18 Aprel 21:25

“Referendumdan sonra Türkiyə cəmiyyətində ciddi təlatümlər yaşanmayacaq”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa aprelin 16-da türkiyədə Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla bağlı Teleqraf.com-un sualalrını cavablandırıb:

- Fazil bəy, Türkiyədəki referendum dövlət və cəmiyyətin həyatına necə təsir göstərəcək, nələr dəyişəcək?

- Əvvəla qeyd edim ki, Türkiyədə idarəetmə forması dəyişdi, prezidentli respublikaya keçid baş verdi. Prezidentli respublikada qərarların və səlahiyyətlərin böyük əksəriyyəti prezidentə verilir, parlamentin funksiyası isə qalır, qanunverici orqan kimi hökumətin formalaşmasında iştirak etmir, amma büdcəyə nəzarət edir. Referendumla Türkiyə Böyük Millət Məclisinin rolu bir az zəifləyəcək. Prezidentli respublikada prezidentliyə namizəd partiya tərəfindən irəli sürülür. Partiya namizədi kimi 50+1 səs alanda prezident seçilir. Əvvəllər Türkiyədə 25 faiz səs alan koalision formada baş nazir ola bilirdi, amma indi 50 faizdən aşağı səs qazanan adam Türkiyənin baş naziri ola bilmir. Bu da prinsipial məqamlardan biridir. Amma bu, bütövlükdə Türkiyə həyatında, ictimai-siyasi quruluşunda ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki Türkiyə oturuşmuş cəmiyyətdir və seçkilərin nəticəsi də göstərdi ki, cəmiyyət yarıya bölünüb, mütləq çoxluğun qazanılmış uğuru deyil. Ona görə də bunu nə qələbə, nə də məğlubiyyət kimi qiymətləndirmək olar. Cəmiyyət öz həyatının axarınca gedəcək. Mülkiyyət forması dəyişmədiyinə görə cəmiyyətdə ciddi təlatümlər də yaşanmayacaq. Hesab edirəm ki, bunu qələbə kimi şişirtməyin, nə də məğlubiyyət kimi kiçiltməyin bir adı var. Referendum adi hadisələrdən biridir və Türkiyənin problemləri olduğu kimi qalacaq. Xüsusilə bu referendumdan sonra Avropa ilə münasibətlərin yumşalması istiqamətində addımlar atılmasa, problemlər davam edəcək.

- Hakimiyyətin bir əldə cəmlənməsinin əks təsirinin olacağı ilə bağlı fikirlər səslənir. Türkiyədə diktatura yaranacağı kimi sərt ittihamlar da var. Bunu nə dərəcədə real saymaq olar?

- Bu, Türkiyə cəmiyyətində mümkün deyil, prezidenti xalq seçir. Seçki mexanizmi imkan verməz ki, hakimiyyət kiminsə əlində mütləq mənada cəmlənsin. Prezidentin səlahiyyəti çox olanda müəyyən müstəqil addımlar atmaq imkanı artıq olur. Amma cəmiyyət faktoru da diqqətdən qaçmamalıdır, parlament də kifayət qədər güclü qüvvə olur. Fransada kimsə diktatura yaratmaq imkanına sahib olmadığı kimi Türkiyə də belə imkana sahib deyil. Cəmiyyət darbələr, anti-demokratik təzyiqlər yaşayıb, belə bir tendensiya olarsa, onun qarşısını alma mexanizmləri birbaşa seçki və ya referendum yolu ilə müəyyən olunur. Ona görə də burada narahatlıq üçün əsas görmürəm.

- Türkiyədəki seçkilər həmişə şəffaflığı ilə bəzi ölkələrə nümunə çəkilib. Hətta müxalifətin özü belə heç zaman seçkiləri şübhə altına almayıb. Referendumla bağlı müxtəlif video və fotolar paylaşıldı, seçkidə saxtakarlıq olması iddiaları ortaya atıldı. Bunu mümkün hesab edirsiniz?

- Mümkündür. Ancaq bunun hüquqi əsaslanlandırmasına ehtiyac var. Dünyanın istənilən ölkəsində uduzan müxalifətin belə bir çağırışları normaldır. Amma ola bilsin ki, əllərində kifayət qədər hüquqi əsaslar var və bu əsaslarla belə hallarn olduğunu iddia edirlər. Bu, ortaya qoyula bilər. Türkiyə demokratik ölkədir, müvafiq qurumlar bunu araşdırıb lazım olarsa, seçkinin nəticələrinə təsir edən qərarlar qəbul edə bilər. Çünki Yüksək Seçim Qurulu prezidentə tabe deyil.

- Partiya sədri Dövlət Baxçalı başda olmaqla Milliyyətçi Hərəkat Partiyasının referendumla əlaqədar yanaşmasını necə qiymətləndirirsiniz?

- MHP-nin yanaşması partiya daxili problemlərlə əlaqələndirilməlidir. Çünki MHP başqanı Dövlət Baxçalının mövqeyi xeyli zəifləmişdi və AKP ilə ittifaq yaratması baş verməsəydi, partiya içində öz hakimiyyətini qoruma imkanını əldən verərdi. Ona görə də daha praqmatik seçim edərək AKP ilə bir cinahda yer aldı və AKP də başqalarına hansısa kənar təsirlər vasitəsilə MHP-də vəzifə dəyişikliyi məsələsinə dəstək vermədi. Bu da Baxçalının işinə yaradı və öz mövqeyini qoruyub saxladı. İqtidar partiyası müxalifətdə də özünə uyğun adam olmasına daha çox maraq göstərir və müxtəlif qeyri-rəsmi vasitələrlə buna təsir etmək imkanına sahibdir. MHP-də müxaliflərin mövqeyinin bu ərəfədə zəiflədilməsi və Baxçalının mövqeyinin gücləndirilməsi baş verdi. Referendum MHP tabanının Baxçalının tam mənada ardınca getmədiyini göstərdi. Çünki seçkidə ən azı 40 faiz AKP-nin səs potensialı vardı, bunun üzərinə kənar kəsimlərdən olan qüvvələri də əlavə etsək MHP-nin səsinə görə bu faiz 58-60 faizə qalxmalı idi. Amma səs faizinin 51 faizdə olması odur ki, MHP tabanı bu məsələdə Baxçalının mövqeyini tam şəkildə dəstəkləməyib. MHP-nin içində referendumun nəticələri böyük mübahisələr doğuracaq, doğru siyasət strategiyaları barədə dartışmaları gündəmə gətirəcək.

- Yeni partiya yaranacağı, siyasi spektrin dəyişəcəyi proqnozları var. Siz necə düşünürsünüz?

- Bu, inandırıcı deyil, Türkiyədə indiki şəraitdə yeni partiyanın yaranması hansısa perspektiv vəd eləmir. Gərək o dərəcədə geniş sosial sifariş olsun ki, bunu etsinlər. Elə bir sosial sifariş yoxdur. MHP də köklü partiyadır, Türkeş ənənəsi var, bu məsələlərin partiyanın öz içində çözüləcəyi ehtimalı daha böyükdür. Mən yeni partiyanın hansısa uğur gətirəcəyi düşüncəsində deyiləm, buna kiminsə təşəbbüs etməsi də səmərəsiz bir işdir.

- Bu fonda CHP-nin mövqeyinin daha güclənəcəyi barədə müxtəlif fikirlər irəli sürülür. Sizin proqnozlarınız nədən ibarətdir?

- Düşünmürəm ki, CHP-nin mövqeyi güclənəcək, çünki dəyişikliyin əleyhinə yığılan 48 faiz CHP tabanının verdiyi səs deyil. CHP uzaq başı 30 faiz civarında taban yaratma imkanına sahibdir. Daha çox layiq dövlətin təmsilçisi olmağa həssas yanaşan müəyyən qüvvə var ki, CHP-də deyil, tərəfsiz qüvvələrdir. Bir də hakimiyyətdən narazı olan kürd, PKK-ya bağlı elektorat bu məsələdə hakimiyyətin mövqeyinin əksinə getdi. Referendumda “hayır” deyən 48 faizin içində təkcə CHP deyildi, eyni zamanda HDP, kürd elektoratı və Ərdoğandan narazı qüvvələr, ABŞ-dan idarə olunan müəyyən qruplar da yer alıb.

- Böyük şəhərlərdə “hayır” deyənlərin səs faizi daha üstünlük təşkil elədi. Belə yanaşmalar var ki, artıq Ərdoğanın elektoratı şəhərlərdən regionlara, intellektual kəsimdən, savadı aşağı olan kəsimə keçib. Bu barədə Sizin fikirləriniz nədən ibarətdir?

- Belə təhlil aparmaq doğru deyil. Elektoral baza məsələsi daha çox parlament və ya prezident seçkilərində ciddi təşkildə təhlil edilir. Referendumda idarəetmə formasına münasibətdən söhbət gedir. Bir çox hallarda Ərdoğanı bəyənib idarəetmə formasını dəyişməyi istəməyən qüvvələr bu məsələdə müəyyən fəallıq göstərirlər. Fərdi seçimlə bunu qarışdırmaq olmaz. Çünki İstanbulda parlament seçkilərində elə adamlar namizəd ola bilər ki, onları böyük çoxluq fərqli şəkildə dəstəkləyə bilər. Referendumun nəticəsinə görə elektorat haqda təhlil vermək, hansısa partiyanın mövqeyinin güclü və ya zəif olduğunu göstərmək düzgün nəticələrə gətirib çıxarmaz.

Nərgiz Ehlamqızı