17 Aprel 15:54

Aprelin 17-si Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin doğum günüdür.

Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib. 1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. 1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub. 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. “Qırmızı Əmək Bayrağı” ordeni və 2008-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. 2001-ci ildə Nyu York Elmlər Akademiyasının üzvü, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviridir.

Ramiz Mehdiyevin tərcümeyi-halı onun Azərbaycan ictimai-siyasi həyatında nə dərəcədə rola malik dövlət xadimi olduğunu göstərir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin bir sıra tanınmış deputatları Ramiz Mehdiyevin doğum günündə onun haqqında fikirlərini və təbriklərini Musavat.com-a açıqlamalarında ifadə ediblər.

Milli Məclisin deputatı Zahid Oruc Ramiz Mehdiyevi dərin dövlət adamı adlandırıb:

“Onun şəxsiyyətini xarakterizə edən keyfiyyətlər Şərq müdrikliyi ilə Qərb soyuqqanlılığının hörmətli Ramiz müəllimin siyasi dünyagörüşündə son dərəcə dəqiqliklə vəhdət təşkil etməsindədir. Bəlkə də isti iqlim qurşaqlarında və sovetlərdən sonrakı ictimai proseslərin yüksək hərarəti fonunda Azərbaycan hakimiyyətinin yuxarı eşelonlarında təmsil olunan insanlar hiss və emosiyaları ilə deyil, rasional qərarlardan kənarda sabit dövlət quruluşlarını formalaşdıra bilməzdilər. Oturuşmuş sistemlərdə və Avropanın çoxəsrlik tarixində siz fərqli mənzərələri görə bilərdiniz. Lakin Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı zamanı millətin önündə gedən insan sabit və dayanıqlı hökuməti formalaşdırana qədər ən yaxın komanda üzvlərini qeyri-ordinar miqyasda düşünmək və çalışmaq bacarığı əsasında seçməli olmuşdu. Bir tərəfdən də Azərbaycanın siyasi patriarxı Heydər Əliyevin Kremlin zirvəsindən gedəndən sonra mənsub olduğu ölkədə yaşanan xaos fonunda bir vaxtlar rəhbərlik etdiyi komanda üzvləri də zamanın özü kimi vəfasızlıq göstərmişdilər. Lakin Ramiz Mehdiyev əqidəsinə və siyasi ideallarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır. Məhz ona görə də Birinci Şəxsin ən yaxın silahdaşı və məsləkdaşı olub. İki fərqli formasiyanın ünlü simasına çevrilmək asan məsələ deyil. Lakin mürəkkəb hakimiyyət fenomenini dərindən bilmək və yüksək ideoloji-təşkilati səriştəyə malik olmaq Ramiz Mehdiyevə imkan verib ki, o, uğurla milli ideallara və mənsub olduğu kursa dönmədən xidmət eləsin. Məhz ona görə də Administarsiya rəhbərini yorulmazlıq simvolu, tükənməz enerji sahibi kimi də xarakterizə etmək olar. Vaxtilə 14-cü Lüdovik deyirdi ki, mənə “dövlət adamlar” lazımdır. Diqqət etdinizsə, ifadə bir qədər siyasi leksionumuzdakı “dövlət adamı” kəlməsinə oxşayır. Lakin bu zahiri bənzərlikdir. Əsil həqiqətdə isə fransız hökmdarı tamam ayrı xüsusiyyətləri özündə təcəssüm etdirən insanları nəzərdə tuturdu. Adamların mənəvi dünyasına nüfuz etməyi bacarmaq, ictimai ruhu və siyasi axınları bəsirət gözü ilə duymaq və mənafe savaşlarında hər zaman dövlətçilik maraqlarını uca tutmaq şəxsiyyəti tamam başqa bir varlığa çevirir. Dövlət qarşısında yüksək xidmətlərinə görə Ramiz Mehdiyev fransız hökmdarının nəzərdə tutduğu obraza tam uyğun gəlir. Aristokratlıq, dövlət ədəbi və ərkanı, liderinə sonsuz bağlılıq əyani dövlət dərsliyi hesab oluna bilər. Məhz ona görə də prezident İlham Əliyev ona yüksək qiymət verib, qədirbilənlik və etibar göstərib. Tərcümeyi-halı Azərbaycanın dövlət quruculuğuna qarışmış və fərdi ömür olmaqdan çıxmış bir insanı biz də ürəkdən təbrik edirik”.

Deputat Vahid Əhmədov da R.Mehdiyev haqda danışıb:

“Ramiz Mehdiyevi Azərbaycan SSRİ Mərkəzi Komitəsinin ideologiya üzrə katibi olduğu dövrdən tanıyıram. Ümumiyyətlə, Ramiz Mehdiyevin Azərbaycan siyasətində rolu çox böyükdür. Müstəqil Azərbaycanın həyatında Heydər Əliyevin dönəmindən indiyə qədər Ramiz müəllimin ölkə siyasətində rolu çox böyükdür. Mən açığını deyim ki, Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu hər yerdə deyirəm. Çünki idarəetmə mexanizmini, dövlət strukturlarını, siyasəti mükəmməl bilən yeganə şəxslərdən biridir. Ona görə ki, Ramiz Mehdiyev Heydər Əliyev məktəbini keçib. 79 yaş az yaş deyil, amma yaşa baxmayaraq bu gün çox yüksək səviyyədə, enerji ilə çalışır. Düzdür, indi gəncləri də vəzifələrə gətiririk, amma idarəçiliyi dərindən bilən köhnə kişilərin təcrübəsi dövlət idarə edilməsində önəmli məsələdir. Ramiz Mehdiyev kimi təcrübəli, dünya görmüş adamlara həmişə Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması üçün ehtiyac var. Mən hörmətli Ramiz Mehdiyevi doğum günü münasibətilə təbrik edirəm”.

Milli Məclisin bir başqa üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki, Ramiz Mehdiyev həm təcrübəli dövlət xadimi, həm də akademik elmi çalışmaları ilə tanınan, müəyyən dərəcədə dövlətin ideoloji kursunu müəyyənləşdirən konseptual əsərlərin müəllifi olan ictimai-siyasi xadimdir:

“Bu iki mühüm keyfiyyəti özündə birləşdirməyi Azərbaycan dövlətinin həm daxili, həm xarici siyasətinə ciddi təsir eləyən bir amildir.

Ramiz Mehdiyev bir dövlət xadimi kimi Azərbaycanı həm ideoloji platformada, həm də beynəlxalq arenada müəyyən fikirləri ilə təmsil edir. Hesab edirəm ki, Azərbaycanda bu keyfiyyətdə dövlət xadimlərinin olması vacibdir. Dövlət təkcə müəyyən idarəetmədən ibarət deyil. Dövlətin keyfiyyət göstəricisi həm də gələcəyin strategiyasının doğru müəyyən olunmasından keçir. Bu strategiyanın müəyyən olunmasında da Ramiz Mehdiyevin mühüm rolu var. Azərbaycan dövlətinin bu gün ayaqda durması, müəyyən dərəcədə beynəlxalq tanıtımı baxımından xüsusi rolu olan simalardan biridir. Doğum günü münasibətilə təbrik edirəm”.


Müəllif: