17 Fevral 2018 09:15
15 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli kino tariximizdə uşaq rollarının mahir ifaçıları olub. Bir az da dəqiqləşdirsək, kinoda böyüyən, ancaq tamaşaçıların yaddaşında həmişə uşaq kimi qalan aktyorlarımız çoxdur. Onlar kiçik yaşlarında bənzərsiz rolları ilə insanların məhəbbətini qazanmağı bacarıblar. Yəqin ki, hər kəs Ceyhun Mirzəyevi xatırladı. 11 yaşından kinomuzun sevilən simalarından birinə çevrilən, “Ögey ana” filmindəki İsmayıl obrazı ilə yaddaşlarda silinməz izlər buraxan Ceyhun Mirzəyevdən sonra heç bir uşaq kinoda uğur qazana bilmirdi.

Bu tilsim 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi “Tənha narın nağılı” filmində sındı. Belə ki, filmin balaca qəhrəmanı, məktəbli Sadıq obrazı tamaşaçıları yaxşı mənada təəccübləndirə bildi. Filmdə Həsənağa Turabov, Rasim Balayev, Yaşar Nuri, Həsən Əbluc, Şükufə Yusifova, Əminə Yusifqızı kimi nəhəng aktyorların olmasına baxmayaraq, Sadıq obrazı özünü qabarıq şəkildə göstərə bildi. 10 yaşlı uşağın məharətinə hər kəs heyran qaldı. Bu film, Ruslan Nəsirov üçün, hər şeyin başlanğıcı oldu.

“Tənha narın nağılı” filmindən sonra 1986-cı ildə yazıçı Anarın Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə çəkdiyi “Qəm pəncərəsi” filminə dəvət alan Ruslan Nəsirov, oynadığı Əhməd rolu ilə ona edilən etimadın təsadüfi olmadığını sübut edir. Bu filmdə də Həsən Məmmədov, Nəsibə Zeynalova, Həsənağa Turabov, Fəxrəddin Manafov, Elmira Şabanova, Vaqif İbrahimoğlu kimi aktyorların kölgəsində qalmayan Ruslan kino ictimaiyyətinin sevimlisinə çevrilir.

Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyi “Pəncərə” filmi Ruslan Nəsirovun aktyor kimi çəkildiyi son uğurlu film olur. Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"-şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.

Bu filmdə Köçəri rolunu ifa edən Ruslan Nəsirov öz rolunun öhdəsindən elə məharətlə gəlir ki, Köçərinin həbs olunduğu səhnədə Nərminə, yəni aktrisa Simuzər Ağakişiyeva həqiqətən göz yaşı tökür.
Milli kinonun 90-cı illərdən başyalaraq eniş dövrü yaşaması, Ruslanın kinodakı uğurlu karyerasını yarımçıq qoyur. Sonralar “Ağ atlı oğlan”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Bir anın həqiqəti”, “Qüdsi”, “Adam” filmlərinə çəkilsə də, bu filmlərdəki rollarını uğurlu hesab etmir.

Bundan sonra Azərbaycan televiziyasında əcnəbi filmlərin dublyajı ilə məşğul olmağa başlayır. Burada da uğur qazanmağı bacarır və ömrünün son günlərinə kimi filmlərin dublyajında iştirak edir. Təsadüfi deyil ki, dublyaj sənətini öyrənmək istəyən gənc aktyorlar Ruslanı özlərinə müəllim bilir, ona bənzəmək istəyirlər.

Ruslan haqda ətraflı məlumat toplamağa çalışarkən Yutuba yerləşdirilmiş bir video ilə rastlaşdım. Videonu tanınmış kino aktyoru, son vaxtlar qiraətçi kimi də çox sevilən Kamran Yunis yerləşdirmişdi. Düşündüm ki, bu mövzuda mənə ondan yaxşı kömək edə bilən olmaz. Kamran bəylə əlaqə saxladım. Biləndə ki, Ruslanla bağlı zəng etmişəm, çox sevindi. İşlərinin çoxluğuna, vaxtının azlığına baxmayaraq, redaksiyamıza qədər gəldi. Məlum oldu ki, Kamran bəy Ruslan Nəsirovun ən yaxın dostu imiş. Hətta o qədər yaxın olublar ki, bir-birini görməyəndə darıxırmışlar.

Kamran bəy danışdıqca hiss edirdim ki, bu mövzu onun üçün çox həssasdır.

“2007-ci ildə məni Azərbaycan televiziyasının dublyaj redaksiyasına dəvət etdilər. İlk qarşılaşdığım insan mənim üçün surpriz oldu. Filmlərdə sevə-sevə izlədiyim o uşaq böyüyüb uzun illər imiş dublyajda işləyirmiş. Hətta ən sevdiyim səs də elə Ruslanın səsi imiş. İlk görüşdən sonra münasibətimiz get-gedə daha da dərinləşdi. Dəyərli insan idi. Əgər nəyəsə bənzətmək imkanım olsaydı, onu şəffav suya bənzədərdim. Bəlkə də doğmalarımı itirmək məni bu qədər yandırmamışdı. Ruslanı vaxtsız itirmək məni çox yandırdı. Bu mənim üçün dəhşətli bir faciə idi. Həmin gün böyük şok yaşamışdım.

Ruslan Azərbaycan kino tarixində çox balaca, ancaq əvəzsiz, təkrarolunmaz iz qoymuşdu. Bu faktdır. O, böyük bir məktəb idi. Eyni zamanda dublyajda da. Heç İncəsənət Universitetini də bitirməmişdi. Ancaq bütün sevgisi ilə, canıyla, qanıyla aktyor sənətinə bağlı idi. Ondan öyrənmək mümkün idi. Məsələn, məndən soruşanda deyirəm ki, mən dublyaj aktyoru deyiləm. Çünki danışığımdakı qüsurları bilirəm. Ancaq Ruslanı Allah sanki dublyaj üçün yaratmışdı. Qəribə xüsusiyyətləri var idi. Hətta müsahibə verməkdən də xoşu gəlmirdi. Tutaq ki, hansısa film haqda ondan müsahibə almaq istəyirdilər, mənə deyirdi ki, qədeş, bəlkə gedib yerimə sən danışasan, sən məndən yaxşı danışırsan, mən nə danışacam e? Deyirdim, axı, onlar səni danışdırmaq istəyirlər. Deyirdi ki, gəl mən sənə danışım, sən də onlara danış. Mən də deyirdim elə get onlara danış da, mənə niyə danışırsan”.

Sonralar filmlərdə az görünməsinin də səbəbləri var imiş. Sən demə, təkcə filmlərə çəkilmək deyil, hətta adi şəkil çəkdirmək də onun üçün fobiyaya çevrilibmiş. Kimsə şəkil çəkdirmək istəyəndə qoymazmış. Son görüntülərini isə Kamran Yunis ondan xəbərsiz çəkibmiş.

“Bir dəfə bu barədə onunla söhbət etdim. Soruşdum ki, niyə qorxursan, niyə filmlərə çəkilməkdən imtina edirsən? Sən o cür filmlərdə oynamısan, yenə bacararsan. Deyirdi ki, qədeş, nə olsun e oynamışam, “Ağ atlı oğlan”da da mən oynamışam, o film xoşuma gəlmədi, alınmadı. İnandıra bilmirdim ki, sənin hər filmdə öz xəttin olur və sən bu xətti inkişaf etdirməyi çox yaxşı bacarırsan. Ancaq onun nə demək istədiyini anlayırdım. Səbəbini bilmirdim, şəkil də çəkdirmək istəmirdi. Yutuba yerləşdirdiyim videonu da ondan xəbərsiz çəkmişəm. Görsəydi, o dəqiqə sildirəcəkdi. O dünyadan vaxtsız köçəcəyini hiss edirdi sanki...”

Onu sevdirən əsas səbəblərdən biri də olduqca həssas olması imiş. Sanki böyüməmişdi, ürəyi, ruhu uşaqlardakı kimi pak və təmiz qalmışdı. Kimsə onun yanında başqasının arxasınca danışa bilməzdi. Dərhal sərt şəkildə reaksiya verir, müdaxilə edirmiş.

“Ruslanla bağlı maraqlı hadisələr çoxdur. Bir dəfə təngnəfəs redaksiyaya daxil oldu. Başladı həyəcanlı-həyəcanlı danışmağa.

- Qədeş, sən heç bilirsən ki, yol qırağında səkilər var ha, o səkilərə qoyulan daşların birinin qiyməti neçəyədir?

Dedim, yox, bilmirəm. Yenə həyəcanla sözünə davam etdi, sən demə, bir daşın 200 manata yaxın qiyməti var, fəhlələrdən soruşdum. Evdən işə çatana qədər o daşları saymışam, düzdür, bəzi yerlərdə hesabı itirdim, ancaq saydım, bilirsən o daşlara nə qədər pul xərcləyiblər?

Bir dəfə də pəncərədən “Alov qüllələr”inə baxırdıq. O vaxtlar tikinti davam edirdi, hələ istifadəyə verilməmişdi. Birdən dedi ki, görəsən oranın böyüyü kimdir? Dedim nədir ki, indi də ora getmək istəyirsən? Dedi yox e, soruşuram da, maraqlıdır. Sabah gəldi ki, qədeş, getdim e ora, sən demə, o binaların hərəsində 3-4 dənə lift olacaq. Dedim, sən ora da getdin? Məsləhət də vermisən yəqin ki. Dedi, hə, getdim, məsləhət də verdim.

Bir də maşında getməkdən də qorxurdu. Qabaqda oturanda narahat olurdu. Mən maşın sürürdüm, o da yanımda otururdu. Qarşıdan maşın gələn kimi, qışqırırdı ki, bizi vuracaq, bizi vuracaq. Deyirdim, narahat olma, o öz yoluyla gedir. Bir dəfə kəskin döngədə qəfildən maşın çıxdı, mən artıq öyrəncəliyəm deyə, narahat olmadım, baxdım ki, Ruslan bir göz qırpımında əllərini də, ayaqlarını da şitin üstünə qoyub, gözlərini də yumub. Dedim, keçdi getdi, qorxma.

Bir dəfə də işə gecikdiyi üçün taksiyə minməli olub, yenə narahat olan kimi, ayaqlarını maşının döşəməsinə sıxırmış. Düşəndə sürücü deyib ki, qardaş, deyəsən, maşın sürməyi bacarırsan, əla qaz verirdin.

Həqiqətən uşaq idi, mükəmməl insan idi. Elə məqamlar olurdu ki, görürdün ki, bu adam çox böyükdür, 70-80 yaşı var. Bəzən də uşaq kimi olurdu. Onu hər kəs sevirdi”.

Həyatın yazılmamış bir qanunu var, Allah saf insanları öz yanına tez aparır. Bu fikir Ruslan Nəsirov üçün də keçərli olur. Heç vaxt ailə qurmayan aktyor, hər dəfə bu barədə söhbət açılarkən, ya mövzunu dəyişirmiş, ya da nəsə hiss edirmiş kimi, onsuz da dünyadan tez gedəcəyini səbəb gətirirmiş. Belə də olur. O, hətta öləcəyi vaxtı da dəqiq deyir.

“Həmişə onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki böyük qardaşı da ailə qurmamışdı. Anaları övladlarının toyunu görmək arzusu ilə yaşayırdı. Ancaq hər dəfə də eyni sözü deyirdi. Qədeş, mənim ömrümə az qalıb, niyə kiminsə balasını bədbəxt edim?
Hətta dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini demişdi. Belə də oldu, Ruslanın 40 yaşında ürəyi dayandı”.

Beləcə, Ruslan Nəsirov kino üçün doğuldu, kino üçün yaşadı. Nə qədər ki, çəkildiyi filmlər var olacaq, Ruslan da o qədər var olacaq. O, hər kəsin yaddaşında balaca, şirin, sevimli uşaq kimi qalacaq...


Müəllif: Xəzər Süleymanlı