20 Aprel 18:35

Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İqtisadi İnkişaf naziri Karlo Kalenda ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

E.Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin strateji xarakter daşıdığını bildirib. Nazir İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb və iki ölkə arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

K.Kalenda Azərbaycanı ölkəsi üçün önəmli iqtisadi tərəfdaş adlandırıb. İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu əməkdaşlığın qeyri-neft sektorlarında da davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.

Görüşdə Cənub Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib, çoxsaylı italyan şirkətlərinin bu layihənin icrası çərçivəsində çoxmilyarlıq müqavilələr əldə etməsi vurğulanıb.

Səxavət


Müəllif: