19 Aprel 16:48

“Azərbaycan ictimaiyyətində belə fikirlər var ki, nazir Lavrov daha çox ermənipərəst siyasət aparır”

Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar, son zamanlar regionda keçirilən hərbi təlimlər, ABŞ və Rusiyanın vasitəçi kimi rolu və addımları barədə müsahibəni təqdim edir.

- Tofiq bəy, cəbhə xəttinin hər iki tərəfində ordular hərbi təlimlər keçir. Hazırda regiondakı hərbi-siyasi vəziyyəti necə dəyərləndirirsiz?
- Təmas xəttinin hər iki tərəfində təlimlər gedir. Bu onu göstərir ki, hadisələr hərbi istiqamətdə inkişafa daha yaxındır, nəinki münaqişənin diplomatik yolla həllinə. Sözsüz ki, bu problemdir. Həmsədrlərin passivliyi və mövqesizliyi ona gətirib çıxarıb ki, hərbi bəyanatlar təmas xəttinin hər iki tərəfindən səslənir.

- Danığıqlar prosesi barədə nə düşünürsünüz?
- Doğrusu, indi müşahidə edilən prosesi "danışıqlar" adlandırmaq çətindir. Məncə, prosesə münasibətdə “fikirlərin mübadiləsi” terminini işlətmək daha doğru olardı. Son dəfə terminlər üzrə fikir mübadiləsi davam etdirilib. Danışıqlar prosesi isə ayrı bir məsələdir. Əgər konkret hansısa sənəd varsa və orada bəndlər üzərində iş aparılırsa, deməli, bu danışıqlardır. 1998-ci ildən bu yana real danışıqlar yoxdur. Çünki ortada sənəd yoxdur. Bu da əslində həmsədrlərin passivliyinin dərəcəsini göstərir. Deməli, danışıqlar deyil, tezislər üzərində fikir mübadiləsi baş verib. Əslində, indi fikir mübadiləsi də dayanıb.

- Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyinin qeyd olunduğu tədbirdə nazir Sergey Lavrov, Dmitri Peskov iştirak edib. Həmçinin Ermənistan Prezidenti Serj Sərkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da yubiley tədbirinə qatılıb və “Artsaxın” şərəfinə tostlar deyilib. Bunu necə qiymətləndirirsiniz?
- Əvvəla, bu təmasları mənfi qiymətləndirirəm. Azərbaycan ictimaiyyətində belə fikirlər var ki, nazir Lavrov daha çox ermənipərəst siyasət aparır, nəinki Rusiyanın siyasətini. O da açıq-aşkar kim olduğunu göstərir və ermənipərəst siyasətçi olduğunu gizlətmir. Çox qəribə hal odur ki, Lavrov bu addımla Azərbaycan ictimaiyyətinə mesaj göndərir. Mesaj da ondan ibarətdir ki, bəli, mən beləyəm, belə edirəm və bundan sonra da belə edəcəyəm. Fikrimcə, Azərbaycan tərəfi belə mesaja layiqli cavab səsləndirməlidir. Hesab edirəm ki, Lavrov kimi vasitəçi, əslində, Qarabağ münaqişəsində vasitəçilik edə bilməz. Təbii ki, söhbət Rusiyanın rolundan getmir. Məncə, Rusiya bu məsələləri daha təcrübəli, hər iki tərəfin maraqlarını nəzərə ala bilən neytral bir adama tapşıra bilər. Nazir Lavrov isə ermənilərə açıq-aşkar öz simpatiyasını göstərir. Bu da bizim ictimaiyyətimiz üçün qəbuledilməzdir.

- Bir neçə gün əvvəl məlum oldu ki, ABŞ Ermənistana silahlar satıb. Konkret olaraq, gecəgörmə cihazları və digər bu xarakterli hərbi vasitələrdən artıq erməni hərbçilər istifadə edir. Məntiqlə ABŞ da həmsədr ölkələrdən biridir və Qarabağ məsələsində bitərəfliyini qorumalıdır...
- Bəli, bu da çox qəribə addım oldu. Amma bu addımın izahı çox sadədir. Qeyd edim ki, bu qərar Con Kerrinin vaxtında qəbul edilib. Yəni onun istəyi əsasında bu addımın başlanğıcı qoyulub. ABŞ Konqresində “Armeniya Koks” deyilən qrup var. Con Kerri də öz zamanında bu qurumun fəal iştirakçısı idi. Bu qrup da Konqresdə erməni lobbisinin özəyidir. Onun üzvləri Ermənistanın maraqlarını lobbi şəkilində daim müdafiə edirdilər. ABŞ-da Azərbaycana qarşı qəbul edilən addımlar da bu qurumdan qaynaqlanırdı. Məncə, məlum silah məsələsi də elə buradan qaynaqlanır. Ancaq mən düşünürəm ki, indiki mərhələdə Azərbaycan tərəfi buna aydınlıq gətirmək üçün məsələni qaldırmalıdır. Çünki Tramp administrasiyası və prezidentin özü əvvəlki hakimiyyətin xarici siyasətini ciddi tənqid edib. Bu baxımdan indi məsələnin gündəmə gətirilməsi Azərbaycan üçün faydalı ola bilər.

- Hazırda ABŞ-ın yeni administrasiyasının Dağlıq Qarabağ münaqişəsinə dair oturuşmuş mövqeyi varmı?
- Hesab edirəm ki, hələlik Tramp hökumətinin Dağlıq Qarabağla bağlı konkret mövqeyi yoxdur. Amma kontras ifadəsi var. Əvvəlki administrasiyanın addımlarının müxtəlif bölgələrdə hansı problemlər yaratması haqqında yeni administrasiya və şəxsən Prezident Trampın özü müəyyən şərhlər verir. Söhbət tənqidi ruhda olan şərhlərdən gedir. Məncə, Qarabağ münaqişəsinin həll edilməməsi bir növ keçmiş administrasiyanın xarici siyasətinin uğursuz nümunəsi kimi göstərilə bilər. Bu mənada bizim perspektivimiz çoxdur.

İkincisi, aydındır ki, ABŞ-dakı erməni lobbisi Trampa qarşı aktiv çıxış edirdi. İndi erməni lobbisinin siyasi mövqeləri zəifləyib. Bu məqamdan istifadə etmək də Azərbaycan üçün çox faydalı olardı.

CAVAD


Müəllif: