19 Aprel 2017 11:24
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Şimali Koreyaya hücum etsə, yüz minlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq...

“Nüvə dövlətlərindən hamı qorxur. Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı, Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etməsi ehtimalını azaldır”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarisinin hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı hesabat hazırlamağı tapşırıb. Hesabatdan çıxan nəticələr dəhşətli olur: “Məlum olur ki, əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüz minlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçilər böyük itkilər verəcəklər. Mənə elə gəlir ki, bu hesabatı indiki Prezident Donald Trampın da masasının üzərinə qoyublar”.

E.Şahinoğlunun sözlərinə görə, bir müddət öncə Azərbaycan rəsmiləri belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə atom elektrik stansiyasının tikintisi araşdırılmalıdır. O, qeyd edib ki, SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub: “Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi. Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var. "Nüvə" sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar. Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək, nüvə silahı barədə də danışmaq olar. Biz bilmirik, Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daim diqqətdə saxlamalıyıq və düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır”.

Səxavət


Müəllif: