19 Aprel 2017 20:41
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın nüfuzunu daha da artıracaq

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən aparılan işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq.

Bu barədə Xarici İşlər Nazirliyini mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir.

Xəbərə görə, dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət göstərən və ənənəvi donor ölkələrini bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına xidmət edəcək.

Qeyd olunur ki, 1961-ci ildən Parisdə fəaliyyət göstərən, 35 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hökumətlərin birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır.

Qeyd edək ki, İnkişafa Yardım üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli töhfə verən digər ölkələr də təmsil olunur. Hazırda OECD/DAC iclaslarında qonaq statusunda təmsil olunan ölkələr sırasına Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası, Qazaxıstan və Cənubi Afrika Respublikası daxildir.

Səxavət


Müəllif: Səxavət HƏMİD