17 Aprel 2017 18:01
4 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəylinin bu ölkədə keçirilən referendumla bağlı təbrik ünvanlaması sosial şəbəkədə sərt tənqid edilib.

Onun feysbukda “Təşəkkürlər Türkiyəm! Bizi utandırmadığın üçün! Demokrasi üçün!” statusuna “Yaxşı ki, bu mövqeyinizi Elçibəy görmür” kimi şərhlər yazılıb.

Aqil Səmədbəyli Teleqraf.com-a Türkiyədəki referendumun nəticələrinin dövlət və cəmiyyətin həyatına təsirindən danışıb, yaxın əlaqələri olduğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) referendumdan sonra gözlənən taleyi, parçalanacağı barədə proqnozları şərh edib. Həmçinin öz unvanına səslənən sərt tənqidlərə cavab verib.

Aqil Səmədbəylinin fikrincə, Türkiyədəki referendumun Azərbaycanda yanlış təqdim olunması kampaniyası aparılır: “Bunun başında dayananları bir neçə yerə bölmək olar. Birinci cərgədə isə FETÖ komandası dayanır. Guya Konstitusiyaya dəyişikliklə Türkiyə anti-demokratik ölkəyə çevriləcək. Özünü demokrat sayan hər kəs seçkilərin nəticələrinə sayğı göstərməlidir”.

A.Səmədbəyli hesab edir ki, Türkiyədə nümunəvi demokratik yarış keçirilib: “Bu yarışın nəticəsində “hə” deyənlər az fərqlə qalib çıxdı. Türkiyədə diktatura olsaydı, əldəki güclə iqtidar partiyası ən azı 80% səs qazanardı. Ancaq bu səsvermə ilə türk xalqı eyni zamanda iqtidara da xəbərdarlıq etdi: nəfəsim boynundadır, hər addımını nəzarətdə saxlayacam, dedi. Səsvermədən sonra prezident və baş nazirin açıqlamalarında da bu mesaj vardı. Azərbaycandakı qardaşlarımız həddən artıq maksimalist davranır, Türkiyədən ifrat demokratik seçki tələb edirlər. Unutduqları bir şey var: bu gün Türkiyə daxildə və xaricdə savaş içindədir. Türkiyənin güclü olmasını istəməyən xarici qüvvələrin içəridəki uzantıları təmizlənir. Bu proses 15 iyul çevriliş cəhdindən sonra başlayıb. Əslində Rəcəb Tayyib Ərdoğan çox riskli işin altına girib. Bu şəbəkənin arxasında çox böyük güclər durur və şəbəkənin hələ cəmi 40%-i təmizlənib. Yerdə qalan hissəni də təmizləyə bilsə, Ərdoğan Türkiyə üçün misilsiz xidmət etmiş olacaq. Bizim avropalılardan daha çox “demokratlarımız” deyəcək ki, bu şəbəkənin güclənməsində Ərdoğanın ciddi rolu olub. Bəli, Ərdoğan bunu inkar etmir. Buna görə üzr də istədi, aldadıldığını açıqladı. İndi isə bu xəyanət şəbəkəsini təmizləməklə məşğuldur. Bu fəaliyyəti ilə cənab Rəcəb Tayyib Ərdoğan həm də sevgili liderim Elçibəyin də qisasını almış olur. Ona görə ki, Elçibəyin devrilməsində FETÖ-nün rolu "KQB"-nin rolundan heç də az deyil”.

O əlavə edib ki, bu referendum sistemi kökündən dəyişmək məqsədi daşımır: “Referendum çevik qəraralma mexanizmini formalaşdırmaq məqsədi daşıyır. Ona görə ki, Türkiyəyə qarşı Suriyada ciddi bir ordu formalaşdırılır. Qarşıda Türkiyə istəmədən böyük bir savaşın içində ola bilər. Hər dəqiqə çox önəmlidir. Gendən baxana döyüş asan gəlir. Türkiyə bu gün təkbaşına aslanlar kimi mübarizə aparır. Bütün bunları və açıqlanması hələlik mümkün olmayan bəzi həqiqətləri nəzərə alaraq, Türkiyədə keçirilən demokratik səsvermənin nəticəsini sayğı ilə qəbul edir, türk millətini bu seçki mədəniyyətinə görə təbrik edirəm”.

Aqil Səmədbəylinin sözlərinə görə, unudulmamalıdır ki, Rəcəb Tayyib Ərdoğan “hayır”cıların, ana müxalifət lideri Kamal Kılıçdaroğlu da “evet”çilərin çadırına getdi: "Bu da təqdirəlayiq addım idi, talehsiz açıqlamalar və hərəkətlər oldu. Kaş ki bu istisna olaylar heç olmayaydı. Ancaq bütün bunlar seçkinin nəticəsinə kütləvi təsir edən hadisələr deyildi. “Evet” nəticəsi Türkiyənin çevik şəkildə xəyanət şəbəkəsinə, eləcə də Türkiyənin bölünməsi üçün çalışan güclərə qarşı mübarizə baxımından faydalı olacaq”.

MHP-nin referendumla bağlı sərgilədiyi mövqeyə gəlincə, Aqil Səmədbəyli vurğulayıb ki, bu siyasi təşkilat Türkiyənin kilid və ölkə üçün qarşılıqsız çalışan partiyasıdır: "MHP-lilər üçün əsas olan partiya mənafeyi deyil. Əsas olan Türkiyənin mənafeyidir. Bu baxımdan MHP-dən kənar bir partiyanın yaranması və əski MHP-lilərin bir qisminin də yeni qurulacaq partiyada yer alması mümkündür. Lakin MHP Türkiyə siyasətində kilid rolunu qoruyub saxlayacaq. Türkiyənin mənafeyi nəyi tələb etsə, MHP də onu edəcək”.

Aqil Səmədbəylinin Türkiyədəki referendumla bağlı müsbət mesajını sərt tənqid edənlərə cavabı isə belə olub: “Elçibəy adı üzərindən mənə hücum edənlər bir az kitab oxusalar, yaxşı olar. Elçibəyin köməkçisinə “atıb” aradan çıxanlarınsa, bu şərəfli adı ağzına almağa haqqı yoxdur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan və ümumilikdə türk dünyası bir o qədər güclü olar, islam aləmi hüzur içində yaşayar”.


Müəllif: