22 Yanvar 10:58

Serialdan sonra sevgisini, istəyini bildirən xeyli xanımlar oldu. Hətta evlənmək təklif edənlər də var.

Bu sözləri Teleqraf.com-a müsahibəsində “Vicdan haqqı” serialının İmranı, tanınmış aktyor, əməkdar artist İlham Hüseynov deyib.

Müsahibəni təqdim edirik.

- Keçən il əməliyyat olunduz. Dəyişiklik varmı?

- Məndə oynaq xəstəliyi artıq neçə illərdir var. Keçən il ATV kanalının təşkilatçılığı ilə 50 illik yubileyimi qeyd etdik. Həmin ərəfədə mənim əməliyyatımın bütün xərclərini də kanal rəhbərliyi öz üzərinə götürdü, bir ayağım əməliyyat olundu. Əməliyyat olunan ayağımda artıq çox cüzi ağrılar hiss edirəm. İndi yay ayları üçün nəzərdə tutmuşuq ki, o biri ayağımı da əməliyyat etdirək.

-Onun da xərclərini ATV boynuna götürüb?

- Bəli. Təşəkkür edirəm ki, bu cür addım atdılar.

- Adətən şəhərlilər əyalət teatrlarının aktyorlarına bir az üstdən aşağı baxırlar. Gəncə Dram Teatrından gələndən sonra belə məqamlarla rastlaşmadız ki?

- Doğrudur, belə hallar olur. Ancaq xoşbəxtlikdən mən belə hallarla qarşılaşmamışam. Ona görə ki, Akademik Milli Dram Teatrına gələnə qədər məni teatrın aktyorları yaxşı tanıyırdılar. Çünki Gəncə Dram Teatrı ilə Bakıda qastrolda olarkən, Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdim. Eyni zamanda “Aktrisa” filmindən də məni yaxşı tanıyırdılar. Buna baxmayaraq, mən hələ də yeni kollektivə tam adaptasiya olmamışam. Yəqin ki, zaman-zaman alışacağam.

- Bir ara Akademik Milli Dram Teatrından ayrılıb, təzədən Gəncəyə qayıtmağınız haqda danışmışdınız...

- Belə fikirim var idi. O zaman evli idim. Keçmiş həyat yoldaşım İradə Gözəlova Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Gəncə Dram Teatrına baş rejissor təyin olundu. Düşündüm ki, elə onunla bir yerdə qayıdım. Ancaq sonra hər iki teatrda işləmək üçün teatrın rəhbərliyindən icazə aldım. Hazırda əsas iş yerim Akademik Milli Dram Teatrıdır.

- İradə xanımla boşanmısız?

- Bəli, boşanmışıq...

- Belə bir deyim var ki, hər uğurlu kişinin arxasında bir qadın əməyi, əziyyəti var. Bəs İradə xanım necə, sizin uğur qazanmağınızda nə kimi rol oynadı?

- Bəli, İradə xanım mənim uğurlarımda böyük pay sahibidir. Baxmayaraq, ayrılmışıq, ancaq dostluq münasibətlərimiz də, yaradıcılıq fəaliyyətimiz də davam edir. Keçən il İradə xanım Azərbaycan Dövlət Musiqili Teatrında quruluşçu rejissoru olduğu İlyas Əfəndiyevin “Mənim günahım” tamaşasına məni də dəvət etdi, həmin tamaşada Sahib rolunu oynadım. Bundan başqa, deyilənlərə inansaq, onun bir çox tamaşalarında uğurlu çıxış etmişəm.

- Hansı tamaşalarda?

- İlk işimiz Gəncədə 2006-cı ildə İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşası olub. 2012-ci ildə Qoqolun əsəri əsasında "Evlənmə" tamaşasında rol almışdım. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasında da Gəncədəki aktyor heyəti ilə çıxış etmişəm. Axırıncı dəfə isə İradə xanım Anton Çexovun “Vanya dayı” tamaşasında yenə mənə bir rol həvalə etdi.

- İradə xanımın istedadını necə dəyərləndirirsiz?

- Ümumiyyətlə, İradə xanım çox istedadlı rejissordur. Və məni onun tamaşalarında oynadığım rollarla tanıyıblar. Təkcə İradə xanım deməzdim, Gəncədə başqa rejissorların da üzərimdə əziyyəti var. Məsələn, xalq artisti Vaqif Şərifov, əməkdar incəsənət xadimi Bəhram Osmanov, Gümrah Ömər və b. Ancaq son zamanlar İradə xanım sənətdə inkişafıma və aktyor kimi tanınmağıma yetərincə dəstək olub.

- Düşünürəm ki, Rövşən İsaxın da sizin tanınmağınızda əziyyəti böyükdür. Nəzərə alsaq ki, ilk dəfə o sizi kinoya gətirib, “Aktrisa” filmində rol verib və sonra “Sonuncu fəsil” serialı, ən nəhayət, sizi hər kəsə tanıdan və sevdirən “Vicdan haqqı”. Sizcə, sənətdə inkişafınıza daha çox kimin təsiri oldu, İradə xanımınmı, Rövşən bəyinmi?

- Bilirsiz, kino və teatr bir-birinə yaxın olduğu qədər həm də uzaqdır. Hər ikisində də aktyorsan, aktyor kimi çıxış edirsən, ancaq hərəsinin öz istiqaməti, öz tələbləri var. Bu baxımdan kinodakı inkişafımı Rövşənə, teatrdakı inkişafımı isə İradə xanıma borcluyam. Nəzərə almaq lazımdır ki, məni kino aləminə Rövşən gətirib, tamaşaçılara o təqdim edib, tanıdıb, kino aktyoru kimi yetişməyimdə əziyyət çəkib. Mən xoşbəxtəm ki, Rövşən kimi istedadlı biri ilə münasibətim var və filmlərinə çəkilirəm. O həm də yaxşı dostdur.

- Bəlkə bu dostluq münasibətlərinə görə bütün filmlərində sizə rol verir?

- Xeyr, çox adam belə düşünür, ancaq həqiqət başqadır. Rövşən İsax öz işinə çox peşəkarcasına yanaşan adamdır. Onun üçün dostluq və bu kimi məsələlər sənət müstəvisində heç bir rol oynamır. Hətta “Vicdan haqqı” üçün aktyor seçimləri başlayanda, ona dedim ki, İmran rolunu mənə ver, razılaşmadı, dedi ki, sən bu rolun öhdəsindən gələ bilməzsən. Sınaq çəkilişləri oldu, bir neçə aktyor yoxlanıldıqdan sonra məni də yoxlamaq qərarına gəldi. Yalnız bundan sonra İmran roluna seçildim.

- Səhhətinizdəki problemlərə görə, teatr səhnəsində az-az görünürsüz, darıxmırsız?

- Çox darıxıram. Bildiyiniz kimi, Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşalar qoyulub. Məsələn, teatrın direktoru, bədii rəhbəri Azərpaşa Nemətin Cəlil Məmmədquluzadənin “Ölülər”, Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırladığı tamaşalar Azərbaycan teatr tarixində yeni səhifədir. Mən də tezliklə sağalıb Azərpaşa müəllimin hazırlayacağı yeni tamaşalarda rol almaq istəyirəm.

- “Vicdan haqqı” serialından başqa hansı serial sizin üçün maraqlıdır?

- İmkan olduqca bütün seriallara baxıram. Mənim üçün hamısı maraqlıdır. Aktyor yoldaşlarımı izləmək xoşdur. Bu mövsüm ötən mövsümə müqayisədə bir pillə də qalxıb.

- Hansı serialları qeyd edə bilərsiz?

- “Ögey ana”, “Laləli saray”...

- Sizə elə gəlmir ki, “Vicdan haqqı” və “Ögey ana” serialı ssenari baxımından bir-birinə oxşayır? Hər iki serialda da ailənin başçısı evə ikinci qadın gətirir, uşaqlar qəbul etmir və.s

- Ola bilər ki, oxşarlıq olsun, amma köklü olaraq heç bir oxşarlıq yoxdur. Nəzərə almaq lazımdır ki, gerçək həyatda da oxşar hadisələr çox olur.

- Dediz ki, boşanmısız, hər halda yenidən münasibət qurmaq, evlənmək istəyiniz var.

- Yox, bu barədə hələ ki, heç nə deyə bilmərəm. Buraxmışam zamanın və həyatın ixtiyarına. Hazırda birinci məqsədim sağlamlığımı bərpa etməkdir. Kirayədə qalıram, ev almaq gücüm, imkanım olmasa da, qardaşlarımın, ailəmin dəstəyi ilə ev almaq arzum var, istəyirəm evim olsun. Ondan sonra evlənmək haqda düşünə bilərəm.

- Heç sizinlə münasibət qurmağa cəhd edən xanımlar olurmu?

- Təbii ki. Serialdan sonra sevgisini, istəyini bildirən xeyli xanımlar oldu. Hətta evlənmək təklif edənlər də var.

- Xanımların ortalama yaş həddi nə qədərdir?

- İyirmi yaşdan əlli yaşa qədər...

- Bu təkliflərə necə reaksiya verirsiz?

- Dediyim kimi, nə səhhətim, nə də imkanım sevgi münasibətlərinə imkan verir. Düşünürəm ki, bu problemlər həll olmamış münasibət haqda düşünmək də tezdir. Baxmayaraq ki, yaşım artıq əllini keçib.

- Bəs birdən bir xanım çıxsa, desə ki, evim də var, şəraitim də, evlənək, razılaşarsızmı?

- Evi də, şəraiti də mən özüm yaratmalıyam. Bir kişi kimi bu mənim üzərimə düşən məsuliyyətdir. Qaldı ki, belə bir təklifdə bulunan xanıma, onun nə evi, nə də şəraiti mənim üçün maraqlı olar. Birinci növbədə özünü tanımağa çalışaram. Gərək insan kimi bir-birimizə uyğun olaq, anlayaq. Bunlar olmadıqdan sonra ev də, şərait də mənasını itirir. Çünki bir dəfə evli olub ayrılmışam və yetərincə təcrübə qazanmışam.

- İradə xanımla ilk evliliyiniz idi?

- Bəli...

- Neçə yaşınızda ailə qurmuşduz?

- 45 yaşımda...

- Niyə belə gec?

- Şəraitsizlik... Evim olmayıb, kimisə xoşbəxt edəcəyimə əmin olmamışam. Gənclik illərimdə sevgi dolu insan idim. Dəfələrlə sevmişəm, vurulmuşam. Təəssüf ki, qarşılıqsız olub. Sonra 10 ilə yaxın Rusiyada yaşadım.

- Orda nə işlə məşğul idiz?

- Ayaqqabı təmiri ilə məşğul idim, yəni pinəçiliklə. Qardaşım orada yaşayır, özü ayaqqabılar tikir, mən də ayaqqabıların təmiri ilə məşğul idim.

- Övladınız var?

- Xeyr...

- Yəqin ki, ata olmaq istəyirsiz.

- Yenə də baxır şəraitimə. Əgər imkanım olsa, əlbəttə. Çünki övlad da həyat yoldaşı kimidir. Onu da xoşbəxt etmək vacibdir. Əgər mən onu istədiyim kimi böyüdə bilməyəcəmsə, niyə belə bir istəyim olsun ki?

- Vaxt keçir. Ata olmaq hər kəsin arzusudur, sonra peşman olmayacaqsız ki?

- Mənim bütün hislərim, arzularım sənətimə bağlıdır. Bu dəqiqə sənətimdən başqa heç nə düşünmürəm.

- Ancaq belə məntiqlə düşünən xeyli sənətkarlar olub ki, indi peşmandırlar. Ki, öz şəxsi həyatlarını sənətə qurban veriblər.

- Peşman olanların çoxu qadınlardır, kişilər arasında belə hallar az olur. Mənim kimi düşünənlər isə lap azdır.

- Sizcə, risk etmirsiz?

- Edirəm, bəli. Yaxşı bilirəm ki, böyük risk edirəm. Elə bir məqam yetişə bilər ki, peşman olaram.

- Hansı halda peşman ola bilərsiz?

- Bilirsiz, yetərincə təcrübəm var. Məni aktyor kimi bəyənənlər kifayət qədərdir, istər adi tamaşaçılar, istərsə də sənət adamları. Ancaq gərək özüm özümü bəyənəm və inanam ki, sənətin bütün sirlərinə yiyələnmişəm.

- Öhdəsindən gələ bilmədiyiniz rollar olurmu?

- Əlbəttə, çox olub. Hərdən elə rollarla qarşılaşıram ki, qarşısında aciz qalıram.

- Yəni bu sizin özünüz haqda düşüncənizdir yoxsa tənqidçilərin?

- Əvvəlcə özüm özümü tənqid edirəm. Əks halda heç bir təsəlli mənim üçün əhəmiyyətli deyil. Tənqid də ediblər və tənqidsiz inkişaf etmək mümkün də deyil.

- Artıq “Vicdan haqqı” serialı bitmək üzrədir. Finala yaxınlaşır. Başqa film və seriallardan təkliflər varmı? Rövşən İsaxın yeni planlarına siz də daxilsizmi?

- Hələ ki, heç bir film və serialdan təklif almamışam. Rövşən İsaxın isə yeni layihələri var. Sadəcə, mənə rol verəcək ya yox, bilmirəm. Gələcəkdə görəcəyik.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...