18 Aprel 2017 13:24
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Konstitusiyaya dəyişikliyi nəzərdə tutan referendumun gedişi Azərbaycanda da diqqətlə izləndi.

Cəmiyyətin ayrı-ayrı kəsimləri “əvət” və “hayır” cəbhəsinə bölünərək öz arqumentlərini səsləndirir. Hər iki tərəfin ciddi arqumentləri də az deyil.

“Əvət” tərəfdarı jurnalist Taleh Şahsuvarlı və “hayır”ı dəstəkləyən şair Aqşin Yenisey öz mövqeyini Teleqraf.com-la bölüşüb.

Taleh Şahsuvarlının sözlərinə görə, referendum məsələsində “əvət” deyənlərin tərəfində idi: “Bu mövqeyim kimlərəsə qəribə görünə görünə bilər, çünki hər kəs bilir ki, qardaş ölkədə mən CHP-nin simpatizanıyam. CHP isə “hayır” kampaniyası aparırdı. Bəs niyə referendumda “əvət” səsini dəstəkləyirdim? O sadə səbəbə görə ki, Türkiyədə 16 aprel referendumuna qədər mövcud olan sistem artıq özünü doğrultmurdu. Bu sistemin hüquq və məhkəmə sistemi, müəyyən dərəcədə siyasi partiyaları, o cümlədən bürokratik aparatı və ordusu FETÖ terror təşkilatının əlinə keçib. 15 iyun hərbi çevriliş cəhdindən sonra FETÖ-ya qarşı Ərdoğan hakimiyyəti uğurlu təmizləmə əməliyyatı aparsa da, həmin hiyləgər birləşmədən Türkiyənin tam qurtulduğunu düşünmək sadəlövhlük olardı. Təsəvvür edin ki, həmin qüvvə hələ də AKP-nin, hətta MHP və CHP-nin içində mövcuddur. Digər yandan son parlament seçkilərində türk millətçilər kürd siyasi hərəkatından az səs toplayıb. Türkiyədə türklər uzaqbaşı 2-2, qeyri-türklər isə 10-10, 15-15 artır. Bu demoqrafik dəyişim Türkiyədə parlamentar sistemin dəyişməsini zəruri edir”.

“Parlament, yoxsa prezident sistemli respublika daha yaxşıdır” sualına gəlincə, Taleh Şahsuvarlı hesab edir ki, bu, nəticəsiz müzakirədir: “Ona qalanda Danimarkanın, Norveçin, Hollandiyanın, Böyük Britaniyanın və digər Qərb ölkələrinin təcrübəsi göstərir ki, heç Ana Yasalı monarxiya da pis, qeyri-demokratik rejim deyil. Hər şey xalqın keçdiyi yoldan, çatdığı ictimai şüur səviyyəsindən asılıdır.

Türkiyədə Ana Yasanın dəyişməsinə səs verənlərlə onun dəyişməməsinə səs verənlərin nisbəti bərabərdir. Təxminən iki faizlik fərq nisbidir. Məsələn, İzmirdə ötən seçimlərlə müqayisədə 500 mindən çox insan səsverməyə qatılmayıb. Qatılsaydı, “hayır” oyu daha çox olacaq, həmin fərq daha aşağı olacaq, bəlkə də sistem dəyişməyəcəkdi. Deməli, sosioloji baxımdan prezident üsul-idarəsinin tərəfdarları və əleyhdarları arasında nisbət aşağı-yuxarı eynidir. Bu onu göstərir ki, Türkiyədə əvvəlki rejim dəyişməyə məhkumdur, amma bu dəyişiklik daha fərqli formada gerçəkləşməlidir. Mən Kılıçdaroğlunun o sözü ilə razıyam ki, Ana Yasa toplumsal uzlaşma sənədidir, filosofların təbirincə desək, ictimai müqavilədir. İndiki nəticələr göstərir ki, yeni sistem ictimai müqavilənin nəticəsi deyil. Amma hüquq baxımdan artıq məsələ bitib”.

Jurnalist CHP-nin etirazlarının son nəticəyə təsir edəcəyini düşünmür: “Amma Ərdoğan hüquqi baxımdan qələbə qazansa da, siyasi və sosioloji baxımdan məğlub olub. Çünki bütün böyük şəhərləri uduzub. MHP ilə ittifaqa nəzərən, faktiki olaraq kürdlərdən daha çox dəstək alıb. Bu isə o deməkdir ki, referendum Türkiyə siyasətində dəngələri dəyişib. Siyasi baxımdan Ərdoğan MHP-dən, sosioloji baxımdan kürdlərdən asılı vəziyyətə düşüb. CHP isə inanılmaz bir ağırlıq qazanıb. Mənim müşahidə və təxminlərimə görə, 2019-cu ildə Türkiyə faktiki olaraq iki partiyalı sistemə keçəcək. İlk turda iki partiyanın namizədi önə çıxacaq və ikinci turda isə praktik olaraq ortaqlıq sövdələşmələri başlayacaq. Baxçalı təcrübəli siyasətçi olaraq o günün təməlini atdı. Onun mövqeyi də türk millətinin strateji hədəflərinə uyğundur. Dediyim kimi, Ərdoğanın və CHP-nin mövqeyi də strateji baxımdan doğrudur. Praktiki olaraq Ərdoğan uddu, amma CHP-nin səfərbər etdiyi seqmentlər ona “tək adam” olmağa imkan verməyəcək. Bütün seçim emosiyalarını kənara qoyub soyuq başla düşünəndə nəticə ibratamizdir: bu referendum və onun nəticələrindən türk milləti, Türkiyə xalqı, Türkiyə dövləti udub. Sözün açığı, mən Ərdoğanı türk “dərin dövləti”nin adamı sayıram və hesab edirəm ki, o indiki Putinli və Tramplı dünya üçün Türkiyənin strateji hədəfləri baxımından daha öncədən və çox uzaqgörənliklə seçilmiş fiqurdur. Sonda onu da deyim ki, növbəti seçimlər üçün Türkiyənin müqəddəratı bəlirləyən Sivas, Tokat, Kayseri, Yozqat kimi iç bölgələr olacaq. Böyük şəhərlərlə müqayisədə əhalisinin sayı az olsa da, türklük baxımından təmiz bölgələrdir. Bu isə çox vacib detaldır”.

"Hayır" deyənləri dəstəkləyən şair Aqşin Yenisey isə hesab edir ki, konstitusiyaya dəyişikliyi ideyası mövcud hakimiyyətin daxili problemlər qarşısında acizliyindən, arqumentsizliyindən doğmuşdu: “Ölkədə problemlərin müzakirələr yolu ilə həlli zamanı iqtidar partiyası əliyalın qalırdı. Ona görə də qısa və müzakirəsiz yol seçildi. İspaniyada, İngiltərədə müzakirələr yolu ilə həll olunan məsələlər Türkiyədə bir sərəncamla həll olunacaq. Ola bilsin ki, bu, daxili problemlərin müvəqqəti səngiməsinə gətirib çıxaracaq. Ancaq ümumi götürdükdə, parlamentar sistemin aradan qaldırılması, müzakirə mühitinin qapadılması hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əks düşüncələr üçün repressiyalara gətirib çıxaracaq. Bu gün dünyada ABŞ-dan və Fransadan başqa prezidentli ölkələrin heç biri hüquq dövləti deyil. ABŞ və Fransa isə ona görə istisnadır ki, hər iki dövlət dünyada mədəniyyət ixracatçısıdır. Elmi-texnoloji mədəniyyət ixracında ABŞ-ın, humanitar mədəniyyət ixracında isə Fransanın səviyyəsinə çata biləcək ikinci dövlət yoxdur. Yəni bu ölkələr istəsələr belə, anti-demokratik ola bilməzlər, ictimai şüur səviyyəsi o mərhələni çoxdan geridə qoyub. Amma bu gün istənilən müsəlman ölkəsində min dörd yüz il geriyə qayıtmaq üçün ayaqda olan dini-tarixi əsaslar mövcuddur. Bu dəyişiklikdən sonra yəqin ki, yaxın illərdən başlayaraq Türkiyədən intellektual axın güclənəcək. Çünki bu “əvət” həm də türk aydınlarına deyilmiş bir “hayır”dır”.

Nərgiz


Müəllif: