsən ki, filmlərdə, tamaşalarda oynadıqları rollar sonralar onların gerçək həyatı və yaşadıqları ilə üst-üstə düşür. Sanki rejissor həmin aktyorların nə vaxtsa belə tale yaşayacağını öncədən bilirmiş kimi rol seçimi edir. Məsələn, Lətifə Əliyeva kimi.

Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb.

Əməkdar mədəniyyət işçisi Kərim Həsənovun kurslarında dərs alıb. Respublikanın əməkdar artistidir. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Bu illər ərzində bir çox tamaşalarda əsas rolların ifaçısı olub (Nəriman Nərimanov “Şamdan bəy”, Cəlil Məmmədquluzadə “Məkkəyə gedən yol”, Süleyman Sani Axundov “Tamahkar”, Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” və.s). Onun kinodakı rollarını da uğurlu hesab etmək olar. “Bircəciyim” (1986), “Kişi sözü” (1987), “Lətifə” (1989), “Tənha narın nağılı” (1984), Ağ atlı oğlan (1995), “Yuxu” (2001), “Yalan” (2006) kimi filmlərə çəkilib. Həmdə İran istehsalı olan "Divlər zindanı", və "Arzular" filmlərində də rol alıb. Ancaq tamaşaçılar onu daha çox “Bəyin oğurlanması” filmində Həsənin anası rolu ilə tanıyırlar. Lətifə xanım ana rollarının mahir ifaçılarından sayılır. Təsadüfi deyil ki, oynadığı rolların çoxu ana rollarıdır.

Təəssüflər olsun ki, aktrisa filmlərdə yaratdığı obrazların taleyini gerçək həyatda da yaşayır.

…Övladlarından biri Qarabağ uğrunda gedən döyüşlərdə ayağından yüngül xəsarət alır. Ancaq həmin hadisənin həyəcanı və qorxusu onda psixoloji travmalar yaradır. Övladının sağalması üçün əlindən gələni edən aktrisa, əvəzində öz sağlamlığını da itirir və ayaqları tutulur. Müalicəsi hazırda da davam edir. Bu illər ərzində yaşadığı çətinliklərə baxmayaraq, sənətindən ayrı düşməyən Lətifə xanım yanvarın 9-unda quruluşçu rejissoru Gülnar Hacıyeva olan, Zaməddin Ziyadoğlunun Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı monotamaşada rol alıb. Uzun müddətdir televiziya kanallarını, jurnalistləri yaxınına buraxmayan aktrisa nəhayət Teleqraf.com üçün danışdı. Onun sözlərinə görə, hələ də son oynadığı monotamaşanın ab-havasından çıxa bilməyib.

“Bu tamaşaya çox ciddi hazırlaşmışdım. Ayağımda ciddi problemlər olsa da, iynə vurdurub səhnəyə çıxmışdım ki, ağrı hiss etməyim. Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidova təşəkkür edirəm. Belə bir tamaşada oynamaq öz istəyim idi və şərait yaratdılar. Bütün əziyyəti keçənlərə təşəkkür edirəm. Tamaşada iştirak edən sənət dostlarıma, Yasin Qarayevə, Nicat Kazımova, Nofəl Vəliyevə, Naibə Allahverdiyevaya, Nəsibə Eldarovaya, Mehriban Abdullayevaya və adını unutduqlarıma təşəkkür edirəm”.

Aktrisa diqqətdən kənar qalmasından gileyləndi. Rejissorların məsuliyyətsizliyini qınadı:

“Bu qədər filmlər çəkilir, tamaşalar qoyulur, məni yada salan yoxdur. Yəni bir kiçik rolu da oynaya bilməyəcək qədər istedadsızam? Sənətdə və yaşda məndən kiçik olanlar xalq artisti adı aldılar, mən isə hələ də əməkdar artistəm. Prezidentdən heç bir şikayətim yoxdur. Mənə təqaüd də verir. Sadəcə, Mədəniyyət və Turizm Nazirliyi məni qiymətləndirmir”.

Lətifə Əliyeva indiki durumunun acınacaqlı olduğunu da qeyd edib. Hətta insanların arasına çıxanda üz-gözünü bağlayır ki, heç kəs onu tanımasın:

“Xəstəyəm. Bütün yığdığım pulları oğluma və öz xəstəliyimə istifadə edirəm. Dükanlara borcum var. Düzdür, hər yerdə hörmət edirlər. Tanıyanlar o dəqiqə təmənnasız xidmət göstərirlər, ancaq bu mənə lazım deyil. Mən belə yaşamaq istəmirəm. Görən kimi soruşurlar ki, Lətifə xanım, nə vaxt sizi efirlərdə, seriallarda, filmlərdə görəcəyik? Artıq bu suallardan yorulmuşam. Utanıram cavab verməyə. Başa sala bilmirəm ki, gərək məni dəvət edələr ki, mən də çəkiləm. Kimdən əskikəm axı mən? Hansı aktyor məndən artıqdır? Gərək bu sahədə də adamın ola ki, daim diqqətdə saxlayalar?”

O, sənət yoldaşlarından da bir müddət uzaq qaldığını, özünə qapandığını və tənha yaşadığını dedi:
“Sənət yoldaşlarım gəlib-getmək istəyirlər, ancaq mən buna icazə vermirəm. Tək qalmaq istəyirəm. Maraqlananlar çoxdur. Ancaq maraqlana bilməyənləri də yaxşı başa düşürəm, teatrda, çəkilişlərdə olurlar. Təbii ki, mənə vaxt ayırmaqları çətindir”.

Lətifə Əliyeva 1999-cu ildə xalq artisti Aygün Kazımovanın məşhur “Tənha qadın” mahnısının klipinə də çəkilib. Klip haqda danışanda göz yaşlarını saxlaya bilmədi.

“O klip, o mahnı mənim taleyim imiş. Sən demə, o mahnıdakı tənha qadın elə mən imişəm. Düzdür, Aygünlə indi əlaqələrimiz yoxdur, amma mən onu çox sevirəm, dinləyirəm. Sırf o mahnısı mənim həyatımı əks etdirir”.

Ümid edirik ki, bu yazıdan sonra Lətifə xanımın səsini eşidənlər olacaq. Bu cür istedadlı aktrisadan yaxşı mənada istifadə etmək lazımdır. Hətta ən kiçik rol da onun üçün çox vacibdir. Gəlin “Tənha qadın”a dəstək olaq…


Müəllif: Xəzər Süleymanlı