2 Mart 2015 03:00

Pekinin hava limanlarında sərnişin axını on milyonlarla nəfər təşkil edir və bu rəqəm durmadan artır. Çin paytaxtının hakimiyyət orqanları aeroportların həddən artıq yüklənməsi problemini həll etmək və getdikcə artan turist axını şəraitində sərnişinlərə komfort şərait yaratmaq məqsədilə yeni hava limanının ən yaxşı arxitektura layihəsi üçün müsabiqə elan ediblər.

Teleqraf.com computerra.ru saytına istinadla xəbər verir ki, belə bir aeroport üçün Zahi Hadid bürosunun (Zaha Hadid Architects) layihəsi seçilib. Dünyanın ən nəhəng terminalı olacaq və “Beijing new airoport terminal builing” adlanacaq yeni aeroport il ərzində 45 milyon sərnişinə xidmət edəcək.

Yeni hava limanı Pekinin mərkəzindən 46 kilometr cənubda yerləşən Dasin rayonunda inşa olunacaq. Kompleksin ümumi sahəsi 2680 min hektar təşkil edəcək. Aeroport sərnişinlərin rahatlığı üçün hər cür şəraiti olan doqquz ədəd uçuş-enmə zolağına malik olacaq.

Yeni obyektin tikintisinin 13 milyard dollara başa gəlməsi nəzərdə tutulur. Aeroportun tikintisi 2018-ci ildə başa çatacaq.


Müəllif: