26 Fevral 2015 18:04
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən dünyanın bir çox soyqırımlarını, faciələrini lentə almışam. Amma Xocalıda baş verən vəhşilikləri heç yerdə görməmişəm”.

Bunu Teleqraf.com-a açıqlamasında əslən Cənubi Azərbaycandan olan dünya şöhrətli fotoqraf Rza Deqati bildirib.

O, həmin günlə bağlı yaşadıqlarını bizimlə bölüşüb:

“Dünyanın beynəlxalq fotoqrafları, jurnalistləri arasında yeganə şəxsəm ki, Xocalıda baş verənləri çəkib, beynəlxalq aləmə çatdırmışam. Yer üzünün ayrı-ayrı yerlərində baş vermiş faciələri izləmiş peşəkar fotoqraf kimi Xocalıdakı dəhşətlər mənə çox yaxındır. O insanlar ki, düşmənin atəşi altından çıxmışdılar, gülləyə tuş gəlməmək üçün qaçmışdılar, onların hər birinin gərgin anlarını əks etdirən fotoları çəkmişəm. Eləcə də, bu şəxslərlə söhbətlər aparmışam. Mən həmin fotoların bir qismini Ağdamda çəkmişəm. Xocalıdan ora gələn insanlar dəhşətli faktlar açıqlayırdılar. Şəhidlərin meyitlərini də ora gətirirdilər və mən də kameramın yaddaşına köçürürdüm”.

R.Deqati ermənilərin və bəzi qüvvələrin bu soyqırımının dünyada tanınmaması üçün cəhdlər etdiyini bildirdi: “Parisdə Xocalı ilə bağlı foto faktları əks etdirən sərgim keçirildi. Bu, Fransada keçirilən ən böyük foto tədbiri idi. Ermənilər sərgiyə gələrək fotolarımı cırmağa başladılar. Fransa vətəndaşları, sərgiyə qatılanlar ermənilərin bu cür vəhşiliklərindən təəccübləndilər. Onlar şoka düşdülər ki, məgər sərgidə də belə vəhşilik etmək olar? Özü də Paris kimi modern şəhərdə. Mən telekanallara müsahibə verərək bildirdim ki, baxın, görün ermənilər Avropanın demokratik şəhərlərindən birində hansı vəhşilikləri edirlər. Bunlar adi sərginin keçirilməsini qəbul etməyib, mənimlə kobud davrandılar, fotolarımı cırdılar, indi təsəvvür edin Xocalıda insanların başlarına hansı müsibətləri, faciələri gətiriblər”.

R.Deqati əlavə etdi ki, Xocalıda qətlə yetirilmiş bütün insanların şəxsiyyətləri müəyyənləşdirilib və onların adları siyahıya alınıb: “Ermənilər özlərinin qətlə yetirdikləri günahsız insanların azərbaycanlı olmadığını nə qədər iddia etsələr də, indi bunun heç bir faydası yoxdur. 613 şəhidin şəxsiyyəti məlumdur. Əgər lazım gəlsə, DNT analizləri də aparıla bilər. Bir daha sübut olunar ki, əsl həqiqət nədən ibarətdir”.

Dünya şöhrətli fotoqraf özünün də Fransada erməni təxribatı ilə üzləşdiyini qeyd etdi: “Xocalıda çəkdiyim fotoların sərgisini keçirəndə ermənilər müxtəlif cür yalanlar uydurmağa başladılar. Parisdə saxta təbliğat apararaq deyirdilər ki, guya Xocalıda günahsız insanları, dinc sakinləri azərbaycanlılar özləri öldürüblər. Və sonra onların ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Ermənilərə cavab verərək bildirdim ki, yalan danışırsınız. Şəxsən mən Xocalı faciəsindən 2-3 gün sonra qətlə yetirilən insanların fotolarını çəkmişəm. Hətta günahsız şəxslərə atəş açan ermənilərin də fotoları kameramdadır”.

Bir neçə ay əvvəl Fransada Xocalı haqqında kitab dərc etdirdiyini deyən Rza Deqati xəbər verdi ki, həmin nəşr fransız və ingilis dillərində işıq üzü görüb: “Həmin kitabda dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin, o cümlədən “The Vashington Post”, habelə digər qəzet və jurnalların materiallarının məqalələrindən istifadə etmişəm. Bildirmişəm ki, bu mətbu orqanlar Xocalı haqqında filan faktları yazıblar. Bir fotoqraf olaraq mən də bunları görmüşəm. Xocalı ilə bağlı yüzlərlə foto çəkmişəm. Onların hamısını albomda buraxdırmışam. Habelə veb saytıma yerləşdirmişəm. Parisdə “Vebistan” mətbuat orqanım fəaliyyət göstərir. Həmin agentlik vasitəsilə Xocalıda çəkdiyim fotoları dünyanın bütün aparıcı KİV orqanlarının, o cümlədən Fransanın, Britaniyanın, Avropanın digər ölkələrinin, eləcə də Amerikanın media qurumlarının rəhbərlərinə göndərdim. Onlara yazdım ki, Xocalıda baş verən hadisələrin təfərrüatları budur. Orada fotolar çəkəndə dəhşətləri gördüm və şəkillər çəkdim”.

Rza Deqati Xocalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işini yaxın vaxtlarda da davam etdirəcəyini dilə gətirdi: “May ayında Heydər Əliyev mərkəzində yeni sərgim keçiriləcək. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”.

BƏXTİYAR


Müəllif: