20 Aprel 16:53

Moskvanın eyforiyası başa çatır

Teleqraf.com Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun sabiq icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun Yaxın Şərqdə baş verən proseslər, ABŞ-ın yeni Suriya siyasəti və Koreya yarımadasında müşahidə olunan gərginliklə bağlı müsahibəsini təqdim edir.

- Fərda müəllim, Suriyada kimyəvi silahdan istifadədən sonra Yaxın Şərqdə baş verən hadisələr yenidən dünyanın əsas müzakirə mövzusuna çevrilib. Bir ərəbşünas olaraq bu regionda durumu necə qiymətləndirərsiniz?
- Konkret nəyin baş verdiyi, kimyəvi silahı kimin tətbiq etdiyi, kimin bu amildən istifadə edərək başqa məsələlərin həllinə çalışdığını müəyyən etmək sözsüz ki, xüsusi təhqiqat tələb edir. Yəni təhqiqat aparmadan bu məqamla bağlı ortaya tutarlı arqument qoymaq qeyri-mümkündür. Onu qeyd etmək olar ki, Suriyanın gələcək taleyinin həll edilməsində əsas oyunçuların imkan və təsir vasitələrinin bölüşdürülməsi prosesi gedir. Bununla bağlı oyunçular arasında ya qruplaşma, ya da razılaşma baxımından imkanlar axtarılır. Heç şübhəsiz ki, bu axtarışların nəticəsində hansısa qərarların əldə edilməsi üçün qarşılıqlı təsir vasitələrindən istifadə olunur. Ümumilikdə vəziyyət bundan ibarətdir. Amma əsas məqam Rusiya-Amerika təsir bölgüsünün paylaşdırılması məsələsidir.

- Kimyəvi silah tətbiqindən sonra Amerika və Rusiyanın fərqli mövqelərdə olduğu bir daha ortaya çıxdı. Bu ölkələr Yaxın Şərqdə aşıq şəkildə üz-üzə gələ bilərmi?
- Doğrusu, mən belə düşünmürəm. Açıq qarşı-qarşıya gəlmək o deməkdir ki, Yaxın Şərqdə olan ABŞ və rus əsgərləri bir-birinə qarşı silah qaldırsın. Mən bunun baş verəcəyini əsla zənn etmirəm. Mümkündür ki, hansısa bir hadisə baş versin. Məsələn, Türkiyə ötən il rus qırıcısını vurub yerə salmışdı. Bax, bu kimi hallar Suriyada baş verə bilər. Amma zənn etmirəm ki, bu kimi hadisələrin davamı olaraq daha geniş miqyaslı hərbi toqquşmalar baş versin. Ancaq indi çoxları hesab edir ki, məhz iki nəhəng dövlətin Yaxın Şərqdə açıq formada üz-üzə gəlmə təhlükəsi var. Niyə bu təhlükə var? İstər-istəməz biz görürük ki, Amerikanın məhdud sayda olsa da, Minbic şəhərində hərbi kontingenti yerləşdirib. Bu həm də Suriyada Amerikanın olmasından xəbər verir. Üstəlik ABŞ-ın Suriya hakimiyyətinə məxsus hava bazasına raketlə zərbələr endirməsi də bu arqumentləri gücləndirir. Ancaq bildiyiniz kimi, Suriyada Rusiyanın da kifayət qədər hərbi mövcudluğu var. Əlbəttə, qarşıdurmanın ola biləcəyi istisna edilmir. Qarşılıqlı təsirlərin davamı olaraq belə hallar ola bilər. Fikrimcə, bu kimi arzuedilməz proseslər yaşandıqda diplomatlar yenidən işə qoşula, bu hadisələrin “texniki səhv” və digər məqamlardan doğduğu ortaya çıxar. Sonda yeni razılaşmalar əldə edilə və ya mövqelərin qarşılıqlı razılaşdırılması prosesi başlaya bilər. Bu baxımdan hesab edirəm ki, qarşıdurma mümkün deyil. Eyni zamanda bir daha vurğulamaq istərdim ki, hazırda Suriyanın taleyinin həlli edilməsində Rusiya və Amerikanın yeni təsir zonaları bölgüsü aparılır.

- Donald Tramp prezident seçildikdə elan etdi ki, Amerika heç bir ölkənin daxili işlərinə müdaxilə etməyəcək. Hətta bildirdi ki, Suriya problemini suriyalılar həll etməlidir. Amma bir müddət sonra bu vədlərin əksini gördük, Pentaqon Bəşər Əsədin aviabazasına zərbə endirdi. Bu, Tramp hökumətinin xarici siyasətində dəyişikliyin simptomudur?
- Əgər xatırlayırsınızsa Donald Tramp seçiləndə demişdim ki, o, seçki zamanı elan etdiyi proqramla ictimai rəy arasında uyğunluq axtarmalıdır. Fikrimcə, indi bu siyasət baş verməkdədir. Gördünüz ki, prezident Trampın miqrasiya ilə bağlı təşəbbüsləri ictimai rəy, ABŞ siyasətinin icrasında təsirli olan orqanlar arasında qarşıdurmaya səbəb oldu. Beləliklə, optimal və praqmatik siyasətin olması üçün qarşılıqlı təsirlər prosesi getdi. Eyni zamanda ABŞ-ın yeritdiyi xarisi siyasətin kifayət qədər əsaslı və strategiyaya arxalandığını görürük. Söhbət konkret plandan deyil, siyasət prinsiplərindən gedir. Bu prinsiplərin qurulmasında biz Amerika siyasətinə təsiri olan mütəxəssislərin rəyinin nəzərə alınmasını müşahidə edirik.İkincisi, Tramp prezident seçildikdən sonra böyük problemlərdən biri də Rusiya ilə bağlı idi. İlk təəssürat belə idi ki, Tramp sanki Rusiyanın arzuladığı bir prezident idi. Şübhəsiz ki, bu məqam Trampa nüfuz gətirmirdi. O özü də bu rəyi qəbul edə bilməzdi. Sonrakı mərhələdə prezident Tramp özünün qəti siyasətini göstərdi. Beynəlxalq siyasətdə və həssas nöqtələrdə xeyli qətiyyətli addımlar atdı ki, bu həm onun müstəqil düşüncəli siyasətçi olmasından, eyni zamanda ABŞ-ın maraqlarını ümdə məqsəd kimi qəbul etdiyindən xəbər verir.

- Çoxları hesab edirdi ki, Trampın prezidentliyi dövründə Vaşinqton-Moskva münasibətləri qaydaya düşəcək və istiləşəcək. Siz demək istəyirsiniz ki, Trampın beynəlxalq siyasətdə və həssas məsələlərdə atdığı qətiyyətli addımlar Moskva-Vaşinqton münasibətlərinin istiləşməsi üzərindən xətt çəkdi?
- Məsələyə iki tərəfdən baxmaq lazımdır. Qəti addımların atılması Rusiya rəhbərliyi üçün müəyyən mesajlar deməkdir. O mənada kı indiyə qədər qeyri-müəyyənlik şəraitində icra edilən Amerika siyasətinin indi daha qətiyyətli olması Moskva siyasətçilərinə təsir göstərdi. Bəlkə də ABŞ-Rusiya danışıqlarının intensivləşməsini, mövqelərin yeni gerçəklik şəraitində yaxınlaşmasını da müşahidə edəcəyik. Mənim düşüncəmə görə, indiyə qədər Rusiya siyasətində mövcud olan eyforya başa çatmaq üzrədir. Yeni reallıqlar var və bu çərçivədə yeni yaxınlaşmalar, siyasi məsələlərin həlli mümkün ola bilər.

- Prezident Trampın beynəlxalq siyasətdə həssas yanaşdığı məsələlərdən biri də Şimali Koreya ilə bağlıdır. Hazırda ABŞ Hərbi Dəniz Donanmasının əsas zərbə qrupu məhz Koreya yarımadasına cəmləşdirilir. Koreya yarımadasında indiki durum hansı nəticələr yarada bilər?
- Burada ən çətin sual Şimali Koreya rəhbərliyinin öz siyasətini necə quracğıdır? Doğrusu, bu istiqamətdə təsəvvürlərim çox azdır. Birinci növbədə nüvə qarşıdurmasını istisna etmək istərdim. Amma Amerikanın atdığı addımlar müəyyən qədər anlaşılır. Sözsüz ki, ABŞ-ın bu bölgədə aktiv siyasət aparması bir çox problemlərin həllinə səbəb ola bilər. Hələlik görünən odur ki, ABŞ qətiyyətli addımlar atır və dünyanın böyük güclərindən olan Çini də bu məsələdə aktiv olmağa dəvət edir. Daha dəqiqi, Çinin Amerika siyasətinin vacib bildiyi məsələlərdə iştirakçılığını artırmaq cəhdi müşahidə olunur.

- Dünya Koreya yarımadasında yaranan vəziyyətdən narahatdır. Səbəb odur ki, dünyada nüvə qarşıdurması baş verə bilər. Amma Rusiya özünü bu gərgin durumdan bixəbər kimi aparır. Sizcə, niyə?
- Ruslar əslində müəyyən narahatçılıqlarını bildiriblər. Üstəlik Koreya Rusiyaya yaxın ölkədir. Ancaq ruslar üçün daha çox əhəmiyyətli məsələ Yaxın Şərqdə baş verənlərdir. Suriya danışıqlarında Şimali Koreya məsələsi Rusiyanın əlində kart ola bilər. Hələlik bu məsələdə ruslar aktiv mövqe tutmamaqla sanki onu ehtiyatda saxlayırlar. Mən düşünmürəm ki, Şimali Koreyanın nüvə potensialına qarşılıq olaraq Rusiya hansısa təsir balansını yaratmaq üçün addımlar atacaq. Ancaq bu ehtimal Suriya danışıqlarına əlavə təsir göstərmək üçün amil ola bilər.

CAVAD


Müəllif: