12 Avqust 2014 15:13

Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq günü-gündən artmaqda davam edir. Ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkə isə Facebook-dur.

Təsadüfi deyil ki, son bir neçə ay ərzində Azərbaycanda facebook istifadəçilərinin sayı 2 dəfə artıb. Bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar bu şəbəkələrdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoroliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Lakin virtual ünsiyyət vasitəsilə insanlarda ikrah hissi oyatmaqla və onların dini inanclarından sui-istifadə edərək “like” yığmaq istəyən istifadəçilər də az deyil.

Dəhşət saçan şəkilləri və ya Allahın adından istifadə edərək müxtəlif dini mövzularda fotoları paylaşıb "like" yığmaq istəyənlər hər halda psixoloji problemləri olan insanlardır.

Yəqin ki, sosial şəbəkələrdən istifadə edən hər bir insan müharibədə qolları, ayaqları, başları kəsilmiş insanların şəkillərini açıq şəkildə paylaşaraq “Allah bizi bu vəziyyətə salmasın, amin deyənlər bəyənsin”, “hər amin 1 like-dir”, “Ürəyində allah qorxusu olanlar bəyənsin”, “Allah kömək olsun deyənlər bəyənsin” kimi, "like" yığmaq məqsədilə insanların acınacaqlı hallarından istifadə edən paylaşmalarla rastlaşmısınız. Bəs sosial şəbəkələrdə səhifə bəyəndirmək, qrup yığmaq üçün insanların dini inanclarından, mərhəmət duyğularından istifadə etmək nə dərəcə doğrudur? Belə dəhşətli şəkillər insan psixologiyasına necə təsir edir?

Psixoloqların fkrincə dəhşət doğuran bu şəkillər insanda şüuraltı olaraq ciddi psixoloji sarsıntı yaradır. Belə şəkillər insanlarda ilk olaraq ikrah hissi, aqressiya, bədbinlik yaradır və belə vəziyyət də insanın sosial fəaliyyətini zəiflədir.

Əslində belə foto və yazıların xüsusən yeniyetmələrə mənfi təsir etdiyini anlamaq üçün psixoloq olmaq lazım deyil. Yeniyetməlik dövründə olan - təxminən 14-16 yaşlı uşaqlar belə şəkillərə baxdıqda, həmin uşaqlarda qorxu, həyəcan, fobiya, aqressivlik və ən dəhşətlisi odur ki, soyuqqanlılıq yaranır. Belə uşaqlar çəkinmədən bir başqasını vurub öldürə bilərlər. Çünki onlarda soyuqqanlılıq və aqressiya hissi normadan çox olur. Ən əsası isə belə şəkillər uşaqlarda həyata qarşı həyəcanı, iztirab hissini azaldır və onların mənəviyyatına ciddi təsir edir.

Qurani-Kərimdə “Allahla aldadanlar” deyə konkret ayə var ki, həmin ayədə Allahın adından istifadə edərək insanları aldadanlardan söhbət gedir. Sosial şəbəkələrdə paylaşılan belə şəkillərdə də dini inancları əsas tutaraq yaratdıqları səhifələrə adam toplayırlar. İnsanların şikəstliyindən, nöqsanlarından, fiziki qüsurlarından istifadə edərək qruplara adam toplamaq insanlığa sığmayan hərəkətlərdir. Bu formatla onlar öz prinsiplərini yaymağa davam edirlər. Belə vəziyyət dini baxımdan heç bir halda doğru deyil və qəbuledilməzdir.

İnsanlara ayələrdən ibarət olan və “bu mesajı 7 nəfərə göndərməsəniz, sabah ailənizdə faciə baş verəcək” kimi mesajlar da göndərilir. Özünü normal hesab edən hər bir insan elementar məntiqlə belə mesajlara inanmaılıdırlar. Inananlara isə bir az daha çox oxuyub dünya görüşünü artırmaq məsləhət görülür.

Ülviyyə


Müəllif:
Загрузка...